NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Ağ günləri geri dönür Ağdamın

...

Zəfərin səsini eşidirdik

Ömrümün 4 ilini Ağdam rayonunun cəbhə bölgəsində yerləşən kəndlərində keçirmişəm. Orada tanımışam Ağdamın qoçaq, vətənpərvər, məğrur insanlarını. Və onlarla bərabər hər səhər səngərin o tayında, Ağdam şəhərində, Qarakənd qəsəbəsində dinamit döşənib partladılan hündürmərtəbəli binaların, vandalizmə məruz qalan tarixi abidələrin göyə sovrulan dumanını ürəkağrısı ilə izləmişəm. Yandırılan torpaqlarımızın yüksələn alovunu görmüşəm. Dağıdılan abidələrin, yandırılan torpaqların dumanı illərlə dilə gəldi. Bir vaxtlar “Qafqazın qapısı” adlandırılan Ağdam ermənilərin vandallığı ucbatından Qafqazın Xirosimasına döndü. Uzun illər öz Vətənindən öz yurduna həsrətlə, ürək yanğısı ilə baxdılar ağdamlılar. Bu isə damarında azərbaycanlı qanı axan hər kəsin ürəyində qəzəb, intiqam atəşini alovlandırırdı. Səngərdə dayanan hər bir hərbçi isə hər an bu həsrətə son qoymağa hazır idi. Öz doğma torpaqlarından zorla çıxarılanlar bilirdilər ki, məqam gözləyir Azərbaycan əsgəri Aprel döyüşlərində olduğu kimi. Cəmi dörd gün ərzində düşmənin illərlə qurduğu istehkamları yarıb Lələtəpə və Talış yüksəkliklərini, Naxçıvan istiqamətində bir gecədə 11 min hektar ərazini azad edən ordumuzun hər bir əsgəri yeri gələndə Səməd bəy Mehmandarov, yeri gələndə Polad Həşimov, yeri gələndə Mübariz İbrahimovdur. 
Hər bir ağdamlı yaxşı bilirdi ki, Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcək, gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı bu yerlərdə də dalğalanacaq. Silahı dosta kölgə, düşmənə ölüm gətirən ordumuz xalqımıza tarixin ən şanlı Zəfər gününü tezliklə yaşadacaq. Və 2020-ci il sentyabr ayının 27-də, bütün cəbhəboyu əks-hücum əmri veriləndə ürəyi doğulduğu yurd yerinin həsrəti ilə yanan ağdamlıların da ümid dolu baxışları yollara dikildi. Döyüş gedən ünvanlardan gələn qələbə xəbərləri ilə sevinib Ağdamın da işğaldan azad ediləcəyi günü gözlədilər. 44 gün Azərbaycan əsgəri döyüş meydanında şanlı zəfər tarixi yazıb, cənnət Qarabağı düşməndən azad etdi. Döyüş meydanında düşməni diz çökdürdü. Azərbaycan əsgərinin igidliyi qarşısında sınan düşmən 10 noyabrda təslim aktını imzaladı. Döyüş meydanındakı qalibiyyət siyasi masada da qələbəyə çevrildi. Nəticədə, Ağdam, Kəlbəcər, Laçın bir güllə belə atılmadan azad edildi. 20 noyabr 2020-ci il Azərbaycan tarixinə Ağdamın ağ günlərinə qayıdış günü kimi düşdü. 
Bu zəfər Azərbaycanın ən böyük diplomatik qələbəsi oldu. Şəhər işğaldan azad ediləndən sonra buraya səfər edən ölkə başçısı şəhərin mərkəzində bayrağımızı ucaltdı. Düşmənin xarabaya çevirdiyi Cümə məscidinə ayaqyalın girib 44 günlük Vətən müharibəsində düşmənə dəstək verən bəzi ölkələrə dərs verdi: “Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq”. Həmin gündən bu yana Ağdam şəhəri və ətraf kəndlərdə yerinə qoyulan hər daş Böyük Qayıdışın təməlini bərkidir. Bu torpağın hər qarışı çiçək açıb öz doğmalarını qucaqlamağa can atır.
Müzəffər Ali Baş Komandan düşmənin xarabaya çevirdiyi Ağdamdan mesajlar verib “dəmir yumruğ”un həmişə yerində olduğunu bildirdiyi ilk səfərdən bu günə kimi Ağdam quruculuq meydanına çevrilib. Artıq şəhərdə göylərə yüksələn torpaq uçulan yox, qurulan Ağdamın ətrini aləmə yayır. Yaxın kəndlərdən öz doğma şəhərini izləyən ağdamlılar bu zəfəri bizə bəxş edən oğulların ruhuna dualar edir. Cümə məscidinə qayıdıb yerinə qoyulan daş parçası bir xalqın torpağından qoparılan hər parça daşa necə sahib çıxdığını göstərir. 

Yenidən Qafqazın cənnəti olan şəhər

Vaxtilə vandal ermənilərin ruhlar şəhərinə döndərdiyi Ağdamın hər qarışı minalardan təmizlənib quruculuq meydanına çevrilir. Böyük Qayıdış proqramına əsasən 2026-cı ilədək Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün beş yaşayış məhəlləsi və rayonda 12 kənd tikiləcək. Artıq şəhərdə Ağdam Konfrans Mərkəzi istifadəyə verilib, 1 nömrəli tam orta məktəbin, ilk yaşayış məhəlləsinin, “Agdam Residence” yaşayış kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, Ağdam Muğam Mərkəzinin, “Park Qarabağ” yaşayış kompleksinin tikintisi həyata keçirilib. Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işləri yekunlaşıb. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə sənaye parkı yaradılır. Ağdam Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. Ağdam şəhərinin layihələndirmə və tikinti işlərinə şəhər mərkəzini formalaşdıran tarixi ünvandan başlanılmışdır. Cümə məscidi, Pənahəli xanın imarətinin bərpası yüksək peşəkarlıqla həyata keçirildi. Ulu Öndərin arzularını müzəffər Ordu və Heydər Əliyev Fondu yerinə yetirdi. Fondun dəstəyi ilə tarixi yerlər əvvəlki görkəminə qaytarıldı. Ağdam şəhərinin birinci yaşayış məhəlləsində 1139 mənzilin tikintisi və 4977 nəfərin köçürülməsi planlaşdırılır. İkinci yaşayış məhəlləsində 1261 mənzil tikiləcək və 5510 nəfər köçürüləcək. Zəfər Muzeyi və Açıq Hava altında İşğal Muzeyi isə tariximizin canlı şahidləri olacaq. Ağdamda əhalinin sosial həyatını təmin etmək məqsədilə 300 hektar ərazisi olan Meşə Parkının və Ağdam Mərkəzi Parkının salınması prioritet məqsədlərdəndir. Qarabağ iqtisadi rayonunun “yaşıl enerji zonası” elan olunması ilə əlaqədar Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması qərara alınıb.

Qarabağ atları öz yurduna qayıdır

ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə olan Ağdam Atçılıq Zavodu da erməni təcavüzünə məruz qaldı. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genofondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşadı. Ağdam Atçılıq Zavodu 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərməyə başladı.
Deyirlər ki, torpaq həsrətini təkcə insanlar çəkmir. Bu həsrət elə dərin bir duyğudur ki, bitki də, heyvanlar da öz yurdundan uzaq qalanda həsrət çəkir ürəyi. Dilsiz-ağızsız Qarabağ atları da Ağdam işğal olunandan bəri yurd həsrəti çəkirdi. Vətənimizin cənnət guşəsi Qarabağ azad ediləndə, bəlkə də, Qarabağ atı da duydu öz yurduna qayıdacağı günün gəldiyini. O da həsrətlə gözləmişdi axı doğma Ağdamına qayıdacağı günü. Və həmin gün gələndə Qarabağ atı Ağdamda doğulduğu torpaqda şahə qalxdı. 
Və bu gün dirçələn, gözəlləşən Ağdam öz doğma sakinlərini qarşılamağa hazırlaşır. Cümə məscidindən yüksələn azan səsi insanları öz yurduna çağırır. Cənnətə dönən Ağdamın azad səmasında pərvaz edən şəhid ruhları şad olur. 28 il köksünü ikiyə bölən səngərlər igid oğulların canı ilə aşılıb artıq. Ağdamın hər tərəfində dalğalanan üçrəngli bayraq gələcək gözəl günləri müjdələyir. Ağ günləri geri dönür Ağdamın. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 20.11.2024 00:10