NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Zəhmət və əzm məni Azərbaycan çempionluğuna aparıb

...

Bakı şəhərində kadetlər, yeniyetmələr və gənclər arasında XXIX Azərbaycan birinciliyi keçirilib. Üç gün davam edən yarışda 93 klubdan 819 idmançı iştirak edib. Naxçıvan Muxtar Respublikasından yarışa qatılan idmançılardan yalnız biri mükafatçılar sırasına düşüb. Belə ki, məşqçi Etibar Qəribovun rəhbərliyi ilə “Ləvənt” Döyüş Klubunun heyətində 56 kiloqram çəki dərəcəsində çıxış edən Aminə Novruzzadə keçirdiyi üç görüşün hər birində tam üstünlüklə qələbə qazanaraq qızıl medala sahib çıxıb. Biz də Azərbaycan çempionu Aminə xanımın təəssüratlarını öyrəndik: “Hazırda kikboks üzrə idmanla məşğulam və bu sahə üzrə kifayət qədər qalibiyyətim var. Lakin əlavə olaraq da  8 ildir, karate idman növü ilə də  peşəkar şəkildə məşğulam. Bu illər ərzində əldə etdiyim uğurların əsasında zəhmət, fədakarlıq və böyük əzm dayanır. I dərəcəli idman ustasıyam və 6 dəfə Azərbaycan çempionu olmuşam. Eyni zamanda məktəblərarası qaçış yarışlarında dəfələrlə I yerə layiq görülmüş, məktəbimizin adını layiqincə təmsil etmişəm”. Müsahibimiz qeyd etdi ki, son olaraq XXIX Azərbaycan Çempionatında iştirak edərək üç döyüş keçib və hər üç döyüşü vaxtından əvvəl böyük üstünlüklə rəqiblərini nokaut edərək başa vurub: “Bu uğurum sayəsində həm birinciliyi qazanmış, həm də Azərbaycan milli yığma komandasına daxil olunmağa layiq görülmüşəm. Bu mənim üçün böyük şərəf və məsuliyyətdir. Qazandığım nailiyyətlər təkcə mənim deyil, xüsusilə də məşqçim Etibar Qəribovun və valideynlərimin əməyi və dəstəyi nəticəsində mümkün olub. Əgər onların mənə verdiyi dəstək və inam olmasaydı, bu zirvəyə çatmaq asan olmazdı. Hər gün səylə, nizam-intizamla məşqlərimi vaxtında yerinə yetirmiş, hədəflərimə doğru addımlamışam.
Gələcəkdə daha böyük uğurlar qazanmağı, dünya arenasında ölkəmizi layiqincə təmsil etməyi və üçrəngli bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmağı qarşıma məqsəd qoymuşam. Mən əminəm ki, zəhmət, əzm və Vətən sevgisi ilə bu arzumu da gerçəkləşdirəcəyəm”.
Biz də gənc idmançımıza bu yolda uğurlar arzu edirik!

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 11.07.2025 11:19