Tramp: Putin və Si Cinpinlə nüvə silahlarının ləğv...
00:19 20.10.2026
0
0
0
NAXÇIVAN :
20 Oktyabr 2026, Çərşənbə axşamı
Ömrün 80-ci pilləsindən geriyə baxanda
105 yaşlı “Şərq qapısı”nı vərəqlədikcə 70-ci illərin saralmış səhifələrində tanış imzalara rast gəlirsən. Aralarında tanımadıqlarım da var. Amma yazılarını oxuduqca, həmin qələm sahibini göz önündə canlandırmaq çətin deyil. Çünki qəzetdə imza sahibi olmaq hər əlinə qələm alanın nəsibi olmur. Ustad Mirzə Cəlilin sözləri ilə desək, qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu yolda şərəflə xidmət edənlərdən biri ömrünün 80-ci pilləsində addımlayan qocaman jurnalist Aydın Tarverdiyevlə görüşə tələsirəm. Qəzetimizin növbəti sayını çapa hazırladıqdan sonra fotoqrafımız Səməd Seyidovla birgə 21-ci məhəllədə, yol kənarında yerləşən evin önündə dayanırıq. Aydın müəllim gülərüzlə bizi qarşılayıb evinə dəvət edir. İlk olaraq kitab rəfində qoruyub saxladığı qəzetləri göstərir. Səliqə ilə yığılmış həmin qəzetlərdə dərc olunan yazılardan, ötən illərdən danışır.
– Etiraf edim ki, jurnalist olmaq taleyimi bu qeyri-adi peşəyə bağlamaq heç xəyalıma da gəlməzdi. İndiki kimi yadımdadır, 1962-ci ilin gözəl yaz günlərindən biri idi. Oxuduğum 2 nömrəli məktəbin akt zalı bütünlüklə yuxarı sinif şagirdlərinin ixtiyarına verilmişdi. Həmin gün orada nəğməkar şair İslam Səfərli ilə şagirdlərin görüşü keçirilirdi. Görüşün səhəri günü ədəbiyyat müəllimim Hüseyn Məmmədov məni yanına çağırıb dedi: “Aydın, sən bizim ədəbiyyat dərnəyinin ən fəal üzvlərindənsən. Dünənki görüş haqqında “Şərq qapısı”na bir yazı hazırla”. Kərpici vərəqə yazdığım iki səhifəlik yazını qəzetə təqdim etdim. Bir neçə gün sonra sinif yoldaşım Solmaz əlində bir qəzet hay-küylə sinfə girdi: “Uşaqlar, muştuluq! Aydının “Şərq qapısı”nda məqaləsi çıxıb!” Həmin məqalə əl-əl gəzdi. O yazıdan sonra uşaqlar mənim adımın qabağına “müxbir” sözünü əlavə etdilər. Məktəbimizdə keçirilən tədbirlər, görüşlər haqqında yazılar yazmağa başladım. 1965-ci ildə məktəbi bitirdim. İş elə gətirdi ki, sənədlərimi Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə verməli oldum. Müsahibədən keçə bilmədim. Naxçıvana qayıdıb tikinti idarəsində işə başladım. Qəzetlə əlaqəmi isə kəsmədim. Naxçıvanda aparılan tikintilərdən, qabaqcıl inşaatçılardan yazılar hazırlayıb göndərirdim.
Yoldaşı Zöhrə xanım bizi çay süfrəsinə dəvət edir. Söhbətimizə pürrəngi çay süfrəsi arxasında davam edirik. Aydın müəllim deyir ki, həyatda insanın şansı həm də onun qabağına necə adamların çıxmasından asılıdır. İllər keçsə də, unutmadığı hadisəni nəql edir:
– Nahar fasiləsindən qayıdıb işə tələsirdim. Köhnə şərab zavodunun qabağında əynində qara meşin pencək, şlyapa olan bir kişi qabağımı kəsdi. Dedi: “Mirzə, sən harada işləyirsən?” Dedim, 1 nömrəli məktəb üçün inşa olunan binanın tikintisində. Dedi: “Get öz işinlə məşğul ol. Biz icazə verə bilmərik ki, hər yerindən qalxan yazı yazsın”. Bu adam həmin dövrdə qəzetin məktublar şöbəsinin müdiri idi. Mən həmin gündən yazı yazmağı dayandırdım. Amma qəzetçilik mənim alın yazım imiş. Baş redaktor Rəşid Qazıbəyovun dəvəti ilə redaksiyaya yollandım. Məni qəzetin məsul katibi Sevindik Həmzəyevlə tanış etdi. Dedi ki, onu da sənin kimi tikintidən qəzetə mən dəvət etmişəm. Bu gün qəzetimizin ən gözəl yazarlarından biridir. Beləcə, qəzetdə ilk olaraq korrektorlar şöbəsində fəaliyyətə başladım.
İşlədiyi dövrdə BDU-nun Jurnalistika fakültəsini bitirən Aydın müəllim “Şərq qapısı”nı özü üçün ən böyük universitet, ən böyük müəllim hesab edir.
1981-ci ildə “Sovet Naxçıvanı” və “Sovetskaya Naxçıvan” adı ilə nəşr olunan qəzetin 60 illiyi münasibətilə səmərəli fəaliyyətinə görə təltif olunduğu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanını göstərir.
Müəllimlərini ehtiramla xatırlayan müsahibim jurnalistikadan dərs deyən tanınmış pedaqoq və jurnalist Nəsir İmanquliyevin məsləhətini həmişə qulağında sırğa etdiyini deyir: “Yazılarınızın canı sərlövhənin düzgün seçilməsidir. Bu birinci şərtdir. Oxucu sərlövhəni görən kimi yazını oxuyacaq”. Ardınca sərlövhə ilə bağlı xatirəsini bölüşür:1987-ci il avqustun 19-da qəzetdə dərc olunan “Bir müəssisənin iki sahibi, yaxud yem laboratoriyasında hərc-mərclik” sərlövhəli yazı mənimçün başağrısına çevrildi. Tənqidi yazı idi. Mənim ünvanıma şər-böhtan dolu yazılar yazıb yuxarı təşkilatlara göndərdilər. Yoxlamadan sonra məlum oldu ki, mən düzünü yazmışam. Adları çəkilən işçiləri də məhz yazıdan çox sərlövhə narahat edirmiş. Aydın müəllim söhbətin bu yerində “Şərq qapısı”nın tarixindən danışmağa başlayır.
– Fikrimcə, Naxçıvanda mətbuatın inkişafı sahəsində yeni mərhələnin başlanğıcı 2000-ci ilin əvvəllərinə təsadüf edir. Həmin ilin mart ayında Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Milli Mətbuatının yaradılmasının 125 illiyi haqqında” Fərman bu sahədə mühüm rol oynadı. Elə o vaxtdan “Şərq qapısı”nın həyatında dönüş mərhələsi başladı. Bir insan ömründən çox ömrə sahib qəzet 105 il ərzində muxtar respublikamızın canlı salnaməsinə çevrilib. Naxçıvanda maarifin, elmin, ictimai fikrin formalaşmasında mühüm rol oynayıb.
80 illik ömrünün 45 ilini jurnalistikaya həsr edən müsahibim 1992-ci ildən fəaliyyətini Naxçıvan radiosunda davam etdirib. 19 il radionun İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru kimi çalışıb, onlarla qələm sahibinin yetişməsində əməyi olub. 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb. Fəaliyyəti dövründə daha çox kənd həyatı, təsərrüfatın ayrı-ayrı sahələrindən yazan, Naxçıvanı qarış-qarış gəzən, 25 illik salnaməsinin hər səhifəsində izi, nəfəsi olan qocaman jurnalistlə sağollaşanda illərin səsindən “yorğun” düşmüş diktofonunu mənə bağışlayır. Diktofon artıq işləmir. Amma bir jurnalistin peşəsinə sədaqətinin, sevgisinin şahidi olan, özündə neçə-neçə xatirə daşıyan bu əşyanı mənə bağışlaması mənim üçün sadəcə, bir hədiyyə deyil. Bu, nəsillər arasında mənəvi körpüdür. Qələmdən-qələmə, sözdən-sözə ötürülən, illərin ayıra bilmədiyi qırılmaz bir bağdır. 105 yaşlı qocaman mətbuat orqanı da öz varlığını məhz belə möhkəm körpülər, belə sevgilər üzərində qoruyub.
Və bu gün saralmış səhifələri vərəqlədikcə anlayırsan: “Şərq qapısı”nın tarixini, əslində, təkcə qəzetin yaşadığı illər deyil, bu illərə öz ömrünü, qələmini və nəfəsini, bəxş edən insanlar yazıblar.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər