Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibət...
17:36 17.05.2025
0
0
0
NAXÇIVAN :
17 May 2025, Şənbə
17 may bütün dünyada “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur. Bu günün tarixi 1865-ci il mayın 17-də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması və ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanmasından başlayır. Bu il 160 illiyi qeyd edilən günün əsas məqsədi internetdən və digər informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və iqtisadiyyata təklif edə biləcəyi potensial barədə məlumatlılığı artırmaq, eləcə də rəqəmsal uçurumun azaldılması zərurətini təşviq etmək məqsədi daşıyır.
Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Dövlətimiz tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daim islahatlar aparılır. Müasir şəraitdə aparılan islahatların nəticəsində cəmiyyətin ən əsas inkişaf istiqamətlərinin rəqəmsallaşmasına və informasiyalaşdırılmasına, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının yeni bir prioritet sahə kimi inkişafına çox böyük şərait yaranıb. Azərbaycanda informasiya cəmiyyəti qurulması istiqamətində görülən işlərin təməli isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ilə qoyulub və bu Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.
İKT-dən geniş istifadə olunması, rəqəmsal savadlılığın artırılması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün əsas vasitələrdəndir. Artıq bir çox sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulan informasiya cəmiyyəti qurulması istiqamətində məqsədyönlü siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılması üçün “Poçt rabitəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktlar qəbul olunmuş, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilmiş, gənclərin müasir informasiya kommunikasiya texnologiyaları üzrə artırılması üçün ölkəmizdə bütün şərait yaradılmış, bütün tədris müəssisələrində zəruri infrastruktur qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılmasına öz töhfəsini verməkdədir. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet istiqamətlər əsas hədəflərdəndir.
Ölkəmizdə informasiya cəmiyyətinin, elektron dövlətin, informasiya və biliklər iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı internet infrastrukturu inkişaf etdirilmiş, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz internet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir. Bu strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə, növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaratmış oldu.
Müasir dünyada İKT-nin dinamik inkişafı, rəqəmsallaşmaya sürətli keçid, informasiya texnologiyalarının bəxş etdiyi yeniliklərin və informasiya bolluğu özündə təhlükələrin mövcudluğuna şərait yaradaraq kibercinayətkarlara geniş meydan açır. Bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” xüsusi əhəmiyyətə malikdir.
Bunlarla yanaşı, son zamanlar müxtəlif sahələrdə süni intellektin tətbiqi bir çox sahələrdə uğur qazandırmışdır. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilmişdir. Bu strategiyada ölkəmizdə rəqəmsal inkişafın təşviqi, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, bu sahədə bilik və bacarıqların genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması kimi bir çox məsələlərə xüsusi diqqət yetirilir.
Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmiş, müasir rabitə və informasiya texnologiyaları ölkəmizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmışdır.
Muxtar respublikada bu sahənin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi məqsədilə mühüm işlər həyata keçirilməkdədir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından təqdirəlayiqdir. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görülmüş və mühüm addımlar atılmışdır.
2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən “Naxçıvan Muxtar Respublikasında idarələrarası elektron informasiya mübadiləsi sistemi” yaradılmış və fəaliyyətinin təmin edilməsi barədə işlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sistemin texniki infrastrukturu qurulub, təhlükəsizliyi təmin edilib və fəaliyyəti təşkili olunub, muxtar respublikada 70-dən artıq qurumdan mindən artıq işçinin sistemə keçidi həyata keçirilib. Hazırda 70 faiz qurum idarələrarası elektron sənədləşmədən istifadə edir.
Qeyd olunanlarla yanaşı, muxtar respublikada informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Elektron imzanın tətbiqi genişləndirilir, davamlı olaraq e-imza istifadəçilərinin sayı artır, o cümlədən muxtar respublikada elektron ticarətin inkişafı üçün mühüm layihələr gerçəkləşdirilir.
Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt və nəqliyyat sistemini də əhatə etmişdir. Müasir informasiya texnologiyalarının tətbiqi, yenitipli elektron xidmətlərin göstərilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada müasir İnformasiya Kommunikasiya Texnologiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, elektron xidmətlərin artırılması, rəqəmsallaşmanın təmin edilməsi, mobil rabitənin inkişafı, internet xidmətlərinin əlçatanlığı və keyfiyyətinin artırılması fonunda fiber-optik şəbəkənin, eləcə də data idarəçiliyinin formalaşdırılmasına əsas zəmin yaradacaqdır.
İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Belə ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar RespublikasıRəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin mətbuat xidməti
Digər xəbərlər