NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 950 milyon 248 min 700 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 faiz artaraq 2 024,8 manat olmuşdur.

*** 

2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikada 335 milyon 493 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 1,9 faiz üstələmişdir. Sənaye məhsulunun          299 milyon 173 min 600 manatı və ya 89,2 faizi malların, 36 milyon 319 min 400 manatı və ya 10,8 faizi isə xidmətlərin payına düşmüşdür. 
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,9 faizi emal, 14,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

Cari ilin yanvar-avqust aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 86 milyon 90 min 800 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 17,4 faiz azdır.
İstifadə olunmuş vəsaitin 22 milyon 894 min 600 manatı və ya 26,6 faizi məhsul istehsalı sahələrinə, 21 milyon 339 min 500 manatı və ya 24,8 faizi xidmət sahələrinə, 41 milyon 856 min 700 manatı və ya 48,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala vəsait qoyuluşunun 68 milyon 578 min 800 manatı və ya 79,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,0 faiz azdır.

***

2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikada 246 milyon 461 min 200  manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 143 milyon 14 min 600 manatı bitkiçilik sahəsi üzrə, 103 milyon 446 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,2 faiz, heyvandarlıq məhsulları istehsalı 0,8 faiz artmışdır.

***

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda  4 milyon 720 min 300 ton yük, 31 milyon 329 min sərnişin daşınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,3 faiz artmışdır. 

***

2024-cü ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 22 milyon 523 min manat olmuşdur. Xidmətlərin 46,9 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 806 milyon 388 min 700 manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Ticarət şəbəkəsində 413 milyon 677 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 392 milyon 711 min 300 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

2024-cü ilin yanvar-iyul aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 222 milyon 554 min 300 manat məbləğində kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 5,9 faiz azdır. Verilmiş kreditlərin 19 milyon 319 min 800 manatı və yaxud 8,7 faizi qısamüddətli, 203 milyon 234 min 500 manatı və yaxud 91,3 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 37,6 faiz artaraq 2024-cü il avqust ayının 1-nə milli valyuta ekvivalentində 21 milyon 209 min 600 manat təşkil etmişdir. Əmanətlərin 95,2 faizi milli, 4,8 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 18,8 faiz artmışdır.

***

2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 87 milyon 213 min 910 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7 milyon 287 min 500 dollarını və ya 8,4 faizini ixrac olunmuş məhsulların, 79 milyon 926 min 410 dollarını və ya 91,6 faizini isə idxal məhsullarının dəyəri olub. 2023-cü ilin yanvar-avqust ayıları ilə müqayisədə xarici ticarət dövriyyəsi 16,1 faiz, o cümlədən ixrac 30,0  faiz, idxal 14,6 faiz azalmışdır.

***

2024-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 122 milyon 465 min 600 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.

***

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 776,7 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çoxdur. 

***

1 avqust 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2581 nəfər və ya 0,6 faiz artaraq 469853 nəfər olmuşdur.
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 2153 doğulan körpə qeydə alınmış, ölənlərin sayı isə 1285 nəfər olmuşdur. 

Nəşr edilib : 11.09.2024 14:30