Sabaha olan hava proqnozu açıqlanıb
13:50 07.11.2026
0
0
0
NAXÇIVAN :
07 Noyabr 2026, Şənbə
8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş, milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin təntənəsini əks etdirən möhtəşəm tarixdir. Bu gün xalqımızın illər boyu həsrətində olduğu doğma torpaqlarına qovuşmaq arzusunun gerçəkləşdiyi, dövlətimizin hərbi və siyasi qüdrətinin bütün dünyaya nümayiş olunduğu şanlı Zəfər günüdür.
Azərbaycanın müasir tarixində xüsusi yer tutan bu qələbənin təməli xalqımızın uzun illər qoruyub saxladığı torpaq sevgisi, milli həmrəyliyi və azadlıq əzmi üzərində qurulmuşdur. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsi xalqımızın yaddaşında silinməz izlər buraxmışdı. Uzun illər davam edən danışıqlara baxmayaraq, münaqişənin həll olunmaması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini daha da gücləndirmişdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük şücaət və peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı bir-birinin ardınca azad etdi.
Bu tarixi mübarizədə Azərbaycan əsgər və zabitləri Vətənə sədaqətin, torpağa bağlılığın və milli ruhun ən ali nümunəsini göstərdilər. Döyüş meydanında nümayiş etdirilən hərbi peşəkarlıq, xalqımızın arxa cəbhədə sərgilədiyi birlik və həmrəylik qələbənin əldə olunmasında mühüm rol oynadı.
Zəfər salnaməsinin ən parlaq səhifələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad olunması müharibənin taleyini həll edən mühüm hadisəyə çevrildi. Sıldırım qayalar, çətin relyef və mürəkkəb döyüş şəraiti Azərbaycan hərbçilərinin qarşısında ciddi maneələr yaratsa da, onların Vətən sevgisi və qələbə əzmi bütün çətinliklərə qalib gəldi. Şuşanın azad edilməsi xalqımızın tarixi ədalətin bərpasına olan inamını gerçəyə çevirdi.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Bu qərar Şuşanın azad edilməsinin tarixi və mənəvi əhəmiyyətini bir daha təsdiqlədi.
Bu böyük qələbənin arxasında saysız-hesabsız qəhrəmanlıq nümunələri, Vətən uğrunda canından keçən igid oğullarımızın fədakarlığı dayanır. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin misilsiz şücaəti hesabına qazanılan Zəfər xalqımız üçün əbədi qürur mənbəyidir. Onların əziz xatirəsi daim ehtiramla yad edilir, qəhrəmanlıqları gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olaraq yaşayır.
Zəfər yalnız hərbi qələbə ilə məhdudlaşmadı, həm də ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar yaratdı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər və digər sosial infrastruktur obyektləri inşa edilir. Tarixi və dini abidələrimiz bərpa olunur, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı təmin edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən tədbirlər azad edilmiş ərazilərin dirçəlişinə, burada müasir infrastrukturun yaradılmasına və dayanıqlı həyatın formalaşmasına xidmət edir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və müstəqilliyimizin rəmzidir. Uzun illər doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan insanların bu gün həmin torpaqlarda yenidən məskunlaşması Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.
Şuşa şəhəri də öz tarixi və mədəni əzəmətini yenidən bərpa edərək Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri kimi inkişaf edir. Burada keçirilən beynəlxalq tədbirlər, festivallar, mədəniyyət günləri və həyata keçirilən bərpa layihələri şəhərin əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edir.
8 Noyabr həm də milli birliyimizin və həmrəyliyimizin təntənəsidir. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, xalq, ordu və dövlət vahid amal ətrafında birləşdikdə qarşıya qoyulan ən böyük məqsədlərə nail olmaq mümkündür. Həmin günlərdə nümayiş etdirilən birlik Azərbaycan xalqının milli iradəsinin və sarsılmaz ruhunun təcəssümünə çevrildi.
Bu gün Zəfər Gününü qeyd edərkən qarşıda duran əsas vəzifələrdən biri qazanılmış tarixi qələbənin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə ehtiram göstərmək və dövlətimizin əldə etdiyi nailiyyətləri qoruyub saxlamaqdır. Çünki Zəfər yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcəyimizə istiqamət verən böyük tarixi məsuliyyətdir.
8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu tarix Vətən sevgisinin, qəhrəmanlığın, milli birliyin və sarsılmaz dövlətçilik iradəsinin rəmzi kimi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olaraq qalacaq.
Zəfərin mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər