Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantıların...
13:08 20.09.2026
0
0
0
NAXÇIVAN :
20 Sentyabr 2026, Bazar
20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının müasir tarixində yalnız siyasi və hüquqi məna daşıyan əlamətdar tarix deyil. Bu gün, eyni zamanda milli yaddaşın, dövlətçilik düşüncəsinin, tarixi şüurun və mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki dövlət suverenliyi yalnız ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması ilə məhdudlaşmır. Suverenlik, həm də xalqın öz tarixinə, dilinə, mədəniyyətinə və milli-mənəvi irsinə sahib çıxmaq, onları qorumaq və gələcək nəsillərə layiqincə ötürmək iradəsinin ifadəsidir.
Azərbaycan Respublikasında 20 sentyabrın “Dövlət Suverenliyi Günü” kimi təsis edilməsi Prezidentin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə rəsmiləşdirilib. Bu qərarın əsasını 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması təşkil edir.
Lakin bu tarixi mərhələyə gətirən yol yalnız bir günün və ayrı-ayrı hadisələrin nəticəsi kimi qiymətləndirilə bilməz. Azərbaycanın dövlətçilik tarixi xalqımızın əsrlərboyu formalaşmış milli iradəsi, azadlıq düşüncəsi və dövlət qurmaq ənənəsi ilə sıx bağlıdır.
Bu baxımdan, 20 sentyabr tarixini yalnız hərbi-siyasi hadisələrin nəticəsi kimi deyil, milli yaddaşın və mədəni şüurun mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Çünki dövlətçilik tarixinin davamlılığı tarixi hadisələrin baş verməsi ilə yanaşı, onların xalqın yaddaşında necə qorunması və gələcək nəsillərə necə ötürülməsindən asılıdır.
Xalqın tarixi yaddaşı yalnız arxiv sənədlərində və salnamələrdə qorunmur. O, nəsildən-nəslə ötürülən mahnılarda, dastanlarda, xalq oyunlarında, mərasim və ayinlərdə, memarlıq nümunələrində, ədəbi əsərlərdə və səhnə sənətində öz əksini tapır. Bu baxımdan, mədəni irs tarixi yaddaşın qorunmasının və yaşadılmasının mühüm vasitələrindən biridir.
Azərbaycanın zəngin mədəniyyət tarixində muğam, aşıq sənəti, xalq teatrı, meydan tamaşaları, Novruz mərasimləri, dastan yaradıcılığı və digər folklor nümunələri xalqımızın milli-mənəvi dünyasının formalaşmasında mühüm rol oynayıb. Bu yaradıcılıq formaları yalnız xalqın estetik zövqünü deyil, onun dünyagörüşünü, tarixi təcrübəsini, həyat fəlsəfəsini və mənəvi dəyərlər sistemini də yaşadaraq nəsillər arasında mənəvi bağlılığın qorunmasına xidmət edib.
Müasir dövrdə də tarixi hadisələrin sənət vasitəsilə milli yaddaşa çevrilməsi prosesi davam edir. Vətən müharibəsi və sonrakı tarixi proseslər ədəbiyyatda, musiqidə, təsviri sənətdə, kinoda və teatrda müxtəlif bədii ifadə formalarının yaranmasına və inkişafına təkan verib. Bu əsərlərin əhəmiyyəti yalnız tarixi hadisələri xatırlatmaqla məhdudlaşmır. Onlar həmin hadisələrin mənəvi mahiyyətini açmaq, tarixi yaddaşı möhkəmləndirmək və bu yaddaşı gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bu prosesdə teatr sənəti özünəməxsus ifadə imkanları ilə seçilir. Teatr tarixi hadisələri yalnız nəql etmir, onları canlı insan obrazları, aktyor oyunu, söz, musiqi, işıq və səhnə vasitəsilə tamaşaçıya çatdırır. Beləliklə, tarixi hadisə faktlar toplusu olmaqdan çıxaraq insan taleləri, mənəvi seçimlər və emosional yaşantılar vasitəsilə canlı sənət hadisəsinə çevrilir.
Suverenlik mövzusu da teatr sənəti üçün geniş yaradıcılıq imkanları açır. Tarixi mövzuların səhnə təcəssümü hadisələrin xronoloji ardıcıllığı ilə məhdudlaşmamalı, onların arxasında dayanan insan talelərini, yaddaş və itki hissini, ümid və gələcəyə inamı da üzə çıxarmalıdır.
Müharibədən qayıdan insanların həyat hekayələri, doğma yurda qayıdış, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, tarixi-mədəni irsin bərpası və milli yaddaşın qorunması müasir Azərbaycan teatrı üçün mühüm dramaturji material təşkil edə bilər.
Belə əsərlərdə əsas məqsəd tarixi hadisələri olduğu kimi təkrarlamaq deyil, onların insan və cəmiyyət üçün daşıdığı mənəvi və ictimai mənanı üzə çıxarmaqdır. Tarix səhnədə yalnız keçmiş haqqında məlumat verən hadisələr silsiləsi kimi deyil, müasir insanı düşünməyə sövq edən canlı mənəvi təcrübəyə çevrilməlidir. Bu mənada, teatr tamaşaçının keçmişə və milli yaddaşa münasibətini formalaşdırmaqla yanaşı, gələcək nəsillərə hansı mənəvi və mədəni dəyərlərin ötürülməsi olduğu barədə düşüncə yaradır.
Tarixi yaddaşın yalnız kitab və sənət əsərlərində deyil, şəhər məkanında da yaşadılması xüsusi əhəmiyyət daşıyır. Küçələrin, meydanların, parkların, abidələrin və digər ictimai məkanların adlandırılması kollektiv yaddaşının formalaşmasına və tarixi hadisələrin gündəlik həyatın bir hissəsinə çevrilməsinə xidmət edir.
Bu baxımdan, 2026-cı ildə Bakı Metropoliteninin yeni stansiyasına “20 sentyabr” adının verilməsi diqqətəlayiq nümunədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli 262 nömrəli Qərarı ilə Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi 194 ünvanında yerləşən yeni stansiyanın “20 sentyabr” adlandırılması qərara alınıb. Beləliklə, tarix yalnız təqvimdə qeyd olunan gün kimi deyil, şəhər məkanında da öz simvolik ifadəsini tapır.
Dövlət Suverenliyi Gününün əsas mənalarından biri tarixi nailiyyətləri yalnız xatırlamaq deyil, onların yaratdığı məsuliyyəti də dərindən dərk etməkdir. Suverenliyin möhkəmləndirilməsi və davamlılığının təmin olunması hüquqi dövlət prinsiplərinə, vətəndaş məsuliyyətinə, milli həmrəyliyə, iqtisadi və mədəni inkişafa əsaslanır. Bu baxımdan, suverenliyin qorunması yalnız dövlət institutlarının deyil, bütövlükdə, cəmiyyətin üzərinə düşən məsuliyyətdir.
Mədəniyyətin üzərinə düşən əsas vəzifələrdən biri də dəyərlərin cəmiyyətin mənəvi həyatında yaşadılmasına və yeni nəsillərə ötürülməsinə xidmət etməkdir. Tarixi hadisələrin sənət əsərlərində əks etdirilməsi, gənclərin milli mədəni irslə tanışlığının genişləndirilməsi, muzeylərin, teatrların, kitabxanaların və digər mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi milli yaddaşın davamlılığı üçün mühüm əhəmiyyət daşıyır.
20 sentyabr Azərbaycan tarixində yeni təqvim günüdür. Lakin onun məzmunu yalnız bir tarixi hadisənin xatırlanması ilə məhdudlaşmır. Bu tarix müstəqillik, dövlətçilik, ərazi bütövlüyü, milli yaddaş və gələcək haqqında düşünmək üçün mühüm bir imkandır.
Mədəniyyətin gücü də məhz bundadır. O, tarixi yalnız qoruyub saxlamır, onu yaşadır, mənalandırır və nəsildən-nəslə ötürür. 20 sentyabrın mənası gələcək nəsillər üçün yalnız “Nə baş verdi?” sualının cavabı ilə məhdudlaşmamalı, “Bu tarix bizə nə öyrədir?” sualını da gündəmə gətirməlidir.
Çünki suverenlik yalnız dövlət sərhədlərinin bütövlüyü ilə deyil, həm də xalqın öz tarixini unutmamaq, mədəni irsini qorumaq, milli kimliyini yaşatmaq və gələcəyini müəyyən etmək iradəsidir. Bu tarix milli yaddaşın, mədəni irsin və dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsi üçün yeni bir mənəvi başlanğıc kimi dəyərləndirilə bilər.
Gülxarə ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər