NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

...

Türkiyə Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakçı ölkələrə urbanizasiya sahəsində ən yaxşı təcrübələri təşviq etməyə hazır olduğu barədə məlumat verib. Ankaranın təcrübəsi göstərir ki, yaxşı hazırlanmış institusional çərçivə və güclü siyasi iradə ilə milyonlarla insan təhlükəsiz və etibarlı mənzilə çıxış əldə edə bilər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin sabiq nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlunun “Star” qəzetində dərc olunmuş məqaləsində deyilir.

WUF13-ün nəticələrinə həsr olunmuş məqalənin müəllifi 182 ölkədən nümayəndələrin urbanizasiyanın gələcəyini müzakirə etmək, qlobal şəhər inkişafı və planlaşdırma gündəliyini nəzərdən keçirmək üçün Azərbaycanda toplaşdığını xatırladıb.

“Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən intensiv müzakirələr zamanı şəhərsalma, sosial mənzil, fəlakətlərin idarə olunması və davamlı inkişaf sahələrində təcrübələri bölüşdük”, - deyə türkiyəli sabiq nazir vurğulayıb. O bildirib ki, şəhərlər tarixdən mədəniyyətə, memarlıqdan estetikaya, ədəbiyyatdan sənətə qədər müxtəlif sahələrdə milli kökləri qoruyub saxlayır.

“Bu vizyon illərdir şəhərlərin inkişafına insan mərkəzli diqqət yetirən Türkiyənin mənzil siyasətinin əsasını təşkil edir”, - deyə Karaismayıloğlu TOKİ (Türkiyə Mənzil İdarəsi) tərəfindən həyata keçirilən layihələri uğurlu nümunə kimi göstərib.

Məqalənin müəllifi əlavə edib: “Mənzil siyasətinin sabitliyini, ədalətliliyini və davamlılığını təmin etmək təkcə inzibati qərarlar vasitəsilə deyil, həm də möhkəm hüquqi çərçivə, uzunmüddətli büdcə planlaşdırması və effektiv demokratik nəzarət yolu ilə mümkündür. Bu, insanların mənzil hüququnun və dayanıqlı şəhərsalmanın təmin edilməsi üçün vacibdir”.

Sabiq nazirin sözlərinə görə, milli qanunvericilik aşağıgəlirli vətəndaşları, gəncləri, yaşlıları, əlilliyi olan şəxsləri, fəlakət qurbanlarını və həssas qrupları qoruyan bir çərçivə yaratmalıdır. “Parlamentlər mərkəzi və yerli hakimiyyət orqanları arasında səlahiyyətlərin və resursların uyğunlaşdırılmasını gücləndirən və ümumi məqsədlərə çatmaq üçün icra orqanları, bələdiyyələr, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı təşviq edən qaydalar qəbul etməlidir. Mənzil böhranı insan hüquqları, sosial ədalət, fəlakət təhlükəsizliyi, iqlim dəyişikliyinə davamlılıq və dayanıqlı inkişaf məsələsidir”, - deyə o bildirib.

Nəşr edilib : 08.06.2026 13:28