Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Real hisslərin danışdıqları…
İki əsrin ayrıcında dayanmışam. Bir tərəfimdə keşməkəşli, ağır günlərdən əziyət çəkən, ərazi bütövlüyü pozulan, xəyanətə uğrayan Azərbaycan, bir tərəfimdə isə o günləri geridə qoyub tarixi zəfərləri ilə gözoxşayan zəngin inkişaf modelli bütov Azərbaycan.
Yadımdadır, mən hələ uşaq idim, böyüklərimiz bayram günlərində bir-birinə arzularını dillərinə belə gətirirdilər: “O gün gəlsin ki, işğaldan azad olan torpaqlarımızda bu bayramı qeyd edək”.
Yurd nisgili həyat şərtlərimizi də ağırlaşdırmışdı. Bu dərin və kədərli hissləri, o məşəqqətli tale yollarını, keçmişin qaranlıq səhifələrini böyüyəndən sonra dərk etdim. Elə bil acı həqiqətlər o günlərin tarixinə işıq tutaraq onları diqqətlə izləməyə çağırırdı. Azadlığı əlindən alınan məhkum xalqın dünənində konstitusiyası, suverenliyi olmayan 90-cı illər Azərbaycanını aydın görmək olur. Bu dünən sıldırımlı daşlarda, divarlarda, yollarda yatan tarixdə zülmətə düçar olan, dili kəsilən illərini giley edirdi. Burada yaşanan haylı-küylü günlər yaşamaq hüququ əlindən alınan insanların, əsir olmuş ömürlərin dramı idi.
Tarixin amansız üzü…
Gəldik ağrılı-acılı Azərbaycan tarixinin 1987-1994-cü illərinə. Sovet ideologiyasının etnik təmizləmə siyasəti, ardı-arası kəsilməyən erməni hiylələrinin ən geniş vüsət aldığı o illər milli istiqlal hərəkatını başlatdı. Müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə çevrildi. Xalqın bir istəyi vardı: azad və suveren olmaq. Xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti elə düşmənlərin xeyrinə dəyişirdilər. Pərakəndə xalq artıq kimə və nəyə inanacağını bilmirdi. Qarabağ məsələsi hələ qanlı münaqişəyə çevrilməmişdən ona aparan mərhələlər ardıcıl, növbəli şəkildə hiyləgər ermənilərə havadarlıq edən Moskva tərəfindən hazırlanırdı. Sovet rejimi öz hökmünü yeritmək üçün qara planlar qururdu. 1989-cu ildə azərbaycanlıların Ermənistandan vəhşicəsinə deportasiyası bu planın girişi idi. Ardınca Sumqayıt hadisələri, sovet ordusunun Azərbaycana hücumu xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən adamların ucbatından 1990-cı ildə 20 Yanvar faciəsi baş verdi. Bu ağır günlərdə xalqın ən böyük dəstəkçisi xalqın oyanışını təmin edən Ulu Öndər Heydər Əliyev oldu. Dahi şəxsiyyət 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Ardınca elə bizə düşmənçilik edən sovet imperiyasının mərkəzində – Moskvada mətbuat konfransı keçirdi və öz həyatını təhlükəyə ataraq bütün həqiqəti səsləndirdi. 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gələn Ümummilli Liderimiz xalqın xilaskarına çevrildi.
Müstəqil kimliyimizin carçısı Konstitusiyamız...
Uzaqgörən siyasətçi Ümummilli Lider Heydər Əliyevin uğurlu ardıcıl siyasəti ilə 1991-ci il oktyabrın 18-i Azərbaycan ilk dəfə müstəqil dövlət elan edildi. Ölkənin sərhədində yerləşən qonşu dövlətlərlə əlaqələr quruldu, 70 illik həsrətdən sonra Naxçıvanın Türkiyə Respublikası ilə əlaqələri bərpa edildi. İlk cəhdlər uğurlu olsa da, müstəqilliyimizin sonrakı günlərində məkrli qonşular və onların havadarları sayəsində xalqımız öz müstəqilliyini yaşaya bilmədi. Ardı-arası kəsilməyən düşmən təxribatları və I Qarabağ müharibəsi bizə müstəqilliyin şirinliyini dadmağa imkan vermədi. 1990-1994-cü illərdə ərazi bütövlüyümüz pozuldu, torpaqlarımız düşmən tapdağı altına düşdü. Necə deyərlər, müstəqilliyimiz sarsıldı. Bir ölkənin azadlığı və müstəqilliyi iki meyarla bəlli olar. Birincisi onun hakimiyyətini təsdiqləyən Konstitusiya, ikincisi isə onun ərazi bütövlüyünün təmin olunması ilə.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Аzərbаycаn Rеspublikаsı Milli Məclisinin 2 mаy 1995-ci il tаriхli Qərаrı ilə 33 nəfərdən ibаrət Коnstitusiyа kоmissiyаsı yаrаdıldı. Коnstitusiyа kоmissiyаsının sədri, dahi şəxsiyyət Hеydər Əliyеv yеni, milli Коnstitusiyаnı sоn dərəcə mükəmməl bir sənəd кimi hаzırlаmаğı tövsiyə еdərək dеyirdi: “Biz еlə bir lаyihə hаzırlаmаlı və nəhаyət, еlə bir Коnstitusiyа qəbul еtməliyik ki, о, müstəqil Аzərbаycаn Rеspublikаsının dеmоkrаtik prinsiplər əsаsındа uzun müddət sаbit yаşаmаsını təmin еdən Əsаs Qаnun, tаriхi sənəd оlsun”.
Azərbaycan xalqı qanunyaradıcı prosesin bilavasitə subyekti qismində iştirak etdi: 1995-ci il 12 noyabrda Azərbaycan Respublikası Konstitusiyası qəbul olundu. Bu sənədlə biz ilk dəfə müstəqil olduğumuzun fərqində olduq. I maddədə qeyd olunan “Hakimiyyətin mənbəyi xalqdır” müddəası insan amilənə verilən ən yüksək ali dəyərdir. Qeyd olunan prinsiplərin konstitusion norma kimi təsbit edilməsi Konstitusiya çərçivəsində Azərbaycan Respublikasının demokratik quruluşuna verilən ən mühüm təminatlardan biri oldu. Müstəqilliyimizin ilk carçısı Konstitusiyamız müstəqillik duyğusunu bizə yaşatdı. Lakin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında qeyd olunan prinsiplərdən birincisi Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq olsa da, təəssüf ki, bu, real təzahürünü təccəssüm etdirmirdi. Səbəb isə ərazi bütövlüyümüzün pozulması idi.
Suverenliyə gedən yol...
28 il idi ki, hər şey əleyhimizə idi. Beynəlxalq dəstək, beynəlxalq baxışlar daxil. Dünya dövlətlərinin ehtirasları öz boylarını aşmışdı, axın etmişdi beynəlxalq arenaya. Burunlarının dikinə gedən acgöz ermənilər qondarma Qarabağ yaratmışdı. Bu yalanın üstündə oturmuş, sərxoş olmuş, təlxəklik edib murdar ayaqları ilə müqəddəs dağlarımızda rəqs də etmişdilər. Gerçəklərdən uzaq bir dövlət düzəltmişdilər uşaqcasına. Tarixi, mənsubiyyəti olmayan bir dövlət... Qondarma və plansız bir dövlət. İllərlə boğulurdu haqq səsimiz. Ədalət çağırışımız beynəlxalq aləmə çatmırdı. Çünki hiyləgər düşmənə tuş gəlmişdik. Düşmənlər o illərdə gedişatı saxtakarlıqla dəyişməyə səy göstərsələr də, hər çirkin yola əl atsalar da, tarixi gerçəklikləri dəyişə bilmədilər.
Vaxtilə Vətənimizdən zorla qoparılan torpaqları dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyəti, igid oğulların qanı, hünəri ilə azad etdik. O oğullar ki, müharibədə canlarını fəda etdilər, sona qədər mübarizə aparıb dəmir yumruğun gücü ilə qazandılar şanlı qələbəni bütünləşdik. Bütövləşdik. Bu gün 30 il yurddaşına həsrət qalan torpaqlarda bayrağımız daha məğrur, daha vüqarla dalğalanır.
Bu gün Şuşanın dağları əl-ələ verib “Başını dik tut, Vətən torpağı - sən qalibsən!”, Kəlbəcərin yamacları “Səsi gəlir Qələbənin!”, Laçın yolu “Blokada yarılır, Azərbaycan birləşir!”, Zəngilan çinarları “Bu nə gözəl sevinc müjdəsinin rəngidir!” hayqırır. Füzulinin düzləri “İllərin yığışan həsrət sevinci zəfərlərlə yuyulur”, Cəbrayılın çağlayan səmaları “Şəhidlərin ucalan ruhu səmalarda fəxr edir”, Naxçıvan qucaq açıb anamız Azərbaycanla qol-boyun olur!
Və bu şanlı tariximizə imza atan böyük sərkərdəmiz Ali Baş Komandan cənab İlham Əliyev gecə saatlarında şanlı zəfər xəbərini xalqına müraciət edərək çatdırdı: "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Suverenliyin tam bərpası və ya ikinci Zəfər...
İkinci Qarabağ müharibəsi bizə Böyük Qələbənin sevincini yaşatsa da, lakin tam suverenlik əldə olunmamışdı. 2023-cü il sentyabrın 19-dan 20-sinə keçən gecə antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Beləliklə, sentyabrın 20-də 24 saatdan da az, (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan antiterror tədbirləri öz real nəticəsini verdi. Ordumuz bizə yaraşan şəkildə qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək düşmənə ağır zərbələr vurdu. Ardınca suverenliyimizin tam bərpası məqsədilə 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı o tarixi gündə qeyd etdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı… Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi”.
Xalq bir daha şahidi oldu ki, cənab Prezidentin sözü imzasıdır. Dedi və etdi. Budəfəki imza isə həm də tam suverenliyimiz oldu. Artıq tam suverən bir ölkə olduqdan sonra haqqı ilə 28 dekabr 2024-cü il tarixdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi.
İkinci Zəfərin Böyük Lideri…
Hegomon dövlətlərin yanında kiçik dövlətlər o zaman nüfuzlü dövlətə çevrilir ki, onun rəhbəri söz sahibi, böyük lider olsun. Cari ilin avqust ayının 8-də ölkə başçımız “Konstitusiya və Suverenlik İli” çərçivəsində böyük lider statusu ilə gündəmi zəbt etdi. MDB ölkələri arasında ilk dəfə məhz Ali Baş Komandanımız İlham Əliyev dünyanın o biri başında hegemon Amerika lideri Trampla görüşdü və bu görüş tarixin ən unudulmaz şanlı səhifəsinə çevrildi. Vaşinqton görüşündə ABŞ rəhbərinin Azərbaycan dövlətinin başçısına “Siz böyük lidersiniz” deməsi və Prezident İlham Əliyevin dərhal “Mən böyük liderlə yanaşı əyləşmişəm”, – deyə Trampa cavab verməsi böyük alicənablıq, təvazökarlıq və siyasi baxış olaraq dünya ölkələrini heyrətləndirdi.
Bu görüşün tarixi əhəmiyyəti bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və qətiyyətli siyasətin və səylərin nəticəsində, nəhayət ki, xeyir-duası Vaşinqton ZİRVƏsində verilən “Zəngəzur dəhlizi”, əslində, gələcəyə açılan möhtəşəm bir qapı, Avropanın xilası, ölkələrin tranzit imkanlarının genişlənməsi xəritəsini müəyyənləşdirdi. Zəngəzur dəhlizini, ya artıq rəsmiləşən adı ilə desək, TRİPP-i bizi qardaş Türk dünyası ilə dərin bağlarla bağladı. Mərkəzi Asiyadan Zəngəzura çatıb oradan Naxçıvana, daha sonra Türkiyəyə uzanacaq nəhəng Türk yolu türk dövlətlərini qovuşduracaq, qarşılıqlı iqtisadi maraqlar öz töhfələrini verəcək.
İkinci Zəfərdən sonra Böyük Liderin uzaqgörən və siyasi davranışı kimi 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, sözün həqiqi mənasında, görülən işlərin yekun bəyanatıdır.
Türkan Hüseynli
Naxçıvan Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin
baş inspektoru
Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir
Digər xəbərlər