NAXÇIVAN :

12 Iyun 2025, Cümə axşamı

Elmlə sənətin vəhdətini yaşayan və yaşadan rəssam

img

Təsviri sənətin müxtəlif növlərində öz gücünü sınayan rəssamlarımızdan biri də Şəmsiyyə Zalovadır. O, Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür. Rəssam, eyni zamanda elm sahəsində – AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşıdır. İlk rəssamlıq vərdişlərinə hələ uşaqlıq illərindən yiyələnən rəssam bu gün bu yolda uğurla addımlayır. Deyir ki, orta məktəbdə oxuyarkən Ulu Öndərimiz Heydər Əliyevin və Zərifə xanım Əliyevanın irihəcmli portretlərini işləmişdim. Portretlər çox maraqla qarşılandı və oxuduğum məktəbin foyesində asıldı. Məktəbimizə gələn qonaqlar həmin portretlərə baxanda çox qürurlanırdım. O portretlər mənim ən böyük uğurlarımdan biri idi.

Şəmsiyyə xanım deyir ki, rəssamlığa bağlanmaqda ən böyük dəstəkçisi valideynləri olub. Onlar övladlarını həmişə həvəsləndirir, ona rəssamlıq ləvazimatları alırdılar. Və beləcə rəssam Şəmil Mustafayev və Aydın Rəcəbovdan öyrənir rəssamlıq sənətinin sirlərini. Orta məktəbdə oxuyarkən məktəblilərarası keçirilən rəsm müsabiqələrinin qalibi olur.

Öyrənirik ki, təsviri sənətin müxtəlif növlərində işləri var. Lakin daha çox qrafika sənətini üstün tutur. Karikatura, şarj janrları ilə tanışlığı universitet illərində olub. Milli karikatura və şarj janrında yaratdıqları ilə rəssamlıq sənətimizə öz töhfəsini əsirgəməyən rəssamın ilk hesabat xarakterli sərgisi 2010-cu ilin may ayında, universiteti bitirərkən təşkil edilib. Elə o vaxt universitetdə qalıb işləmək təklifi alan rəssam bu sənətin sirlərini bir çox tələbə-rəssama aşılayıb. Rəssamın ikinci sərgisi isə 2016-cı ildə yenidən Naxçıvan Dövlət Universitetində keçirilib.     

2017-ci ildə rəssamın növbəti, daha geniş sərgisi Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunub. “Biz” adlı bu sərgidə rəssamın 50-ə yaxın karikatura və şarj janrında çəkilmiş əsəri nümayiş etdirilib. Sərginin ən maraqlı məqamlarından biri isə o olmuşdur ki, sərgilənən şarjların heç birinin altında təsvir edilən şəxsin adı yazılmamışdı. Rəssamın personajlarının hər biri özünü ekspozisiyada axtarıb tapırdı. Sərgilənən işlərin bir çoxu hazırda şəxsi kolleksiyalarda saxlanılır.                                                          

Rəssamın elmi sahəyə olan marağı 2018-ci ildən başlayıb və onu AMEA Naxçıvan Bölməsinə gətirib. Elm sahəsində də qrafika sənətini böyük həvəslə tədqiq edən rəssamın karikatura janrına olan marağının səbəbini soruşduq. Rəssam deyir:

– Zəngin ənənələrə malik Azərbaycan milli karikatura janrı, təsviri sənətimizin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçmişdir. Bu məqamda “Molla Nəsrəddin” jurnalını xüsusilə vurğulamaq istəyirəm. Çünki Azərbaycanın milli karikatura sənətindən soraq verən “Molla Nəsrəddin” jurnalı, əksər yaradıcılıq istiqamətləri ilə birgə, rəssamlıq sənətini də özündə təcəssüm etdirib. Diqqətimizi çəkən məqamlardan biri məhz odur ki, jurnaldakı karikaturalar ən az satirik yazılar qədər qüvvətli təsir bağışlayır. Milli təsviri sənətimizin bu zəngin ənənəsini yaşatmaq, karikatura janrının yeni nümunələrini yaratmaq biz rəssamlar üçün ən ümdə vəzifələrdən biridir.                                             

– Sizcə karikatura ilə şarjın fərqi nədir? Şarjını çəkdikləriniz sizdən inciyiblərmi?

– Karkitura və onun bir növü olan şarj haqqında deyə bilərəm ki, karikaturadan fərqli olaraq şarjda rəssam qəhrəmanına istehza etmir, onu gülünc vəziyyətə salmır. Rəssamın burada əsl məqsədi qəhrəmanının xarakterik cizgilərini işıqlandırmaqdır. Məhz buna görə də bu janr daha çox “dostluq şarjı” adı ilə tanınır. Bir sözlə, şarj rəssamın gördüklərinin, sadəcə, vizual ifadəsidir. Karikaturada isə rəssam qəhrəmanının psixologiyasına qədər enir. Bu gün üzvü olduğum Naxçıvan MR Rəssamlar Birliyində mütəmadi olaraq karikatura, şarj sərgiləri keçirilir. Eyni zamanda əməkdaşı olduğum AMEA Naxçıvan Bölməsində də karikatura və onun aid olduğu qrafika sənətinin tədqiqi sahəsində əhəmiyyətli işlər görülür. Bu istiqamətdə “Molla Nəsrəddin jurnalında İosif Rotter imzası”, “Fırçaları Mollanəsrəddincə danışan əcnəbi rəssamlar”, “Molla Nəsrəddin” jurnalı və qrafika sənəti”, “Əzim Əzimzadə yaradıcılığında 100 tip” və sair kimi məqalələrim çap olunub.  

Söhbət zamanı onun rəsmlərinə də baxdıq. “Mirzə Cəlil”, “İosif Rotter”, “Səttar Bəhlulzadə”, “Hüseyn Razi” və bir çox obraz rəssamın yaradıcılığında yer alıb. Qeyd etmək yerinə düşər ki, Mollanəsrəddinçi rəssamların personajları Şəmsiyyə Zalovaya uğur gətirən əsərlərin ərsəyə gəlməsində böyük rola malikdir. Belə ki, rəssamın “Mirzə Cəlil”, “Mirzə Ələkbər Sabir”, “Əzim Əzimzadə”, “İosif Rotter” kimi şarj-portretləri həmin personajların vəhdəti ilə işıqlanır. Bu isə istedadlı rəssamın yaradıcı təxəyyülünün zənginliyindən xəbər verir. Rəssam eyni texnika ilə hazırda yeni əsərləri üzərində işləyir.  

Qeyd edək ki, rəssamın portret, kitab tərtibatı və sair kimi təsviri sənətin digər sahələrində, eləcə də arxeologiya sahəsində olan işləri də diqqətimizdən yayınmadı. Elmin və sənətin vəhdətinə üstünlük verən rəssama gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Aidə İBRAHİMOVA

DAHA ƏTRAFLI