NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

108 illik yolun yarıməsrlik yolçusu

...

Bəzi peşələr var ki, onlara, sadəcə, sənət demək azdır; onlar insan mənəviyyatının, fədakarlığının ən uca nöqtəsidir. Tibb işçisi olmaq da belədir — hər gün ağrıyla, acıyla üz-üzə gəlmək, amma hər səhər yenidən içindəki ümid işığını ətrafa paylamaqdır. Ağxalatlı qəhrəmanlar sadə bir insan deyil, bəzən ümidini itirmiş bir xəstənin sığınacağı ən son ümid limanı olurlar. 17 iyun Tibb işçilərinin peşə bayramı günü münasibətilə, ömrünün 50 ilini insanların sağlamlığına həsr etmiş həkim stomatoloq Aydın Tarışov haqqında söz açıb, onun ömür yoluna boylanırıq.

Aydın Tarışov 1943-cü ildə Şahbuz rayonunun füsunkar təbiətli Kükü kəndində dünyaya göz açıb.Uşaqlıq arzusu həkim olmaq sadəcə bir xəyal olaraq qalmır. O, məqsədinə doğru inamla addımlayaraq 1965-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olur və burada təhsil alır.

Təhsilini başa vurduqdan sonra doğma yurduna qayıdan Aydın həkim Şahbuz Rayon Mərkəzi Xəstəxanasında 3 il həkim-stomatoloq kimi fəaliyyət göstərir. Daha sonra ordu sıralarına çağırılır və 29 nömrəli Hərbi Hospitalda 3 il müddətində hərbi həkim kimi xidmət edir. Hərbi intizam və hospital təcrübəsi onun bir həkim kimi peşəkarlığını daha da cilalayır.

Hərbi xidmətdən qayıtdıqdan sonra Aydın həkimin həyatında ən mühüm və şərəfli dövr başlayır. O, doğulub boya-başa çatdığı Kükü kəndində tam 41 il boyunca Kükü Kənd Ailə Sağlamlıq Mərkəzində baş həkim vəzifəsində çalışır. O, hər səhər xəstəxana qapısından içəri addımlayanda öz şəxsi qayğılarını, yorğunluğunu kənarda qoymağı bacaran, bəşəriyyətin ən çətin və ən şərəfli missiyasını çiyinlərində daşıyan bir fədakardır.

Aydın həkim fəaliyyəti dövründə biliyi və yüksək peşəkarlığı ilə seçilərək dövlət tərəfindən hər 5 ildən bir keçirilən attestasiya imtahanlarını uğurla tamamlamış və iki dəfə ardıcıl olaraq tibb sahəsinin ən yüksək rütbəsi sayılan "Ali Dərəcəli Həkim" statusuna layiq görülmüşdür. Onun iş masasının üzərində həmişə tibbi kitablar, xəstəlik tarixçələri və bir də yorğun, amma heç vaxt solmayan təbəssümü olur. Aydın həkimlə həmsöhbət olduqda anlayırsan ki, əsl loğmanlıq təkcə düzgün diaqnoz qoymaq və ya resept yazmaq deyil; əsl həkimlik həm də xəstənin ruhuna toxunmaq, onun qorxularını bir baxışla, bir isti sözlə dağıda bilmək sənətidir.

Son 4-5 ildir ki, səhhəti ilə bağlı yaranan bəzi çətinliklərə rəğmən, Aydın həkim peşəsinə olan o böyük, tükənməz sevgisi sayəsində bu gün də sənətindən uzaq düşməyib. O, hazırda da Kükü Kənd Ailə Sağlamlıq Mərkəzində həkim-stomatoloq kimi aktiv fəaliyyətini və xalqa xidmətini uğurla davam etdirir. Bu gün də ağ xalatını geyinib kənd sakinlərinin sağlamlığı üçün çalışması əsl qəhrəmanlıq və gənc həkimlər üçün unudulmaz bir örnəkdir.

Tibb işçilərinin peşə  bayramı günü münasibətilə Aydın Tarışov başda olmaqla, canımızı, sağlamlığımızı etibar etdiyimiz bütün fədakar həkimlərimizi, tibb bacılarımızı ürəkdən təbrik edirik. Bayramınız mübarək, şəfalı əlləriniz var olsun!

Səmayə Rəsulova

Nəşr edilib : 17.06.2026 09:10