NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Ağ Aşıq Allahverdi (Kosacanlı) kimdir?

...

Aşıq xalqın səsini, sözünü öz poetik dünyası ilə ifadə etmək xüsusiyyətinə malik olan el sənətkarıdır. Öz fəaliyyətini Naxçıvan torpağı ilə bağlayan Ağ Aşıq Allahverdi də onlardan biri olub. Bu el sənətkarının harada anadan olması haqqında müxtəlif və qarışıq fikirlər mövcuddur. Alim Yusif Səfərov “Naxçıvan aşıqları və el şairləri” adlı kitabında aşığın Naxçıvanda anadan olduğunu deyir: “Kosacanlı Ağ Aşıq Allahverdi, təxminən, 1754-cü ildə Şərur mahalının Kosacan kəndində məşhur şeyx nəslindən olmuş Qara Osmanoğlumun ailəsində anadan olmuşdur. Deyilənlərə görə, Qara Osmanoğlunun atası Cənubi Azərbaycanın Mərənd bölgəsindən Kosacan kəndinə gəlmişdir”. Alim Əsgər Qədimov isə müxtəlif mənbələri araşdıraraq  qənaətə gəldiyi faktları oxuculara çatdırır: “Aşıq Alının ustadı kimi tanınan Aşıq Allahverdi haqqında “Görkəmli el sənətkarı Aşıq Alının anadan olmasının 180 illiyini təntənə ilə qeyd etmək haqqında” verilmiş qərardan sonra Hüseyn Arifin, Nazilə Məmmədovanın və folklorşünas Mürsəl Həkimovun məqalələri dərc olundu. Bu məqalələrin bir qismində Aşıq Allahverdi haqqında dolaşıq fikirlər irəli sürülmüş, Göyçəli Aşıq Allahverdi ilə Şərurun Kosacan kəndindən olan Aşıq Allahverdi qarışdırılmışdır. Buna hər iki aşığın adının Allahverdi və təxəllüsünün “Ağ Aşıq” olması səbəb olmuşdur”. Allahverdinin təxəllüsünün “Ağ Aşıq” olması onun üz rənginin çox ağ olması ilə bağlıdır. Bu təxəllüslə bağlı Təranə  Vahid öz məqaləsində belə qeyd edir: “Folklorşünas alimlərin tədqiqatlarına görə, Ağ Aşığın babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşidi olmuş, müridləri ilə quzeydən – çox güman ki, Qazax-Şəmşəddil, yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində məskunlaşmışdı. Şeyx Osman və onun oğlu Qara Osmanoğlu aşıq olmasalar da, gözəl saz çalıb oxuyarmışlar. Ancaq onların aşıqlığı təkkə mərasimi çevrəsindən kənara çıxmazmış”.

Lakin bütün bu fikirlərə öz ehtiramımızı qoruyaraq, belə qənaətə gəlirik ki, folklor ezamiyyətləri zamanı əldə etdiyimiz məlumatlara əsasən Ağ Aşıq Allahverdi Qərbi Azərbaycanda dünyaya gəlmiş, lakin sonrakı taleyi qədim Naxçıvan torpağı ilə bağlanmışdır.

Aşığa öz atası ustadlıq etmişdir. Aşıq özü isə Aşıq Alının ustadı olmuş, ona aşıqlığın bütün sirlərini öyrətmişdir. Ustadın bir çox şeirləri, digər aşıqlarla deyişmələri, həmçinin “Ağ Aşıq-Süsənbər” dastanı dövrümüzə gəlib çatmış, öyrənilmişdir. Kosacanlı Ağ Aşıq 1860-cı ildə Göyçə mahalının Şəfəq kəndində dünyasını dəyişmişdir.

 Ağ Aşıq yaradıcılığı özünəməxsus xüsusiyyətləri ilə seçilir. Onun bayatı, gəraylı, qoşma, ustadnamə, təcnis və deyişmələri vardır. Bu şeirlərdə Vətən həsrəti, yurd gözəllikləri, məhəbbət, igidlik, mərdlik kimi hisslər tərənnüm olunur. Aşıq bayatılarından birində deyir:

 Aşıq deyər nə qaldı,

Bu nə qayda, nə qaldı?

 Mərd-iyiddən şan-şöhrət,

 Bəs namərddən nə qaldı?

Bu bayatıda aşıq mərd insanla namərd insan arasındakı keyfiyyətləri təhlil edir. Aşığa görə mərd insan hər zaman digərlərindən öndə olur, o hər bir işi cəsarətlə yerinə yetirir və alqışlanır. Namərd insana isə xalq həmişə ikrahla baxır. Aşıq digər bir bayatısında isə Vətən həsrətini, bu həsrətin onda buraxdığı dərin izləri ifadə edir:

 Əzizinəm, ələndi,

Günüm-gündən ələndi,

Vətən deyib qocaldım

Ömür-günüm ələndi.

Ağ Aşıq ustadnamələrində, əsasən, nadanlar haqqındakı mənfi fikirlərini ifadə etmişdir. “Nə bilər?”, “Çətindi”  kimi ustadnamələr bu qəbildəndir və ustadnamələrdə atalar sözlərindən geniş istifadə olunur:

Axtarsan da yerin yeddi qatını,

Hər kəs göstərəcək öz isbatını,

 Namərdə bağışla köhlən atını,

  Ya yolunda sən zəhər iç, nə bilər?

“Nə bilər?” adlı  ustadnamədə bir damlanın qiymətini bilməyənlər üçün bütün dəryanı izah etməyin də bir mənası olmadığını göstərir. Kosacanlının yaradıcılığında naxələflik, nadanlıq kimi mənfi keyfiyyətlərin tənqidi Dədə Ələsgərin, eləcə də digər ustad-yaradıcı aşıqların yaradıcılığından qaynaqlanır.

Ozan aşıq ədəbiyyatı qaydalarına uyğun olaraq möhürbənddə öz adını qeyd edir. “Çətindi” adlı ustadnaməyə diqqət edək:

Allahverdi, işin yox fitnə-felnən,

 İnsanı qarşıla şirin dilinən,

Ayrılma yoldaşnan, bir ol elinən,

El olmasa, tək ucalmaq çətindi.

Bu şeirdə isə aşıq özünə nəsihət ünvanlayır, xalqından, elindən uzaqlaşmağı özünə rəva bilmir. O bilir ki, eldən, dostdan uzaq olmaq, tək qalmaq insanı uçuruma aparır, tək insan zirvələrə qalxsa belə, bir gün yıxılmağa məcburdur.

Aşıq qoşmalarında sevgi-məhəbbət motivli şeirlər də çoxdur. “Məni” adlı qoşmada sevdiyi yarının dərdi bir od tək aşığı yandırmış, qürbətdə düşdüyü bu eşq onu dərdlərə düçar etmişdir:

Ağ Aşıq həsrətdi biçarə yara,

Görəsən olarmı dərdimə çara?

Müddətdir düşmüşəm qürbət diyara,

Fələk saldı qərib ellərə məni.

Aşığın bəzi şeirləri bədbin ruhda yazılmışdır. Belə şeirlərdən biri də “Bilmirəm” adlı qoşmasıdır. Qoşmada aşıq dərdinin çox olmasından gileylənir. Məcazi mənada ifadələrdən istifadə edən aşıq “Zəhrimara döndü ağzımda balım deyərək” çəkdiyi əziyyətlərdən rahat yaşaya bilmədiyini göstərir. Qolu-qanadı sınan aşıq əlini dünyəvi ləzzətlərdən üzür.

Aşığın deyişmələri də günümüzə gəlib çatıb. Bu deyişmələrdən biri şagirdi Aşıq Alı ilə olmuşdur. Bacısı Ümmülbanu və Keşişoğlu ilə deyişmələri də xalq arasında məşhurdur. Bu deyişmələrdə aşıq sözünün nə qədər qüdrətli olduğunu sübut etmişdir.

Kosacanlı Ağ Aşığın yaradıcılığı mövzu rəngarəngliyi, qafiyə quruluşu baxımından zəngindir. Bu yaradıcılıq nümunələri aşıq ədəbiyyatı üçün dəyərli örnəklərdir.

Aytəkin ZEYNALOVA

AMEA Naxçıvan Bölməsininin İncəsənət,

Dil və Ədəbiyyat İnstitunun əməkdaşı

Nəşr edilib : 28.01.2025 14:52