Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
57 bazarından reportaj
Qidalanma rejimində xüsusi yerə malik olan balığın çox vacib bir qida sayılmasının səbəbi onun həm insan orqanizmi üçün zəruri maddələrlə zənginliyi, həm də orqanizmi müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Bu canlının faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydaları alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə aydınlaşdırılıb.
Balıq əti dadlı və şirəli olmaqla bərabər, insan orqanizmi tərəfindən tez həzm edilir. Balıq və balıq məhsulları digər heyvan mənşəli zülallı məhsullara nisbətən iqtisadi cəhətdən çox sərfəlidir. 1 qram treska zülalı eyni miqdarda toyuq zülalından 6 dəfə, inək və qoyun zülalından 3 dəfə ucuzdur. Balıq “zəka qidası” da adlandırılır, çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3 yağ turşularını ehtiva edən maddədir. Balıq yağının tərkibində olan omeqa-3 yağ turşusu qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır. Biz də bu faydalı qidanın Naxçıvan bazarlarındakı satış yerlərində olub alıcılar və satıcılar ilə həmsöhbət olduq.
Həftəsonu olması bazarda hərəkətliliyi daha da artırmışdı. Piștaxtalar boyu göz gəzdirdikcə səs-küy, balıq qoxusu və satıcıların bıçaq səsləri bir-birinə qarışmışdı. Girişə yaxın balıq köşkünün qarşısında alıcıların növbə ilə dayanması diqqətimizi çəkdi. Kimisi təzə tutulmuş balığı seçir, kimisi isə kənarda dayanan satıcının əlində təmizlədiyi balığın hazır olmasını gözləyirdi. Biz də diqqətimizi elə həmin köşkün qarşısına yönəltdik. Piştaxtanın arxasında çalışan ata və oğul balıqları düzür, satır və eyni anda müştərinin istəyinə uyğun təmizləyirdilər. Yaxınlaşıb söhbətləşdikdə öyrəndik ki, Ümid atası ilə birlikdə işləyir.
O bildirdi ki, əsasən, sazan, farel, sudak və falaslovik satırlar Qiymətlər də mövsümə uyğun dəyişir. Hazırda sazan 10 manat, sudak 8 manat, sümüklü balıqlar isə 4-5 manat aralığında satılır, qiymətin dəyişməsində balıqların bolluğu mühüm rol oynayır.
Söhbətləşdiyimizi görən Zakir Qurbanov bizə qoşulur:
“Balıqçıların ən çox eşitdiyi suallardan biri isə balığın təzə olub-olmaması ilə bağlıdır. Təzə balığı tanımağın yolları çoxdur, amma ən sadəsi isə balığın ya qulağını qaldırıb baxırsan, ya da gözlərinə baxırsan. Gözləri batıbsa, bil ki, o balıq təzə deyil. Təzə balığın gözləri həmişə parlaq, qulaqları isə qırmızı olur”.
Alıcılardan 70 yaşlı Naxçıvan şəhər sakini Validə Məmmədova qeyd etdi ki, hər il balıq mövsümü başlayanda o tez-tez balıq alır. Çünki bu qidanın insan orqanizminə necə faydalı olduğu haqqında məlumatı var. Bu nemətin faydalarının çox olduğunu bildirən müsahibim deyir ki, balıqdan müxtəlif növ yeməklər bişirir. Ətli, yağlı balıqdan kotlet, sümüklü balıqdan isə balıq şorbası hazırlayır.
Həmsöhbətlərimizdən ayrılır, bazara göz gəzdiririk.
Bazarın içində səs-küy hələ də davam edir. Biz söhbətimizi bitirib köşkdən aralandıqda ata və oğul yenidən işlərinə qayıtdılar: biri balığı təmizləyir, digəri isə alıcılarla qiymət danışırdı. Bazarın çıxışına çatanda son dəfə arxaya boylandıq. Piştaxtanın üstündə düzülən balıqlar yenə alıcısını gözləyirdi. Havalar sərin keçdiyi müddətcə bu mənzərə dəyişməyəcək.
Zəhra VƏLİYEVA
Digər xəbərlər