"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə müb...
22:40 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Azərbaycan xalqı 200 ilə yaxın müddətdə müxtəlif xarici siyasi dairələrin ideoloji, mənəvi, hərbi təhdidlərinin, daxildən şəxsi maraqların əsas hədəfinə çevrilərək torpaqlarını qarış-qarış itirirdi. “Böyük Ermənistan” yaratmaq amalı ilə qəbul olunan bu ədalətsiz hökmə, nəhayət ki, 1990-cı illərin əvvəllərində xitam verildi, ölkəni əbədi uçuruma sürükləyən daxili, xarici təxribatların qarşısı alındı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti sayəsində ölkəmizdə siyasət xalqın milli mənafeyinə – dövlətçiliyin möhkəmləndirilməsi, respublikanın inkişafı və itirilən ərazilərin yenidən geri qaytarılmasına yönəldi. Azərbaycançılıq ideologiyası üzərində gənclərlə aparılan ideoloji iş, nəhəng layihələrlə beynəlxalq nəqliyyat marşrutlarına, ticarət xəttinə qoşulmaqla gücləndirilən iqtisadiyyat və bunların müqabilində reallaşdırılan ordu quruculuğu tədbirləri sayəsində hərbi qüdrətin artırılması ilə Azərbaycan hərtərəfli müstəqillik əldə etdi, regionda söz, nüfuz sahibinə çevrildi.
Ulu Öndər yolunun ən böyük təntənəsi isə məhz 2020-ci ilin 44 günündə yaşandı. Sentyabrın 27-də Cəbrayıl, Füzuli istiqamətində başlanan zəfər yürüşümüz noyabrın 8-də Şuşada tarixi qələbə ilə taclandırıldı. Noyabrın 10-da kapitulyasiya aktına qol çəkməklə Ermənistan nəinki öz biabırçı məğlubiyyətini, eynı zamanda onu dəstəkləyən havadarlarının həm siyasi, həm də hərb meydanında Cənubi Qafqazın liderinə uduzduğunu rəsmi şəkildə etiraf etmiş oldu. Bəli, bütün təzyiqlərə və haqsız müdaxilələrə baxmayaraq, Azərbaycan 30 ildir kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin praktiki icrasını özü təmin etdi. Heç kimdən asılı, heç kimə boyunduruq olmadan. Beləliklə, Müzəffər Ali Baş Komandan qüdrətli ordusu ilə 200 illik tarixi ədalətsizliyə son qoymaqla Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, tarixi, əzəli torpaqlarımızı azadlığına qovuşdurdu. Dövlət başçısının 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində dediyi kimi: “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tarixi zəfərimiz hüquqi cəhətdən də əbədiləşdirildi, Şuşa şəhərinin işğaldan azad edilməsinin qələbəmizdəki müstəsna rolu nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə qalib ordunun Müzəffər Ali Baş Komandanı Şuşa şəhərində üçrəngli bayrağımızı əbədi yüksəkliyə ucaltdı.
Tarixə qızıl hərflərlə yazılan 2020-ci ilin 44 gününə aparan yol, Böyük Qələbəni şərtləndirən amillər kifayət qədərdir. Ən həlledici məqam, şübhəsiz ki, dövlət başçısının rəhbərliyi ilə güclü, nizami hərbi birləşmələrin formalaşdırılması istiqamətində reallaşdırılan ordu quruculuğu siyasətidir. Bu xüsusda müdafiə sənayesinin inkişafı, ən yeni texnika və texnologiyalarla təminatla yanaşı, milli kadr potensialının artırılması, döyüş hazırlığının yüksəldilməsi də əsas prioritet məsələ kimi diqqət çəkir. Çünki Qalib Liderin də dediyi kimi, nə qədər güclü texnika, texnologiya olsa da, bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. O sinəsini önə verərək döyüşür, o Vətən uğrunda gözünü qırpmadan şəhidlik şərbətini içir. Bu mənada, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin milli ideologiya, Azərbaycançılıq siyasətinin əsas təntənəsi kimi, 44 gündə özünü ən bariz şəkildə göstərdi. Misilsiz qələbədə XXI əsrin gənclərinin rolu mühüm, həlledici oldu. Prezident İlham Əliyev çıxışlarının birində bu məqama xüsusi toxunaraq deyib: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”. Bəli, vətənpərvər ruhda yetişən qətiyyətli Azərbaycan əsgər və zabiti 44 gün ərzində bir addım belə geri çəkilmədi, ancaq irəli, irəli sədaları ucaldı Vətən torpaqlarında. Düşmənin keçilməz sandığı “Ohanyan” səddini yarıb keçən möhkəm iradəli oğullarımız dağlar aşıb, sıldırım qayalardan dırmanaraq Şuşa qalasına qalxdılar, mənfur düşməni əlbəyaxa döyüşdə məhv edib tarix kitablarından heç zaman silinməyəcək şücaətlik dastanı yazdılar. Bu qəhrəmanlıq salnaməsində ölkəmizin bütün bölgələrinin o cümlədən Naxçıvanın mərd oğullarının da əvəzsiz, danılmaz payı vardır.
Böyük Qələbəni yaxınlaşdıran ən vacib amillərdən biri də, təbii ki, “dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın həmrəyliyi, birliyi oldu. Sentyabrın 27-dən etibarən peşəsindən, mövqeyindən asılı olmayaraq, böyükdən-kiçiyə hər bir azərbaycanlının ürəyi cəbhə ilə döyünür, hər kəs məğrur oğullar üçün, zəfər naminə əlindən gələni əsirgəmirdi. Müzəffər Ali Baş Komandan həm cəbhədə gedən döyüşləri koordinasiya edir, xalqımıza zəfər müjdələri verir, həm də xarici jurnalistlərin suallarına müfəəssəl şəkildə aydınlıq gətirir, xüsusən də apardığımız ədalətli müharibəyə düşmən mövqeyindən yanaşan media nümayəndələrini, Qərb siyasi dairələrini tutarlı cavablarla yerinə oturdurdu. 44 gündə Prezident İlham Əliyev 11 ölkənin 26 KİV-nə müsahibələr verdi ki, bu müsahibələrdə beynəlxalq hüququn prinsipləri, tarixi həqiqətlər və siyasi reallıqlar öz əksini tapdı.
Vətən müharibəsi ilə Azərbaycan təkcə Ermənistana qarşı əks-hücum əməliyyatı keçirmir, həm də xalqımıza yönələn siyasi, iqtisadi, sosial, mənəvi hücumlara qarşı da döyüşürdü, mübarizə aparırdı. “Bir ana olaraq mənim üçün çox çətindir. Evimin tək oğlu idi. Vətən sağ olsun, oğlum Vətən yolunda şəhid oldu”, “Az, amma qürurlu və mərd yaşadı. 10 oğlum olsa, onunu da Vətənə qurban verərdim. Təki, Vətən sağ olsun”. Övladları Vətən yolunda canından keçən anaların dilindən səslənən onlarla belə ifadələr xalqımızın mübarizə əzminin necə əyilməz, birliyinin, həmrəyliyinin sarsılmaz olduğunu, hər bir azərbaycanlı üçün Vətən torpağının həyatda hər şeydən, candan belə üstün tutulduğunu bütün dünyaya sübut etdi.
Vətən müharibəsində qazanılan tarixi zəfərin böyüklüyü həm də ondadır ki, bu sayədə Ağdam, Kəlbəcər və Laçının azadlığı bir güllə atılmadan, qan tökülmədən siyasi yolla həllini tapdı. Ölkə başçısının siyasi iradəsi ilə üçtərəfli bəyanata salınan müddəalar öncə atəşkəsin təmininə, daha sonra isə mərhələli şəkildə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası üçün də zəmin yaratdı. 2023-cü il sentyabrın 19-20-də Ermənistana növbəti ədalət dərsi keçən Azərbaycan qalib ölkə olmaqla yanaşı, suveren dövlət kimi də öz hüququnu özü təmin etdi. Zəfərin 5-ci ildönümü ərəfəsində – cari il avqustun 8-də Prezident İlham Əliyev Vaşinqtonda əldə olunan razılaşmalarla müharibə meydanında olduğu kimi, sülh masasından da qalibiyyətlə ayrıldı. Və qətiyyətli liderin rəhbərliyi ilə artıq Cənubi Qafqazda ədalətli, davamlı sülh və əməkdaşlıq mühiti formalaşmaqdadır.
Misilsiz qələbədən ötən dövrdə Azərbaycan dövləti işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdış siyasətini uğurla həyata keçirir, Qarabağ torpağının hər qarışına həyat qayıdır, soydaşlarımız öz yurdlarına geri dönür, bayram tonqalları qalanır, təhsil, səhiyyə, mədəniyyət sahələri dirçəldilir, xalqımızın ən qiymətli sərvətləri olan milli mənəvi dəyərlərimiz, tarixi abidələrimiz bərpa olunur. Zəngilanda, Füzulidə, Laçında, Şuşada, Xocalıda, Xankəndidə dalğalanan, müstəqilliyimizin, ərazi bütövlüyümüzün rəmzi sayılan üçrəngli bayrağımız dostumuza fəxarət, düşmənimizə gözdağı verir. Zəfərimiz bütün dünya ictimaiyyəti tərəfindən rəğbət qazanıb, xalqımız qətiyyətli liderin rəhbərliyi ilə sübut edib ki, o öz torpağına bağlıdır, andına sadiqdir, iradəlidi, güclüdür. Prezident İlham Əliyevin cari il oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə dediyi kimi: “Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu”. Qələbən əbədi, zəfərin mübarək olsun, Azərbaycan!
Nail ƏSGƏROV
Digər xəbərlər