NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Zəfərin Zəngilan səhifəsi

...

Zəngilan – bərəkətli torpaqları, gözəl meşələri, təbii sərvətləri, filiz yataqları, çayları və dünyada ikinci, Avropada birinci olan təbii çinar meşələri – saymaqla bitməyən  gözəllikləri olan bir diyar. Ətəyindən Xan Arazın laylası eşidilən, çinar meşələrindən təbiətin gözəllikləri görülən, bulaqlarından zümzümələr gələn qədim Azərbaycan torpağı. Ana Vətənin 28 illik həsrəti. İgid oğulların canı, qanı, nəfəsi bahasına 44 günün 23-cü səhərində yaşadığımız qələbə sevinci. 
Zəngilanlılar bu gün öz torpağına qovuşur, lakin 1993-cü ilin həmin çətin günlərini unutmurlar. Həmin günlərdə yolları hər yerdən bağlanmış zəngilanlıların iki yolu var idi: ya Araza qərq olacaqlardı, ya da Xocalı sakinlərinin taleyini yaşayacaqlardı. Belə bir çətin vəziyyətdə bir əl uzandı onlara və zəngilanlıları ölümdən xilas etdi. Taleyin ədalətli məntiqinə baxın ki, Heydər Əliyev zəngilanlıların xilaskarı oldu, Onun davamçısı isə Zəngilanın xilaskarı. Zəngilan işğaldan 44 günlük Vətən müharibəsinin 23-cü günündə azad edildi. Böyük Qayıdış ilk olaraq elə axarlı-baxarlı, çinar meşəli Zəngilandan başladı. Həmin Zəngilandan ki 28 il yad tapdaqda qalıb, amma əyilməyib. Dövlət başçısı tərəfindən 2021-ci ildə ilk “Ağıllı kənd”in təməli qoyuldu. 2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. 
Kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzində “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edir və müraciəti yerindəcə həll olunur. Kənddə gələcəyimiz olan uşaqların yaxşı təhsil alması üçün hərtərəfli şərait yaradılıb. Belə ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası inşa olunub. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.
Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla, 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir ünvanın açılışı ilə yadda qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı isə daha bir əlamətdar hadisə idi. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizdə tikilən üç Beynəlxalq Hava Limanının biri Zəngilan rayonu ərazisindədir. Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı ölkəmizin iqtisadi və maliyyə imkanlarını nümayiş etdirməklə yanaşı, bu ərazinin strateji əhəmiyyətini təsdiqləyir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm faktordur.
Vətən savaşından keçən illərdə dövlətimizin başçısının Zəngilan rayonuna 12-dən çox səfəri reallaşıb. Ölkə başçısının Zəngilana səfəri çərçivəsində təməlini qoyduğu ümumi sahəsi 2,06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə, ümumilikdə, 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır. Azərbaycan Prezidentinin təkcə 2024-cü il oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Zəngilanda açılışında və təməlqoyma mərasimində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirməklə bu günədək görülən işlər haqqında aydın təsəvvürə malik olmaq mümkündür. Bu səfər çərçivəsində “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılış mərasimi oldu. Zəngilan şəhərində beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. 104 mənzilli yaşayış kompleksinin tikintisi, həmçinin Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə də tanışlıq oldu. Zəngilan şəhərində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. 
Bütövlükdə, atılan hər bir addım Zəfərimizin əbədiləşdirilməsinə, “Böyük Qayıdış” proqramının tam tərkibdə uğurla başa çatmasına xidmət edir. Bu gün işğalçılardan təmizlənmiş bütün torpaqlarımız, o cümlədən Zəngilan şəhəri böyük quruculuq meydanına çevrilib. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. İşğaldan azad edilmiş ərazilərdəki məscid və tarixi abidələrin bərpasını aparan fond Zəngilan rayonu ərzisində yerləşən məscid və abidələrə yeni həyat verir. 
Qədim Zəngilanı Naxçıvanla ayıran, təxminən, 40 kilometrlik Zəngəzur dəhlizidir. Sovetlər dönəmində Mincivan stansiyasına Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan qatarları gəlirdi. Bir vaxtlar bu yerlərin, yurdların insanları öz vaxtını, zamanının ölçüsünü o qatarların hərəkət qrafiki ilə qururdular. Böyük zəfəri qazanan xalq təkcə torpaqlarını işğaldan azad etmədi, həm də yeni yollar, üfüqlər açdı. Bu gün artıq Azərbaycanın dəmir yolları Zəngəzura və dünyaya açılmağa hazırdır. Tezliklə Mincivandan keçən qatarlarla Naxçıvandan keçib Avropaya yol alacaq. Və bu qatarlar Azərbaycanı dünya ilə qovuşdurmaqla qalmayıb qalib xalqı dünyaya tanıdacaq. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 20.10.2025 00:14