NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Zəfər seçkisi dövlətinə və liderinə inamın təntənəsi

...

2024-cü il fevralın 7-də müasir tariximizin ən yaddaqalan siyasi hadisələrindən biri baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində prezident seçkisində səs verərək düşmən tabutuna son mismarı vurdu. Bu hadisə təkcə seçki proseduru deyil, həm də güclü siyasi rəmz idi. Xankəndi şəhərinin işğaldan azad edilməsindən iki ay sonra Xankəndi şəhərində keçirilən hərbi parad və fevral ayında baş tutan prezident seçkiləri Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, dövlət başçısının verdiyi vədlərin əməli nəticələrə çevrilməsinin bariz sübutu oldu. Xankəndi şəhərindəki səsvermə həm də Prezident İlham Əliyevin sözlə əməl arasında tam vəhdət yaratdığını bir daha göz önünə gətirdi. 
Azərbaycan tarixinə “Zəfər seçkisi” kimi yazılan bu seçki həm də suverenlik, ərazi bütövlüyü və milli birliyin hüquqi-siyasi təsdiqi olmaqla yanaşı, postmünaqişə dövründə ölkənin inkişaf strategiyasına verilən xalq dəstəyinin ifadəsi oldu. Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı sayılan Zəfər seçkisi yalnız səsvermə aktı deyil, Azərbaycan xalqının tarixi qələbəyə sahib çıxmasının, dövlətinə və liderinə inamının təntənəsi idi.

Ulu Öndər yolunun layiqli davamçısı olan Prezident İlham  Əliyev bu seçkidə xalqının önündə Müzəffər Sərkərdə, verdiyi sözlərə sadiq qalan lider kimi dayanmışdı. Onun növbəti dəfə xalqın etimadını qazanması Azərbaycanın qarşıdakı illərdə də sarsılmaz dövlətçilik, sabitlik və inkişaf yolu ilə irəliləyəcəyinə inam yaratdı. Bu seçkilər bir daha sübut etdi ki, Azərbaycan xalqı qazanılmış zəfərin qorunmasını və möhkəmləndirilməsini məhz mövcud siyasi kursun davamında görür. 
Həmin gün bir çoxumuzun ağlına Azərbaycan Prezidenti seçilən İlham Əliyevin ilk dəfə ay-ulduzlu, üçrəngli Azərbaycan Bayrağı önündə Vətənə sədaqətlə xidmət edəcəyinə and içdiyi anlar gəldi. Elə həmin gün söz vermişdi bu bayrağı Şuşada, Xocalıda ucaldacağına. Bu söz 200 ildən çoxdur ki, torpaqları hissə-hissə qoparılıb pay verilən, körpələri dünyaya göz açmamış öldürülən xalqa, məzarsız oğullarının həsrəti ilə ürəyi yanan analara, yurdundan didərgin düşən insanlara, məzarsız şəhidlərə, Azərbaycanı canından çox sevən Ataya verilən söz idi. Qarabağ kimi çətin bir problemi olan, müstəqilliyin dadını təzə-təzə alan, özünü dünyaya tanıdıb haqq səsini duyurmağa çalışan bir dövlətin Prezidenti olmaq və Ulu Öndərin vəsiyyətini yerinə yetirmək kimi ağır bir yükü almışdı çiyinlərinə 42 yaşlı siyasətçi. Vətənə, doğma xalqına ləyaqətlə, sədaqətlə xidmət edəcəyinə and içəndə o da yaxşı bilirdi, ədalətsiz bir dünyada yaşadığımızı. Güclünü haqlı görən bir dünyada. Lakin o, qətiyyətli və ümidli idi. İnanırdı ki, bu xalqla ən çətin yolları, keçilməz sədləri aşmaq mümkündür. 
Tarix öz sözünü dedi və zaman Ulu Öndərin bütün bəlalardan xilas edib ayağa qaldırdığı Azərbaycanı əmin əllərə əmanət etdiyini sübuta yetirdi. Dahi siyasətçinin layiqli davamçısı dünyada söz sahibliyindən, Müzəffər Sərkərdəliyə gedən uzun bir yol qət etdi. Bu yol Heydər yolu, Ata vəsiyyətinin yerinə yetirilməsinə gedən yol idi. Çətin, keçilməz sədləri birləşərək bir olaraq aşdıq. Ölkə başçısı dünya səviyyəli tədbirlərdə dəfələrlə düşmən Baş nazirinə tarix dərsi keçib qəti mövqeyini açıq şəkildə bəyan edirdi: “Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”. 
Verdiyi hər bir sözə sadiqlik göstərən ölkə başçısı Ulu Öndər­in siyasi kursunu davam etdirib Azərbaycanı dünyaya tanıtdı və söz sahibinə çevirdi. Qafqazın ən güclü dövləti mövqeyinə gəldik.  Əslində, 44 günlük Vətən müharibəsindən əvvəl də ölkə başçısının məhz bu yöndən qazandırdığı qələbənin şahidi olduq. Azərbaycanın adını gündəmdən düşürməyən ölkə rəhbəri bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə nail olmaqla Azərbaycanın mədəni, güvənilən, etibarlı, böyük layihələr keçirməyə qadir olan bir ölkə olduğunu göstərdi və bununla da tərəfkeşlərimizin sayını artırdı. Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan insanlar gündən-günə inkişaf edən ölkənin vətəndaşları olaraq gələcəyə ümidlə baxır verdiyi hər sözü yerinə yetirən ölkə başçısına sədaqət nümayiş etdirirlər. 
Elə məhz bunun nəticəsidir ki, keçirilən bütün prezident seçkilərində xalqın seçimi, layiqli namizəd İlham Əliyev oldu. Seçkilərdə səs çoxluğunun illər keçdikcə artması isə onu bir daha sübuta yetirdi ki, xalqın səsi hər bir azərbaycanlının Prezidenti olan Ulu Öndərin layiqli davamçısınındır. Diqqət etsək, görürük ki, 2003-cü ildə prezident seçkilərində cənab İlham Əliyev 70 faiz səs çoxluğu ilə ölkə başçısı seçilmişdisə, ondan sonrakı bütün seçkilərdə bu rəqəm artmış və 7 fevral 2024-cü ildə keçirilən seçkilərdə 92,12 faiz səs çoxluğu ilə Zəfər seçkisinin qalib Sərkərdəsi olmaq şərəfinə nail olmuşdur. Bu bir xalqın təkcə öz Prezidentinə yox, həm də Azərbaycanı canından çox sevən Ümummilli Liderinə sədaqəti idi. 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz nəinki dünya dövlətlərinin, türk xalqlarının, eləcə də Azərbaycandan kənarda, 5 qitədə yaşayan 50 milyondan çox soydaşmızın Ali Baş Komandana inamını, ümidini, güvənini artırdı. Artıq dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı fəxr duyur ki, onun Azərbaycan adlı qalib bir dövləti, Şuşada, Laçında, bütöv Azərbaycanın başı üstə məğrurluqla dalğalanan bir bayrağı, Vətəni üçün keçilməz sədləri aşıb ona can qurban edən igid oğulları və hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Müzəffər Sərkərdəsi var.
Ulu Öndər yolunu davam etdirərək xalqın etimadını qazanaraq, ordusuna mahir sərkərdəlik edərək Müzəffər Sərkərdə olan dövlət başçısının Azərbaycanın işıqlı gələcəyi üçün planları bir-bir yerinə yetirilir. Torpaqlarımız işğaldan azad edildiyi gündən illərdir, xəyalında olduğumuz Böyük Qayıdış başladı və torpağına, öz doğma yurduna dönən insanların ocağına qovuşmağının sevincini gördük. İllərdir, düşmənin qanlı caynağında xarabaya dönən yurd-yuvamız dirçəldi. Bu Vətən azad, müstəqil, suveren olmağın ən gözəl günlərini yaşayır. 
Prezident İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətinin təhlili onu göstərir ki, o həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə etmişdir. O, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantıdır. O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, güclü və müstəqil Azərbaycan naminə çalışıb. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer edib. Onun əsas istinad nöqtəsi Azərbaycan xalqının ən böyük nailiy­­yəti olan müstəqillikdir. Ulu Öndərin layiqli davamçısının şəxsiyyət obrazını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, Azərbaycançılıq məfkurəsinə ali münasibət, müstəqillik, Vətən və xalq sevgisi tamamlayır.    

Ramiyə ƏKBƏROVA

 

Nəşr edilib : 07.02.2026 08:51