NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Akademik Zərifə Əliyeva irsi: elmin, mənəviyyatın və dövlətçilik düşüncəsinin vəhdəti

...

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür. Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində  ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmış, gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı.

Elmi araşdırmalar nəticəsində Zərifə xanım  Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb bu gün də öz mövqeyini və əhəmiyyətini itirməyən sahələrdən biri olaraq qalır. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır.

Onun həyat və fəaliyyət yolu yalnız tibbi elmin nailiyyətləri ilə məhdudlaşmır, eyni zamanda yüksək mənəvi dəyərlərin, vətəndaş məsuliyyətinin və dövlətçilik ənənələrinin parlaq nümunəsi kimi çıxış edir. Zərifə Əliyeva oftalmologiya sahəsində qazandığı uğurlarla Azərbaycan tibb elmini beynəlxalq səviyyədə tanıtmış, bu sahədə mühüm elmi məktəbin əsasını qoymuşdur. Onun elmi fəaliyyəti praktik səhiyyə ilə sıx bağlı olmuş, insan sağlamlığının qorunması istiqamətində apardığı araşdırmalar ölkəmizdə bu sahənin inkişafına ciddi təkan vermişdir. 

Eyni zamanda Zərifə xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyət həyatındakı rolu daha dolğun və əhatəli şəkildə təcəssüm edir. O həm alim, həm ziyalı, həm də vətəndaş kimi üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmiş, qadınların elmdə və ictimai həyatda fəallığının artırılması baxımından örnək olmuşdur. Bu gün ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların müxtəlif sahələrdə irəli çəkilməsi istiqamətində həyata keçirilən siyasət də məhz belə tarixi şəxsiyyətlərin irsindən qaynaqlanır.

Akademik Zərifə Əliyevanın həyat yolu göstərir ki, milli dəyərlərə sadiqlik və müasir elmi yanaşma bir-birini tamamlayan əsas amillərdir. O öz fəaliyyəti ilə sübut etmişdir ki, elmi tərəqqi yalnız texnoloji inkişafla deyil, eyni zamanda mənəvi kamilliklə müşayiət olunmalıdır. Bu yanaşma isə müasir Azərbaycan dövlətinin inkişaf strategiyasında da öz əksini tapır.

Bu gün ölkəmizdə insan kapitalının inkişafı, elmin və təhsilin prioritet istiqamət kimi müəyyən edilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi Zərifə xanım Əliyeva kimi görkəmli ziyalıların ideyalarının davamı kimi qiymətləndirilə bilər. Onun irsi təkcə elmi nailiyyətlər toplusu deyil, həm də milli düşüncənin, yüksək əxlaqi dəyərlərin və ictimai məsuliyyətin formalaşmasında mühüm mənbədir.

Akademik Zərifə Əliyevanın zəngin elmi və onun həyat yolu bir daha təsdiq edir ki, xalqa və dövlətə sədaqətlə xidmət edən şəxsiyyətlər zaman keçdikcə daha da ucalır və əbədiləşir. İllər bir-birini əvəz etsə də, əbədiyaşar alimin əziz xatirəsi daim ehtiramla yad edilir, işıqlı və nurlu əməlləri bu gün də minnətdarlıqla xatırlanır. Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın, gözlərinə nur verdiyi insanların yaddaşında  şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır.

                                                 Pərvin NƏCƏFSOY

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 14.04.2026 17:53