NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

150 yaşlı qoca çinarın balaca fidanları

...

Artıq iki ildən çoxdur ki, muxtar respublikamızda “Məktəbli” adlı qəzet fəaliyyət göstərir. Bu qəzeti digər mətbuat orqanlarından fərqləndirən əsas cəhət qəzetin materiallarının təkcə peşəkar jurnalistlər yox, məktəblilər tərəfindən də hazırlanmasıdır. Qəzetdə həvəskar məktəbli rəssamların, fotoqrafların, yazarların redaksiyaya ünvanladığı esse, hekayə, şeir, foto və rəsmləri yer alır. Qeyd edək ki, hazırda “Məktəbli” qəzetində 5 həvəskar müxbir, 2 həvəskar rəssam və bir fotomüxbir fəaliyyət göstərir. 
Milli mətbuatımızın 150 illiyini qeyd edəcəyimiz tarixi gün ərəfəsində biz də 104 yaşlı qoca çinarın – “Şərq qapısı” qəzetinin kölgəsində  balaca müxbirlərlə görüşüb onları yaxından tanımaq istədik. İlk müsahibimiz qəzetdə maraqlı esseləri ilə seçilən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Lalə Quluzadədir. 
13 yaşlı Lalə deyir ki, “Məktəbli” qəzeti ilə ilk tanışlığı elə məktəbdə olub. Burada həmyaşıdlarının müxtəlif mövzularda esselərlə çıxış etdiyini gördükdə o da esselər yazaraq qəzetə göndərmək qərarına gəlib və qəzetdəki fəal iştirakına görə bu il “Həvəskar müxbir” adına layiq görülüb. O deyir: “Çox sevinirəm ki, məktəblilərə xitab edən qəzetin həvəskar müxbirləri sırasında mən də varam. Ən böyük arzum gələcəkdə peşəkar jurnalist kimi Vətənə, xalqa xidmət etməkdir”.
Kiçikyaşlı həvəskar rəssam Bəhruz Kəngərli Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdidir. 
“Məktəbli” qəzetinin həvəskar rəssamı olan Bəhruz Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində rəssamlıq üzrə təhsil alır. Bəhruz deyir ki, o həm qəzetin rəsm guşəsinə rəsmlər göndərir, həm də digər uşaqların yazdıqları hekayə və nağıllara uyğun rəsmlər çəkir. Qeyd edək ki, balaca Bəhruzun dahi rəssam Bəhruz Kəngərlinin “Köç” əsərindən təsirlənərək çəkdiyi rəsm xüsusi maraqla qarşılanıb. Bəhruzun ən böyük xəyalı bərpaçı rəssam olmaqdır. “MEDİAFEST-2025”də də iştirak edən müsahibimin ağ-qara fonda çəkdiyi Həsən bəy Zərdabinin rəsmi tədbir iştirakçılarının diqqətini cəlb edib. 
Qəzetdə fəallıq göstərən digər balaca 9 yaşlı Mirhüseyn Seyidli Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdidir. 2024-cü ilin mart ayından qəzetlə əməkdaşlıq edən Mirhüseyn deyir ki, o, qəzetə göndərilən hekayələrə uyğun  rəsmlər də çəkir. Məktəbli qəzetinin həvəskar rəssamı adına layiq görülməyi isə onu daha da ruhlandırıb. 
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Kənan Kamilli gələcəyin fotomüxbiri olmaq yolunda ilk addımlarını atır və “Məktəbli” qəzeti onun təcrübə əldə etməsində böyük rola malikdir. Mütəmadi olaraq qəzetə çəkdiyi fotoları göndərən Kənan deyir ki, fotoqrafiya mənim hobbimdir. Fotomüxbirlik isə, həqiqətən, maraqlı bir işdir və mən ətrafda olan gözəllikləri hamıya çatdırmaqdan zövq alıram.
Son müsahibim Mahir Oruclu Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. “Məktəbli” qəzetinin balaca oxucuları onu maraqlı hekayələrin müəllifi kimi tanıyır. Mahir bildirir ki, lap kiçik yaşlarından nağıl və hekayə kitabları oxumağı çox sevir. Özü də ətrafında baş verən hadisələrlə bağlı hekayələr yazmağa başlayıb. Yazdıqlarını “Məktəbli” qəzetinin ünvanına göndərən Mahir mütəmadi əməkdaşlıq etdiyinə görə qəzetin həvəskar müxbiri olub. Onun arzusu gələcəkdə yazıçı jurnalist olmaqdır. 
Bu gün gələcəkdə Azərbaycan mətbuatı­na öz bacarıqları ilə töhfə verməyə çalışan balaca məktəblilərlə həmsöhbət olduq. İnanırıq ki, ulu Naxçıvanın bu balaca fidanları gələcəkdə xan çinara çevrilib Vətənimizin tarixini, gözəlliklərini yaddaşa köçürən  istedadlı şəxslərdən olacaqlar. 

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 22.07.2025 18:50