Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
1992-ci ildə ABŞ Konqresi “Freedom Support Act” - yəni “Azadlığı Müdafiə Aktı”nı qəbul etdi. Bu qanunun mahiyyəti ondan ibarət idi ki, SSRİ-nin dağılmasından sonra yeni yaranmış respublikalara demokratiya, iqtisadi islahatlar və inkişaf üçün yardım ayırmağı nəzərdə tuturdu. Lakin həmin aktın 907-ci düzəlişi 1993-cü ilin yanvar ayında Azərbaycanın adını siyahıdan çıxardı. Səbəb kimi o zaman konqresdə güclü təsirə malik erməni lobbi qruplarının iddiaları göstərilirdi. Bu iddialar ondan ibarət idi ki, guya Azərbaycan Ermənistanı və Qarabağı “blokadaya” alıb. Ancaq qanunun qüvvəyə mindiyi 1993-cü il yanvar ayına qədər ermənilər Azərbaycan torpaqları olan Şuşanı, Laçını, Xocavəndi işğal etmiş, Xocalıda soyqrım törətmişdilər. Yəni, hər şey tam əksinə idi.
Bu qanuna görə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdı. Bir məsələni də vurğulamaq istərdim ki, bu düzəlişin tətbiqində erməni lobbisi və o dövrdə hakimiyyətdə olan ABŞ höküməti xüsusi rol oynayırdısa, digər tərəfdən hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün hakimiyyətinin fəaliyyətsizliyini də qeyd edə bilərik.
Rəsmi Bakı ilə Vaşinqton arasında əlaqələrin tarixinə baxdıqda münasibətlərin heç də həmişə hamar olmadığını görə bilərik. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olsa da, Birinci Qarabağ müharibəsi zamanı ölkəmizə qarşı münasibət ürəkaçan olmayıb. Azərbaycana dəstəyi məhdudlaşdırmaq məqsədilə “Azadlığa dəstək aktı”na qəbul edilmiş, müəyyən zamanlarda Azərbaycan əleyhinə bəyanatlar verilmişdir.
Ulu Öndər 1997-ci il ABŞ-yə səfər çərçivəsində bu məsələni gündəliyə gətirmiş və Ulu Öndərin səyi nəticəsində bu maddə müvəqqəti olaraq dondurulmuşdur. Zaman keçdikcə, daha doğrusu, Azərbaycanın xarici siyasəti öz konturlarını daha inamla cızdıqca, ölkəmizin ətrafında yaradılmış informasiya blokadası aradan qaldırıldıqca vəziyyət bizim xeyrimizə dəyişməyə doğru vüsət aldı. 1997-2000-ci illər ərzində Klinton administrasiyası 907-ci düzəlişin Konqres tərəfindən ləğv olunması üçün cəhdlər göstərib. 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən terror hadisəsindən bir ay keçəndən sonra oktyabrın 24-də Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. 2002-ci ilin yanvarında ABŞ prezidenti ilk dəfə 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edib. Həmin vaxtdan qadağanın ləğvi qüvvədə olsa da, 24 il ərzində bu baş verməyib.
2003-cü ildən Ulu Öndərin siyasi kursunu davam etdirən İlham Əliyevin Prezidentliyi sözügedən münasibətlərə yeni təkan oldu. Təsadüfi deyil ki, 2006-cı ildə Vaşinqtona səfər edən Azərbaycan Prezidenti ölkəmizdə və regionda irimiqyaslı enerji layihələrinin həyata keçməsində ABŞ-nin dəstəyini xüsusi vurğulamışdı.
Yalnız 2005-ci ildə ABŞ prezidenti Corc Buş “Azadlığa Dəstək Aktı”na Azərbaycana Amerikanın dövlət yardımlarını qadağan edən 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması barədə memorandum imzalayıb. Bayden hakimiyyəti dövründə 907-ci düzəliş yenidən gündəmə gətirildi. Həm Bayden, həm də dövlət katibi Blinken dövründə bu məsələ ədalətsiz və qərəzli şəkildə Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olundu. 2023-cü ildə ABŞ Senatı “Armenia Protection Act” qəbul etdi və eyni zamanda, 907-ci düzəlişin yenidən qüvvəyə minməsi barədə qərar qəbul etdi. Bu, Blinken rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyinin bariz nümunəsi idi və həmin siyasət onların erməni diasporu ilə yaxın əlaqələri ilə izah olunmalıdır. Çünki 1992-ci ildə 907-ci düzəlişin təşəbbüskarlarından biri də həmin vaxt senator olan Co Bayden idi. Bir sözlə bu maddə uzun illər Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsinə əngəl yaradıb.
Və nəhayət, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin səyi, düşünülmüş uzaqgörən siyasətinin nəticəsi olaraq Vaşinqton görüşündə 907-ci düzəliş aradan qaldırıldı. 907-ci düzəlişin dayandırılması ilə bağlı sənədin imzalaması ilə ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu. ABŞ-ın Donald Tramp dövründə daha konstruktiv, realpolitik və praqmatik siyasət yürüdəcəyinə işarə edən bu addımlar, həm də Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına böyük töhfə verəcək. Çünki hər şeydən əvvəl Donald Trampın xarici siyasətində sülh yaratmaq prinsipi üstünlük təşkil edir. ABŞ artıq əvvəlki kimi müharibə yaradan deyil, sülh yaradan dövlət kimi təqdim olunmağa çalışır və bu baxımdan Qafqazda sülhün təmin olunması onun xarici siyasət strategiyasının əsas elementlərindən biridir.
907-ci düzəlişin aradan qaldırılması Azərbaycanla ABŞ arasında bir çox sahələrdə əməkdaşlığın əsasını qoydu. Belə ki, 907-ci düzəlişin icrasının dayandırılması ilə Azərbaycan ABŞ-dan iqtisadi inkişaf layihələri, infrastruktur və texnologiya sahələri, təhsil və səhiyyə proqramları, enerji və digər istiqamətlər üzrə federal büdcədən maliyyə ala biləcək.
Dövlətimizin başçısı Cənab İlham Əliyev bununla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib. "Sizə təşəkkür edirəm ki, illər öncə Azərbaycana tətbiq edilən 907-ci düzəliş bu gün ləğv olundu. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşında həkk olunacaq. Bu Azərbaycan üçün böyük nailiyyətdir", deyə dövlət başçısı qeyd edib.
Bir sözlə 8 Avqust 2025-ci il tarixindəki Vaşinqton görüşü Azərbaycanın tarixi diplomatik qazancı kimi qeydə alındı. 907-ci düzəlişin icrasının dayandırılması, sülh razılaşmasının imzalanması və strateji koridorun açılması Azərbaycan üçün həm iqtisadi, həm də siyasi perspektivlər baxımından ciddi potensial daşıyır.
Asəf Orucov
Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı
Digər xəbərlər