Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bəzən insanın içində elə bir hiss baş qaldırır ki, şəhərin səs-küyündən, beton divarların darıxdırıcı təkrarlığından qaçıb könlünü dağlara verərək bir qələm, bir də vərəq götürüb dağlara məktub yazmaq istəyir. Ruhunun bir küncündə tozlanmış səyyah çantasını çıxarıb, arzularını büküb içinə yerləşdirir və yol alır ucsuz-bucaqsız dağlara. Elə bil, bu yol fiziki bir məsafə deyil, ruhun azadlığa doğru səssiz çağırışıdır.
Yollar uzandıqca uzanır... Bir tərəfdə səssizcə müşahidə edilən dağlar, digər tərəfdə zamanın içindən bulaq formasında süzülüb gələn xatirələr. Elə bil, bu yollar bir zamanlar eşqin, sədaqətin və əfsanələrin izlərini daşıyır. Kim bilir, bəlkə, min il əvvəl bir karvan bu yolda susuzluqla sınanıb, bəlkə də, iki aşiq əl-ələ tutaraq eyni dağlara baxıb bir gələcək xəyal edib... Dağları uzaqdan görəndə elə bilirsən ki, bir az daha getsən, əlinlə toxuna biləcəksən o zirvələrə. Amma yaxınlaşdıqca anlayırsan ki, bu zirvələr yalnız fiziki yox, ruhun yetkinliyi ilə ölçülən bir məsafədədir. Hər addımda bir az daha hiss edirsən, onların sükutla danışan dili var. Onlar danışmır, amma anlayırsan ki, səbrin, dərinliyin, əbədi gözəlliyin simvoludur bu dağlar.
Naxçıvanın dağ havası elə bir sehrə malikdir ki, nəfəs aldıqca içini duruldur, sanki bütün çirklər, bütün ağırlıqlar yavaş-yavaş yox olur. Əsən külək həzin musiqi kimi qulaqlarında səslənir. Günəşin yumşaq şüaları üzünə dəyəndə elə bil, bir ana əlidir, nə yandırır, nə də soyudur, sadəcə, toxunur...
Yollarla irəlilədikcə dağlar bir-birini əvəzləyir. Bəziləri yaşılın min bir çalarında, bəziləri qırmızı və qəhvəyi torpağın sanki əl ilə çəkilmiş fırça izləri ilə boyanıb. Hər biri bir tablodur, Tanrının fırçasından çıxmış nadir sənət əsəri kimi... Bəzən elə təbii və simmetrik harmoniya görürsən ki, sadəcə, durub düşünürsən...
Dağların qoynundan axan bulaqlar, hər damlası şəfa kimi... Avtomobilin arxasında qopan toz buludu, geridə qalan həyatın izlərini göyə sovurur. Dağ çiçəklərinin, xüsusilə də kəklikotunun yaydığı o sirli qoxu sanki bir anlıq zamanı öz yerində dayandırır.
Ordubad, Culfa, Sədərək, Şərur, Şahbuz... Sanki qədim bir məbədi qoruyan keşikçilər kimi Naxçıvanın ətrafını dövrəyə alıb. Və o uca zirvələrin timsalında Qapıcıq, Salvartı, Haçadağ, Əlincə, Nəhəcir... Onlar, sadəcə, coğrafi adlar deyil, onlar bu torpağın nəbzini tutan, onun kimliyini qoruyan simvollardır.
İnsan bəzən elə bir nöqtəyə çatır ki, hər addımda dayanmaq, nəfəs almaq, bir fincan çay içib gözlərini dağlara zilləmək istəyir. Amma o çay sıradan bir içki olmamalıdır, dağların ətəklərindən yığılan limon ətirli kəklikotu ilə dəmlənmiş çay olmalıdır. Həmin çay ki qoxusu səni illərlə əvvələ, nənəmin mis samovarına aparır, yaylağa qalxan heyvan sürülərinin səsi fonunda içilən, sadə, amma sirli bir dad...
Bəzən dağ yollarında o qədər irəliləyirsən ki, içində qəribə bir tanışlıq hissi oyanır. Sanki bir film səhnəsindəsən. Elə o anlarda özünü uşaqlıqdan seyr etdiyin Amerika filmlərində hiss edirsən. Böyük Kanyonu seyr edən qəhrəman kimi dayanırsan, baxırsan və anlayırsan: “Ahann, mənim Kanyonum buradır: Əlincəmin zirvəsi, Haçadağımın sükutu, Naxçıvanımın nəfəsi...”
Çünki bəzən insanı xoşbəxt edən nə varacağı zirvədir, nə də geridə qoyduğu yol. İnsanı xoşbəxt edən o zirvəyə baxarkən içindən keçən, adını qoya bilmədiyi hissdir. O hiss ki bir sən başa düşürsən, bir dağlar, bir də qələmə aldığın həmin o məktub...
Rafiq TƏHMƏZ
Digər xəbərlər