NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

ABŞ-ın antiazərbaycan siyasəti – Qafqaza yiyələnmək arzusu, çirkin siyasi oyunlar

...

Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində müzəffər Ordumuzun 30 il işğal altında saxlanılan torpaqları azadlığa çıxarması və ötən il həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra regionda geosiyasi vəziyyət tamamilə dəyişib. Separatizmin Qarabağdan kökünün kəsilməsi bir sıra Qərb ölkələrini, o cümlədən Qafqaza yiyələnmək arzusu ilə yaşayan, əvvəllər qismən altdan-altdan iş tutan ABŞ-ı indi açıq-aşkar müxtəlif çirkin siyasi oyunlara əl atmağa vadar edib. Başqa sözlə, Azərbaycanın son 4 ildə regionda artan nüfuzu, bir sıra ölkələrlə qurduğu, böyük perspektivlər vəd edən əhəmiyyətli əməkdaşlıq əlaqələri okeanın o tayından bu tayına ağalıq etməyə çalışan qüvvələri möhkəmcə təşvişə salıb...

Məlum olduğu üzrə Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni ötən həftə, daha dəqiq desək, oktyabrın 3-də bu ölkənin dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz, iftiraatıcı mövqe nümayiş etdirdi. Amerika Erməniləri Milli Komitəsinin (ANCA) çətiri altında yaxşıca daldalanan, öz bizneslərini yaradan həmin 60 siyasi şəxsin çirkin kampaniyanı məhz Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyi zamanda həyata keçirmələri heç də təsadüfi deyil. Bütün dünyanın diqqətinin cənubi Qafqazın liderində olacağını düşünərək bundan sui-istifadə etməyə çalışan qüvvələrə ən müfəssəl cavab isə yenə Ali Baş Komandandan gəldi. Bu cavabın vaxtilə erməni vandalizminin ən dəhşətli mənzərəsinin əyani göstəricisinə çevrilən, indi isə Böyük Qayıdışının ayaq səslərinin gəldiyi Cəbrayıl rayonundan verilməsi beynəlxalq ictimaiyyətin diqqətini məsələnin əsl mahiyyətinə yönəltməkdə ən effektiv addım oldu. Eyni zamanda ölkə başçısı çıxışında bu çirkin siyasi oyunun pərdəarxası mənzərəsini, əsl simasını da tam, qəti şəkildə ortaya çıxardı. Sitat: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.

Düzdür, cəfəngiyyat xarakterli, şantajla dolu sənədə imza atanların erməni lobbisinin fəal nümayəndələri olduğunu nəzərə alanda bu təxribat elə də təccüblü gəlməsə də, ancaq pərdəarxası məqamlar hər bir azərbaycanlının düşüncəsində ikrah hissi doğuran, cavabı gün kimi aydın onlarla sual yaradır. Gələn ay Bakıda keçiriləcək COP29 tədbirinə qədər Azərbaycanı məsuliyyətə cəlb etməyə yönəlmiş çağırışın əsas koordinatoru olan ABŞ rəhbərliyi 30 ildə bir dəfə Azərbaycanın haqq çağırışına ürəkdən tikan çıxaracaq, əhsən dedirtdirəcək səs verdimi? Xeyr. Əksinə, 907-ci düzəlişin qəbul edilməsi əsasında antiazərbaycan tədbirlərinə başlayan, həqiqətdən uzaq, gülünc arqumentləri zaman-zaman mənafeyi naminə siyasi alətə çevirən Birləşmiş Ştatlar hər dəfə bir bəhanə ilə məsələnin mahiyyətindən yayınmağa, hadisələrə absurd don geyindirməyə çalışdı, uzun illər BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalmasına faktiki şərait yaratdı. Ölkəmizi, Qarabağı blokadada saxlamaqda, etnik təmizləmədə ittiham edərək özünü dırnaqarası beynəlxalq ədalətin tərəfdarı adlandıran bu “Super güc” hansısa dünya səviyyəli tədbirdə öz evindən qaçqın düşən bir milyon yarımdan çox insanın hüquqlarını müdafiə etdi də bizmi görmədik?! Özünün əli milyonlarla günahsız insanın, körpə uşağın qanına batan, əksər ölkələrdə müharibə ocağı yaratmaqla bundan əla təsir, təqib mexanizmi kimi istifadə edən ABŞ-dan Xocalı soyqırımı, Gəncə, Bərdə terroru barədə ədalətli mövqe gözləməyin yersiz olduğunu da hər birimiz gözəl bilirik. Ona görə də bu detalların dərinliyinə varmırıq. Ancaq dünya düzəninin nizama salınması məsələsinə “Ədalət çarçısı” zirvəsindən baxan bu “demokratik” ölkədən 44 günlük müharibədən sonra Azərbaycanın sülh, humanist mövqeyi qarşısında utanc hissi duyaraq nəhayət ki, barışdırıcı münasibət, konstruktiv yanaşma sərgiləməsini gözləmək olardı. Əvəzində isə nə görürük? ABŞ nə edir? Bu ilin fevralında səfirliyi Azərbaycan xalqının azad seçki hüququna, iradəsinə hörmətsizlik göstərir, daha sonra ABŞ səfiri Mark Libbi gah ABŞ və Azərbaycanın maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğunu bildirir, gah da ölkəmizin tarixi zəfərinə, apardığı Böyük qayıdış siyasətinə kölgə salmaq məqsədi daşıyan sərsəm bəyanatlar səsləndirir. Aprelin 5-də isə “Qoca Qitə”nin nümayəndələri Avropa İttifaqı ilə əl-ələ verərək Qarabağın Ermənistana birləşdirilməsini əks etdirən absurd müddəanın yer aldığı antidemokratik konstitusiyayla idarə olunan Ermənistan hökuməti ilə Brüsseldə bir araya gəlir, görüş zamanı Ermənistana yeni müharibə tapşırığı verir. Beləcə Azərbaycanın uzatdığı sülh əlinin geri çevrilməsi və regionda bitmiş münaqişənin yenidən alovlandırılmasına çalışır...

Əvvəla ABŞ zor gücü hesabına neft və digər təbii ehtiyatlarla zəngin, hərbi cəhətdən zəif, bir sıra ölkələri qanunsuz istila etməklə beynəlxalq hüquq barədə danışmaq haqqını çoxdan itirib. Digər tərəfdən əgər erməni separatçılığının məhv olunmasını “etnik təmizləmə” adı altında əldə bayraq etmək fikrindədirsə, öncə ötən əsrdə dəfələrlə deportasiya dalğasına məruz qalan, maddi varidatı, mənəvi dəyərləri əlindən alınan Qərbi azərbaycanlıların öz torpaqlarına qaytarılmasını da eyni qaydada tələb etsin. Minlərlə azərbaycanlının qanına əli bulaşan, günahsızların ölüm fərmanını imzalayan qatillər Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərlərinin azadlığa çıxmağını arzulayırsa, əvvəlcə qarşı tərəfdən birinci Qarabağ müharibəsində minlərlə itkin soydaşımızın taleyinə də aydınlıq gətirməyi istəsin. Bu ikili standartların həcmini istənilən qədər böyütmək, qeyri-konstruktiv mövqe barədə saatlarla danışmaq olar, ancaq fikrimcə, ən müfəssəl cavabı Qalib Lider verib. Ölkə başçısının Cəbrayıl rayonundakı həmin tarixi çıxışından sonra Milli Məclisin deputatlarının xarici işlər naziri Ceyhun Bayramova müraciətləri də bu baxımdan olduqca tutarlıdır: “Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dir”...

Ümumilikdə, oktyabrın 3-də Amerika Birləşmiş Ştatlarında bir qrup konqresmenin dövlət katibi Antoni Blinkenə ünvanladığı müraciətin əsl məğzi, mahiyyəti onu göstərir ki, vahid məqsəd ermənilərin Qarabağa öz istədikləri formada, yəni Azərbaycan vətəndaşlığını almadan qayıtmasına, Azərbaycan ərazisində yenidən erməni separatizm yuvasının yaradılmasına nail olmaqdır. Bu boş niyyətlərlə, cəfəng xülyalarla yaşayanlara ən təsirli, effektiv, yerinəoturdan cavabı ötən il “dəmir yumruq” bir daha əyani surətdə, qəti şəkildə verib və ölkə başçısının da dediyi kimi, “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə” – sitatın sonu!

Nail ƏSGƏROV

Nəşr edilib : 07.10.2024 17:33