NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

...

Azərbaycan Dillər Universitetində (ADU) “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumu keçirilir. Tədbir Qazi Universitetinin yaradılmasının 100 illiyinə, I Bakı Türkoloji Qurultayının 100 illiyinə və Azərbaycan Dillər Universitetinin 80 illiyinə həsr olunub.

"Şərq qapısı" xəbər verir ki, beynəlxalq simpozium Qazi Universiteti, Türk Mədəniyyətini Araşdırmaları İnstitutu (TMAİ), Azərbaycan Dillər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir.

Tədbirdən əvvəl simpozium iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Dillər Universitetində ucaldılmış büstünü ziyarət ediblər.

Daha sonra simpoziumun açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, TMAİ-nin direktoru professor Əhməd Bican Ərcilasun, Qazi Universitetinin professoru Xəlil Çəltik, TMAİ-nin professoru İsmət Çətin, İstanbul Universitetinin professoru Ərman Görən və Bakı Yunus Əmrə İnstitutunun nümayəndəsi Gökxan Seyxan çıxış ediblər.

Simpozium çərçivəsində yerli və xarici tədqiqatçılar bir araya gələrək türk dili və ədəbiyyatının tədrisi, türkoloji araşdırmalar, müasir elmi yanaşmalar və bu sahədə qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparırlar.

Tədbirin proqramına əsasən, bölmə iclasları 6 panel üzrə keçirilir. Panel iclasları Azərbaycan Dillər Universitetinin müxtəlif zallarında təşkil olunur. Panellərdə türk dili və ədəbiyyatının tədrisi, türkoloji irsin öyrənilməsi, dil siyasəti, əlifba məsələləri, terminologiya, türk xalqlarının ədəbi-mədəni əlaqələri, müasir tədris metodları və rəqəmsal texnologiyaların təhsildə tətbiqi ilə bağlı məruzələr təqdim olunur.

Eyni zamanda, simpozium çərçivəsində I Bakı Türkoloji Qurultayının tarixi əhəmiyyəti, Türk dünyasında ortaq əlifba ideyası, türkoloji tədqiqatların müasir istiqamətləri və türk dili və ədəbiyyatının tədrisinin aktual məsələləri müzakirə edilir.

Bölmə iclaslarında süni intellektin dil və ədəbiyyat tədrisində tətbiqi də diqqət mərkəzindədir. Bu istiqamətdə generativ süni intellekt, rəqəmsal texnologiyalar, internet resursları və müasir pedaqoji modellərin tədris prosesində istifadəsi ilə bağlı elmi məruzələr dinlənilir.

Simpozium oktyabrın 10-dək davam edəcək.

Nəşr edilib : 08.10.2026 10:55