NAXÇIVAN :

25 Dekabr 2024, Çərşənbə

21-ci əsrin möhtəşəm 21 ili və ya tarixi gedişatı dəyişən Lider

...

Azərbaycan xalqı onu tarixin ən ağır məngənəsindən, təlatümlərindən xilas edən, əbədi müstəqilliyə qovuşduran Ulu Öndər Heydər Əliyev yoluna bir daha sədaqət göstərməklə 21 il öncə öz sağlam, etibarlı gələcəyini təmin etdi. Və ötən qısa zaman  “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” tarixi kəlamının müdrikliyini, uzaqgörənliyini və xalqımızın qərarının düzgünlüyünü ən bariz şəkildə ortaya qoydu...
Azərbaycanı dəyişən dünya düzəni fonunda qüdrətli ölkə kimi formalaşdıran, söz, nüfuz sahibinə çevirən əsas amil, sözsüz ki, müstəqil iqtisadiyyata malik olması, Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm ticarət-nəqliyyat mərkəzi funksiyasını uğurla yerinə yetirməsidir. Hazırda Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit mərkəzi sayılan Azərbaycanın istər regional müstəvidə, istərsə də beynəlxalq səviyyədə kifayət qədər strateji, etibarlı tərəfdaşa çevrilməsi, mühüm əməkdaşlıqlara imza atması bu baxımdan təsadüfi deyil, 21 illik praqmatik yanaşma, prinsipial mövqe və ən əsası iqtisadi, siyasi müstəqilliyin təntənəsidir. 

Bu gün “Cənub Qaz Dəhlizi” ideyası üzərində vacib addımlar atan, əməli iş ortaya qoyan respublikamız Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum, TANAP (Trans-Anadolu təbii qaz boru kəməri), TAP (Trans-Adriatik təbii qaz boru kəməri) qaz layihələri ilə dünya bazarlarında önəmli paya sahib olmaqla Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir... Azərbaycan iqtisadiyyatına dair 2003-cü ildən bəri qarşıya qoyulan əsas məqsədlərdən ən mühümü, təbii ki, neftdən asılılığın tamamilə aradan qaldırılması və bu xüsusda qeyri-neft sektorunun inkişafına nail olunmasıdır. Son illərdə aparılan iqtisadi islahatlar, əlverişli biznes mühitinin formalaşdırılması yeni sənaye və istehsal sahələrinin yaradılmasına səbəb olub ki, bu da əsas hədəflərə çatmaq üçün geniş perspektivlərin açılmasına rəvac verib. Hazırda 8 rayonu əhatə edən və 9-cusu Naxçıvanda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkları layihəsi bu baxımdan uğurlu nəticələr göstərməkdədir. Eyni zamanda “yaşıl iqtisadiyyat”a keçidin reallaşdırılması, bu baxımdan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” elan olunması, həyata keçirilən tədbirlər, “yaşıl texnologiya”ların istehsalatda tətbiqi və digər mühüm addımlar qeyri-neft sektorunun inkişafını sürətləndirir. Nəticədə, sənayenin iqtisadiyyatdakı payı böyüyür, makro-iqtisadi göstəriciləri artır: 2003-2024-cü illərdə qeyri-neft-qaz iqtisadiyyatı 5,0 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına yüksəlib. Kənd təsərrüfatı sektorunda 2,1, nəqliyyat sektorunda 4,9, turizm və ictimai iaşə sektorlarında 18,9, informasiya və rabitə sahəsində isə 23 dəfə artım qeydə alınıb. Son 21 ildə ölkədə qeyri-neft-qaz sənayesində istehsal 1,6 milyard manatdan 17,7 milyard manata yüksəlib. Paralel olaraq qeyri-neft ixracı 11,8 dəfə artaraq 0,3 milyard ABŞ dollarından 3,1 milyard ABŞ dollarına yüksəlib.
Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, mühüm tranzit əlaqələrinə malik olması onun etibarlı ticarət tərəfdaşı kimi tanınmasını, bu sayədə beynəlxalq əlaqələr sistemində, regional əməkdaşlıqda vacib aktora çevrilməsini şərtləndirib. Azərbaycan-İtaliya, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-Çin. Etibarlı ticarət, mehriban dostluq əlaqələrindən xəbər verən bu siyahını kifayət qədər uzatmaq olar. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Azərbaycanın ticarət tərəfdaşları olan ölkə­lərin sayı 55-dən 185-ə çatıb. 
Ölkə başçısı cənab İlham Əliyevin praqmatik düşüncədən yoğrulan məharətli diplomatiyası sayəsində son 21 ildə yaranan tarixi reallıq həm də Ulu Öndərin digər bir “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” tarixi kəlamının da gerçəkliyini üzə çıxartdı. Bəli, danılmaz həqiqətdir ki, bu gün qarmaqarışıq, mürəkkəb geosiyasi mənzərəyə malik dünyada müstəqil siyasəti yalnız iqtisadiyyatı güclü, dayanıqlı olan ölkələr aparmağa qadir olur. Milli təhlükəsizlikləri də etibarlı olan həmin respublikalar öz ərazi bütövlüyünü əmin şəkildə qoruyur, bölgədə sabitlik yaradır, istənilən dialoqda diktə edən tərəf qismində çıxış edir. Buradan “Güclü iqtisadiyyat həm də güclü ordu, güclü dövlət deməkdir” tandemi yaranır ki, bu amilləri özündə birləşdirən qüdrətli dövlətlə bütün məsələlərdə hesablaşmalısan reallığı ortaya çıxır. Məhz Azərbaycanın da son 21 ildə qət etdiyi yol onun bu tandemi uğurla tamamlamasına və son nəticədə, ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş qüdrətli dövlətə çevrilməsinə gətirib çıxartdı. 
Ötən illərdə iqtisadiyyatdan əldə olunan gəlirin səmərəli şəkildə müasir ordu quruculuğu istiqamətinə yönləndirilməsi, o cümlədən yeni silahlı birliklərin yaradılması, ən müasir silah və texnikaların arsenala daxil edilməsi, müdafiə sənayesinin inkişafına xidmət etməklə qüdrətli Silahlı Qüvvələrin yaradılmasına səbəb oldu. Və beləliklə, qətiyyətli siyasi iradə və güclü ordu sayəsində düz dörd il bundan öncə sentyabrın 27-də başlanan zəfər yürüşü Böyük Qələbəyə, ərazi bütövlüyümüzün tam təminatına yol açdı. “Dəmir yumruq” ətrafında sıx birləşən Azərbaycan xalqı 200 illik tarixində ilk dəfə torpaqlarını bərpa edən müzəffər xalq, qətiyyətli siyasi iradəsi ilə xalqı irəli aparan Prezident cənab İlham Əliyev isə Müzəffər Ali Baş Komandan kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Qalib Liderin 2022-ci ilin aprel ayında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında dediyi kimi: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”. 
Ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə suverenliyi tam təmin olunan Azərbaycan post-müharibə dövründə də tarixi nailiy­yətlərə imza atmaqdadır. Bu gün əzəli torpaqlarımız, Qarabağın hər qarışı cənnətə çevrilir, Şuşada, Xocalıda, Xankəndidə üçrəngli dövlət bayrağımız dalğalanır, soydaşlarımız öz yurdlarına geri dönür, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz bərpa olunur...
Vətən müharibəsindən ötən 4 il ərzində Azərbaycan bölgədə, sözün əsl mənasında, yeni tarixi gerçəkliklər yaradıb ki, bu gerçəklik artıq əksər ölkə və beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə qəbul olunur. Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev son illərdə ŞƏT, MDB, TDT, BRICS və digər beynəlxalq əhəmiyyətə malik təşkilatların tədbirlərinə, konfranslara mötəbər qonaq, etibarlı tərəfdaş kimi dəvət olunur, dövlət başçısının dərinməzmunlu nitqləri aparıcı media orqanlarının manşetinə, siyasi ekspertlərin, politoloqların müzakirə predmetinə çevrilir. Son dörd ildə Azərbaycanın iştirakı ilə qurulan əməkdaşlıqlar dünya ictimai-siyasi elitası tərəfindən ölkəmizə, aparılan uğurlu diplomatiyaya verilən böyük dəyəri, etimadı göstərir. 2020-ci ildən bu günədək Azərbaycan uğurlu, etibarlı iqtisadi əməkdaş, ticari tərəfdaş olaraq nüfuz qazanmaqla yanaşı, həm də strateji müttəfiqlik nümunəsi də yarada bilib. Son dörd ildə 3 – Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya və Azərbaycan-Özbəkistan strateji müttəfiqliklərinin əldə olunması regional əməkdaşlıq baxımından yeni perspektivlər açmaqla yanaşı, bölgənin təhlükəsizliyinə, əmin-amanlığa da xidmət edir...
Azərbaycan dünyanın yeganə ölkələrindəndir ki, qazandığı iqtisadi güc, siyasi nüfuzla heç bir zaman qürrələnmir, əksinə, bu üstünlüyü humanizmə, haqq-ədalətin bərqərar edilməsinə yönəltməyi gözəl bacarır. Başqa sözlə, öz mənafeyindən daha çox regional vəziyyəti düşünür, müharibəsiz, münaqişəsiz bölgə yaratmaq naminə sülhə, dialoqa körpü salır. Bəli, 21 illik İlham Əliyev diplomatiyasının məqsədi, hədəfi məhz bir amala xidmət edir: ədalətli dünya, ədalətli region formalaşdırmaq. Azərbaycan BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının dördillik uğurlu sədri, 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi mühüm təşəbbüslər irəli sürərək BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum keçirməklə bunu ən bariz şəkildə sübut edib. 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə keçirməklə, mühüm tarixi qərarların qəbuluna nail olmaqla Azərbaycan iqlim dəyişmələrindən ən çox zərər görən kiçik ada dövlətlərinin sözünü deyib, haqqını müdafiə edərək ədaləti hər şeydən üstün tutduğunu dünyaya bəyan etmiş oldu...
Otuzillik Qarabağ sindromunu təkbaşına sındıran Azərbaycanın gücü, qüdrəti uğurlu xarici siyasətlə yanaşı, daxili siyasi xəttinin də düzgün, koordinasiyalı formada qurulmasındadır. Bu baxımdan təsadüfi deyildir ki, Azərbaycan beynəlxalq aləmdə sabitlik adası və paralel olaraq inkişaf məkanı kimi tanınır. Təbii ki, bunu şərtləndirən amillər sırasında ideoloji təhlükəsizliyin təmini ilə yanaşı, sosial siyasətin uğurla reallaşdırılması da dayanır. Belə ki, 2003-cü ildən bu günə kimi iqtisadiyyatın gücləndirilməsi ilə yanaşı, dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamlar 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Verilən açıqlamalara görə, gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, pensiyaların indeksləşdirilməsi proqnozlaşdırılır. Ümumilikdə, sosial paket 3 milyon insanı əhatə edəcək...
Ulu Öndər ideyalarını müasir çağırışlara uyğun şəkildə gerçəkləşdirən, siyasi yolun layiqli davamçısı, Müzəffər Lider İlham Əliyevlə əsrimizin möhtəşəm 21 ilini arxada buraxan Azərbaycan bu dövrdə əldə etdiyi nailiyyətlərlə daha böyük hədəflərə doğru irəliləyir. 1993-cü ildən bəri başlayan, 2003-cü ildən sonra yeni mərhələyə yüksələn milli birlik, milli həmrəylik və xalq-iqtidar birliyindən güc alan ölkəmiz üçün tarixi qələbələr bundan sonra da davam edəcək. Sözü ilə imzası bir olan Müzəffər Ali Baş Komandanın da dediyi kimi: “Bizdə nə görürük – daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi. Bax bu bizim siyasətimizin böyük nəticəsidir. Bizim bütün addımlarımız və mənim Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir”.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.12.2024 09:25