Naxçıvanda hamilə qadın vəfat edib
16:33 18.01.2025
0
0
0
NAXÇIVAN :
18 Yanvar 2025, Şənbə
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrindən 35 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
20 Yanvar Ümumxalq Hüzn Günü çağdaş tariximizə qanla yazılmış şanlı bir tarixdir. Xalqımızın heç vaxt unutmayacağı, həm də qürurla xatırlayacağı həmin tarix 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İmperiyasının zülmünə qarşı azadlıq mübarizəsinin doğuluşu ilə əlamətdardır.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş qanlı cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir. Ulu Öndər Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir. İmperiya idarəçiliyinin mövcudluğu dövründə ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək böyük cəsarət və qorxmazlıq tələb edirdi. Ancaq SSRİ rəhbərliyinin ünvanına açıq şəkildə söylədiyi fikirlər, baş vermiş hadisəyə, tökülən qanlara kəskin etirazı dahi şəxsiyyətin ən ağır günlərdə belə xalqı ilə bir olduğunun danılmaz sübutu idi.
Xalqımızın o ağır günlərində Ulu Öndər Heydər Əliyev Moskvadan doğma Vətənə qayıtdı. Görkəmli dövlət xadimi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da ovaxtkı hakimiyyət tərəfindən ona böyük təzyiq və hədələr göstərilirdi. Buna baxmayaraq, Ulu Öndərimiz Vətənə döndü. Dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da ona olan inamı bütün xain qüvvələrin arzularını ürəklərində qoydu.
Xalqımıza qarşı törədilən bu ağır faciəyə ilk siyasi qiymət də Ulu Öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində verilmişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul olunmuşdur. Həmin tarixi sənəddə deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır”. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması öz əksini tapmışdır. Həmçinin 1992-ci il yanvarın 13-də daha bir tarixi addım atılaraq “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
Məhz görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz Ümummilli Liderimizin təşəbbüsü ilə baş vermişdir.
Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının müstəqillik yolunda mübarizə tarixi kimi xarakterizə edərək demişdir: “20 Yanvar gününü xatırlayarkən hər birimiz, eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”.
Görkəmli dövlət xadiminin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin qanlı gecədə sağlamlıqlarını itirənlərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında saxlanılan torpaqlarımızı hərbi yolla azad etdi. Vətən müharibəsində yüzlərlə qəhrəman Vətən övladı ərazi bütövlüyümüz uğrunda canlarını fəda etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilmiş faciə ilə müstəqillik illərinin ilk şəhidlərini verən Azərbaycan, bundan 30 il sonra yenə şəhidlər verərək bu müstəqilliyin tamlığını – ərazi bütövlüyünü təmin etdi. Müstəqillik uğrunda mübarizlik əzmini tarixin səhifələrinə şəhidlərinin qanı ilə yazan Azərbaycan bundan sonra da öz qəhrəman övladları ilə qürur duyacaqdır.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər