NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Zəfər Gününə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir

...

8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri davam edir. Bu mötəbər yarış həm peşəkar şahmatçıları, həm də gənc istedadları bir araya gətirərək regionun şahmat həyatına yeni nəfəs qazandırır.

Turnirin baş hakimi Tural Zeynalov bildirib ki, yarış beynəlxalq statusa malikdir və 9 turdan ibarətdir: “Turnirdə, ümumilikdə, 88 nəfər iştirak edir. Onların arasında Türkiyədən gələn iki şahmatçı da var. Yarış beynəlxalq səviyyədə təşkil olunub və 8 Noyabr – Zəfər Gününə həsr edilib. Hazırda mübarizə gərgin şəraitdə davam edir. Yarışda bir beynəlxalq qrossmeyster, iki beynəlxalq usta, eləcə də bir sıra ustalığa namizəd zəka sahibləri iştirak edir. Turnirin diqqətçəkən məqamlarından biri də onun yaş və təcrübə baxımından geniş spektri əhatə etməsidir. Belə ki, turnirdə 6 veteran şahmatçı, qadın iştirakçılar və yeni başlayan gənc idmançılar da mübarizə aparırlar. Bu da şahmatın həm peşəkarlar, həm də həvəskarlar arasında nə qədər populyar olduğunu göstərir”.

Turnirin sonunda qaliblərə pul mükafatları, diplomlar və medallar təqdim ediləcək. Bu da iştirakçılar üçün həm stimullaşdırıcı, həm də motivasiyaedici amil kimi dəyərləndirilir. Turnirdə gənc şahmatçılar da öz bacarıqlarını nümayiş etdirmək fürsəti qazanıblar. Onlardan biri, yarış iştirakçısı Nikbin Qəhrəmanov turnirlə bağlı təəssüratlarını belə bölüşüb: “Yarışın səviyyəsi çox yüksəkdir. Turnirdə 8-14 yaş arası gənclər də iştirak edir. Rəqiblərimin arasında çox güclü şahmatçılar var. Qalib gəldiyim və məğlub olduğum görüşlər olub. Lakin bu, mənim üçün böyük təcrübədir”.

Yarışın gənc qadın iştirakçılarından biri olan Xanım Rzayeva isə hisslərini belə ifadə edib: “Turnir mənim üçün çox həyəcanlı keçir. Həyəcanlandığıma görə əvvəlcə adaptasiya ola bilmədim, amma bu məni qətiyyən ruhdan salmır. Gələcəkdə də şahmatçı kimi yoluma davam etməyi düşünürəm”.

Naxçıvanda belə beynəlxalq səviyyəli yarışların təşkili bölgədə şahmat məktəblərinin və məşqçilərin fəaliyyətinə yeni nəfəs verir, gənc istedadların üzə çıxmasına imkan yaradır. Turnirin iştirakçıları bildirirlər ki, yarışın yüksək təşkilatçılığı, düzgün idarəçiliyi və şəffaflıq prinsipi onların motivasiyasını artırır. Belə tədbirlər gəncləri idmana, sağlam düşüncəyə və intellektual fəaliyyətə yönəldir.

Nəticə etibarilə, Naxçıvanda keçirilən bu beynəlxalq turnir həm idman, həm də milli birlik və zəfər ruhunun təcəssümü kimi dəyərləndirilir. 5 noyabrda qaliblərin mükafatlandırılması ilə yekunlaşacaq yarış bir daha sübut edir ki, Zəfər Gününün əzəməti döyüş meydanı ilə yanaşı, həm də idman arenasında yaşadılmaqdadır.

Qeyd edək ki, bu gün turnirdə 8-ci turun görüşləri keçiriləcək. Tunir cədvəlinə isə 6,5 xalla beynəlxalq ustalar Toğrul Həsənzadə və Pərviz Qasımov başçılıq edirlər.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 04.11.2025 09:47