NAXÇIVAN :

14 Mart 2025, Cümə

Naxçıvanın qəhrəmanlar yetişdirən 125 yaşlı təhsil ocağı

...

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix elmləri doktoru Zeynəb Quliyeva Sədərək rayonunun Dəmirçi kənd tam orta məktəbinin məzunudur. Söhbət əsnasında oxuduğu məktəbin bu il 125 yaşı olduğunu fəxrlə diqqətə çatdırdı. Bildirdi ki, özünün də bu sahədə kifayət qədər araşdırmaları var. Həmin araşdırmalardan yola çıxaraq muxtar respublikadakı ən yaşlı məktəbin dünəni və bu gününə nəzər salıb siz, əziz oxucularla bölüşmək istədik. 125 il, əlbəttə, az zaman deyil. Demək ki, məktəb köklü ənənələrə sahibdir və Azərbaycan təhsil mühitinə töhfələrini verib. 
Dəmirçi 2021-ci il martın 13-dən Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Buna qədər Dəmirçi Şərur rayonunun tərkibində olub və adı XVIII əsr mənbələrində Quşçu (Dəmirçi) kimi qeyd edilib. Belə ehtimal olunur ki, həm Quşçu, həm də sonradan Quşçu adına əlavə edilən Dəmirçi etnotoponimdir. Türk tayfalarının adı ilə bağlıdır. 1933-cü ilədək arxiv sənədlərində də bu yaşayış məntəqəsinin adına Quşçu-Dəmirçi olaraq rast gəlinməkdədir. Tarixçi-alim Zeynəb Quliyevanın Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsindən əldə etdiyi sənədlərə əsasən Dəmirçi məktəbi Naxçıvanda ilk xalq məktəbləri Yengicə, Cəlilkənd, Cəhri məktəbləri ilə eyni dövrdə fəaliyyət göstərmişdir. İrəvan quberniyasının Naxçıvan qəzasının direksiyası tərəfindən 1 oktyabr 1900-cü il tarixli sərəncamla yaradılan birsinifli məktəbin açılması üçün əhali imza toplamışdır. İdarəçi Şəmiddin Mahmudbəyov, şəriət müəllimi Molla Nəcəf Molla Nağı oğlu və gözətçi Əmir Şamilbəyov məktəbdə məsul şəxslər olub. Məktəbin açılması üçün lazım olan xərclərin 700 manatı xəzinə tərəfindən, 200 manatı Quşçu-Dəmirçidə yaşayan 207 ailə və Maxtada yaşayan 182 ailə tərəfindən ödənilmiş, qalanı isə o zaman Şərur-Dərələyəz Qəzasının Qaraburc Kənd İcmasına daxil olan kəndlər arasında bölüşdürülmüşdür. 27 şagirdlə fəaliyyətə başlayan məktəb ətraf kəndlərin uşaqlarının da təhsil almasında mühüm rola sahib olmuş və göstəricilər ilbəil artan xətlə davam etmişdir. Maxta, Qaraburc, Kərimbəyli, Ortulu-Təzəkənd, Saraclı, Kürkəndi və Axaməd kənd­lərindən təhsil almaq üçün yol qət edərək Dəmirçiyə gələn uşaqlar sonralar özləri maarifçiliyin yayılmasında, elmin, təhsilin tərəqqisində rol oynamışlar. 
1941-1945-ci illər müharibəsinin çətinliklərinə rəğmən məktəb fəaliyyətini uğurla davam etdirmişdir. Müsahibimiz arxiv sənədlərinə əsasən məktəbin müəllimlərinin – Həsən Fərəcovun, Laləzar Kələntərlinin, Sabir Rəsulovun, hərbi rəhbər İbrahim İbrahimovun və direktor İsmayıl Hüseynovun adlarını minnətdarlıqla çəkir. Bildirək ki, bütün bu faktorlar tarix elmləri doktoru Zeynəb Quliyevanın həmmüəllifi olduğu “Sədərək rayonunun tarixi” kitabında öz əksini tapıb. 
Maarifpərvər ziyalıları, uşaqların yoluna işıq tutan, onları cəmiyyətə, Vətənə elmli, bilikli şəxs kimi yetişdirən müəllimləri ehtiramla yad edir və Dəmirçiyə doğru yol alırıq. Məktəbə getməmişdən əvvəl təqaüddə olan 72 yaşlı müəllim, milliyyətcə belarus Bezbida Aleksandr Yakov­leviçi evində ziyarət etmək qərarına gəldik. Gözlərinin nurunu zərrə-zərrə şagirdlərinə pay verən müəllimin baxışları bir nöqtəyə zillənsə də, o baxışlardakı məhəbbəti sezməmək mümkün deyil. Orta təhsil aldığı illərdən, daha sonra müəllim kimi çalışdığı doğma məktəbindən şövqlə danışır. O illərə qayıdıb, müəllimlərini – Kərim Kərimovu, Bəhlul Sərvərovu, Binyət Yusifovu sevgi ilə xatırlayır: “Onlar bizim təhsil almağımız üçün fədakarlıq göstərirdilər. Məktəbdə savad kursları təşkil olunmuşdu. O zaman latın qrafikalı əlifba idi. Biz oxuduğumuz illərdə məktəb 8 illik idi. 1978-ci ildə kənddə yeni məktəb tikildi. Köhnə məktəbin binasında isə 1996-cı ilə kimi texniki-peşə məktəbi fəaliyyət göstərdi”. 
42 illik pedaqoji təcrübəyə malik olan Bezbida Aleksandr Yakovleviç məktəbin ilk ali təhsilli coğrafiya müəllimi olub. Bu fənni neçə-neçə şagirdinə sevdirib. Hazırda oğlu Elmar Bezbida atasının yolunu davam etdirir. 
Dəmirçi məktəbi yalnız elm, bilik irfanları yetişdirməklə kifayətlənməyib, həm də qəhrəmanlar yetişdirib, elinə, obasına, yurduna, yuvasına bağlı. Məktəbin məzunları Sədərək döyüşlərində, eləcə də Vətən müharibəsində şücaət göstərib, 13 nəfəri şəhidlik zirvəsinə ucalıb. Deyərdim ki, vətənpərvərlik bu məktəbin ən ali göstəricilərindəndir. Məktəbdə şəhidlərə həsr olunmuş guşə yaradılıb. Siniflər şəhidlərin adını daşıyır. Vətəni qorumaq kimi şərəfli missiyanı davam etdirənlər hazırda Ali Hərbi məktəblərdə, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Hərbi Kollecində təhsil alırlar. Son 10 ildə məktəbin 30-dan çox məzunu hərbi peşəsini seçib. 
Aldığımız yüksək təəssüratlarla məktəblə tanışlığımızı davam etdiririk. Məktəbin direktoru Şükür Allahverdiyev deyir ki, hazırda burada 581 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 20 məzundan 14-ü ali məktəblərə qəbul olub. Bu il məktəbi 41 məzun bitirəcək. Gözləntilərimiz daha çoxdur. Bunun üçün məktəbin pedaqoji kollektivi səylə çalışır. 2013-cü ildə məktəbdə yenidənqurma işləri aparılıb. 1024 şagird yerlik məktəb muxtar respublikada mövcud olan ən böyük, müasir və ən yaşlı məktəblər sırasındadır. 
Torpağa kök atmış nəhəng palıd ağacını xatırladan bu qocaman məktəbin kollektivi ilə sonda xatirə fotosu çəkdiririk. Müəllim ehtiram olunası ən müqəddəs peşə sahibi, şagirdlər isə gələcəyimizdir. 3 mərtəbəli təhsil məbədgahının önündə qürurla dayanırıq. Əminik ki, 125 yaşlı Dəmirçi kənd tam orta məktəbi qeyrət qalası Sədərəyin, Naxçıvanımızın və nəhayət, ölkəmizin işıqlı gələcəyi naminə bundan sonra da layiqli fəaliyyəti ilə bilikli, vətənpərvər gənclik yetişdirəcəkdir. 

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 19.02.2025 11:40