NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

...

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının artırılması məqsədilə “Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”nda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.

Müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, təqdim etdikləri məkan isə təhlükəsizlik və sanitariya-gigiyena normalarına cavab verməlidir.

Təlim qruplarında 4-8 nəfər uşaq iştirak edəcək. Qrupların fəaliyyəti həftədə 4 gün, gündə 2-2,5 saat olmaqla təşkil ediləcək. Tədris prosesi oyunəsaslı və məktəbəhazırlıq yönümündə aparılacaq. Qrupların fəaliyyəti mentor və metodistlər tərəfindən mütəmadi dəstəklənəcək və monitorinq olunacaq.

Qeyd edək ki, qeydiyyat üçün son tarix sentyabrın 23-dür. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etmək istəyən şəxslər linkdə qeydiyyatdan keçə bilərlər.

Nəşr edilib : 18.09.2026 18:55