NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“ADEX-2024” Azərbaycanın hərbi quruculuq siyasətinin uğur göstəricisidir

...

Ali Baş Komandanın sarsılmaz iradəsi, uğurlu diplomatiyası, müzəffər Ordumuzun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra regionda geosiyasi mənzərə tamamilə dəyişib, yeni xarici təhdidlər meydana çıxıb. Məhz bütün bunları nəzərə alan Prezident cənab İlham Əliyev ölkəmizin apardığı siyasətin iki əsas xəttini müəyyənləşdirib. Bunlardan biri azad olunan torpaqların, Qarabağın, Şərqi Zəngəzurun bərpasıdırsa, ikinci mühüm istiqamət isə hərbi qüdrətin artırılmasıdır. Ötən 4 ilin mənzərəsi, xüsusilə də ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunması ilə nəticələnən uğurlu antiterror əməliyyatı da belə deməyə əsas verir ki, Azərbaycan hərbi quruculuq siyasəti yolunda uğurla addımlayır, əməkdaşlıq əlaqələrini lazımınca gücləndirməyi bacarır. Bu xüsusda sentyabrın 24-də işə başlayan regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra yeni mərhələyə qədəm qoyan hərbi quruculuq siyasətinin uğur göstəricisidir...

Ölkə Prezidentinin də tanış olduğu, iki ildən bir keçirilən “ADEX” sərgisi bu il 5 illik yubileyini qeyd edir və ildən-ilə iştirakçı siyahısını, əhatə dairəsini xeyli genişləndirir. Qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayan sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib. Beşinci dəfə təşkil olunan sərgini ölkə başçısının əsas siyasi prioritetlər kimi irəli sürdüyü Azərbaycanda və regionda müdafiə sənayesi, təhlükəsizlik sahəsinə mühüm töhfə kimi qiymətləndirmək olar. Bakıdakı sərgini digərlərindən fərqləndirən cəhətlərdən biri yubiley ilinə təsadüf etməklə bərabər həm də daha çox – dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkətin iştirak etməsidir. Belə ki, Amerika Birləşmiş Ştatları, İsrail, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, İtaliya kimi güclü ölkələrin müdafiə sektorlarının aparıcı şirkətlərinin yer aldığı sərgiyə Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər bu il ilk dəfə olaraq qatılıb.

Sərgidə “Azərsilah”a məxsus pavilyonda nümayiş etdirilən PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr, aviabombalar və təlim simulyatorlar hərbi işgüzar dairələrin nümayəndələrinə, ayrı-ayrı rəsmilərə, qonaqlara ölkəmizdə müdafiə sənayesinin gücləndirilməsi istiqamətində atılan qətiyyətli addımlardan xəbər verdi. Beynəlxalq sərgi eyni zamanda Azərbaycanın bir sıra region və dünya ölkələri ilə apardığı uğurlu hərbi əməkdaşlıq əlaqələrinin göstəricisi kimi diqqəti çəkdi. Bu xüsusda qardaş Türkiyə ilə yanaşı, Pakistanı da qeyd etmək yerinə düşər. Bəli, ölkəmizin haqlı mövqeyini daim dəstəkləyən bu İslam Respublikasının Azərbaycana məxsusi münasibəti xalqımızın hər bir nümayəndəsi tərəfindən tarixi mədəni əlaqələrin müasir müstəvidə inkişafı baxımından yüksək qiymətləndirilir. Bu mənada, Prezident cənab İlham Əliyevin cari il iyulun 11-də bu ölkəyə dövlət səfəri zamanı dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin qarşılaması və enənədək müşayiət etməsi də qalib Liderə, qalib Azərbaycana göstərilən böyük hörmət və ehtiramın göstəricisidir. Səfər müddətində keçirilən görüşlər, imzalanan sənədlər müxtəlif sahələr üzrə yeni perspektivlər açmaqla dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə güclü təkan verib. Məhz “ADEX-2024” sərgisi müddətində Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidentinə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələrinin təqdim olunması da ölkəmizin apardığı uğurlu diplomatiyaya etimadın əyani ifadəsidir. Ordumuzun arsenalına daxil edilən bu yeni təyyarə barədə onu diqqətə çəkmək olar ki, gövdəsi Çin, elektron sistemləri Qərb, mühərrikləri isə Rusiya istehsalıdır. Bu baxımdan, onu çoxtərəfli döyüş təyyarəsi adlandırmaq olar. Maksimum sürəti yanacaqdan və digər faktorlardan asılı olaraq 2 000 kilometrə qədər artan JF-17C (Block-III) 5-ci nəsil qırıcılarda olduğu kimi, havada müxtəlif situasiyalarda manevr imkanlarını artıran və eyni anda birdən çox hədəfi izləmək imkanı verən AESA radarları ilə təchiz olunub. Qiymət baxımından “F-16”lardan yarıbayarı ucuz olan, daha üstün göstəricilərə malik bu təyyarəni əldə etməklə Azərbaycan, Pakistan istisna olmaqla bu qırıcıları inventara daxil edən üçüncü ölkə olacaq. Bu addım hazırki mürəkkəb vəziyyətdə ölkəmizin hava sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyi baxımından mühüm üstünlüyün qazanılmasına imkan verəcək...

Ümumilikdə, onu deyə bilərik ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX-2024” sərgisi ölkəmizin müdafiə qüdrətini, beynəlxalq hərbi-siyasi arenadakı qabaqcıl mövqeyini nümayiş etdirməklə regionda çaxnaşma yaradan bəzi qüvvələrə də mühüm siyasi mesaj rolunu oynadı. Ölkə Prezidentinin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dediyi kimi: “Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.

Nail ƏSGƏROV

Nəşr edilib : 27.09.2024 10:00