Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Əməkdar jurnalist Hüseyn Əsgərovla 150 ilin işığında görüş
Söz hər bir millətin yaddaşı, mətbuat isə onun danışan qəlbidir. Azərbaycan mətbuatı bu il 150 illik şanlı yolunu tamamlayır. Bu təkcə tarixi bir rəqəm deyil, yüz illərlə sözə xidmət edən insanların zəhmət salnaməsidir. Bu salnamədə Naxçıvan mətbuatının öz yeri, öz nəfəsi, öz imzası var. 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetindən başlanan bu maarifçilik hərəkatı bu gün də müasir medianın çağırışları ilə uğurla davam etməkdədir. Bu tarixi hərəkatın bir parçası olan Naxçıvan mətbuatında hər zaman sözə və qələmə verilən dəyər zaman-zaman yerli jurnalistlərin fəaliyyətində əks olunub. Bu münasibətlə uzun illər Naxçıvan mətbuatında çalışmış, jurnalistika sahəsində zəngin təcrübəyə malik olan Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərovla evində çay süfrəsi arxasında səmimi söhbətləşdik. Milli mətbuatımızın 150 illiyi ərəfəsində onunla söhbətimiz bizi yalnız keçmişə deyil, həm də gələcəyin
jurnalistikasına apardı.
– Hüseyn müəllim, Naxçıvan mətbuatında fəaliyyətiniz necə başladı? İlk qələm təcrübələrinizi, o dövrün mətbu şəraitini, bir jurnalist kimi hansı çətinliklərlə üzləşdiyinizi necə xatırlayırsınız?
– Hələ uşaqlıq illərində gələcəkdə diplomat olmağı, xarici ölkələrdə yaşayıb fəaliyyət göstərməyi arzulayırdım. Lakin elə həmin illərdə baxdığım “Fantomas” filmi bütün planlarımı alt-üst etdi. Kənd klubunda nümayiş etdirilən filmdən sonra hərə bir maska taxıb Fantomas olmuşdu. Təkcə məndən başqa. Çünki mən jurnalist Fandoru bəyənmişdim. Film boyu macəra, sərgüzəşt, sevgi, məhəbbət dolu jurnalist həyatı, qəzetlər, redaksiyalar. Bu aləmin sehrinə düşərək gələcəkdə jurnalist olmağa qərar verdim. Bu illərdə Cəlil Məmmədquluzadə yaradıcılığına maraq, xüsusən “Molla Nəsrəddin” jurnalından seçmələrlə tanışlıq qərarımı daha da qüvvətləndirdi. Arzularıma qovuşmaq üçün Şərur rayonunun “İşıqlı yol” qəzetinin nəzdində fəaliyyət göstərən “Şərur qönçələri” ədəbi birliyinə ayaq açdım. Orada da say-seçmə qələm əhli, müxbirlər, şairlər... Bu mənim jurnalistikaya bağlanmağıma bir stimul oldu. “Nəticə çıxaracaqlarmı?” adlı ilk yazım isə “Şərq qapısı” qəzetinin 1971-ci il 27 fevral tarixli nömrəsində dərc ediləndə inanılmaz bir hadisə baş verdi. Mənim – əl boyda bir uşağın yazısına görə kəndimizdəki kolxozun dağ boyda sədrinə töhmət elan olundu. O yazıdan sonra kəndin kinomexaniki məndən kino pulu almağa cəsarət etmədi (gülür).
Beləliklə, jurnalistikanın bir addımlığında idim. Təki yazasan, həm də faktlara əsaslanıb yazasan. Başladım kəndimizdən. Atam kolxozda hesabdar işlədiyindən statistika əlimin altında idi. Bir qalırdı ki, onları yazdığın xəbərdə əridəsən. Redaksiya işçilərinin köməyi ilə bu rəqəmlər qəzetdə “əriməyə” başladı və beləcə, mətbuatda yazılarım dərc edildi. Bu mənim üçün zəruri idi, çünki o zaman Jurnalistika fakültəsinə sənəd verəndə qəzetdə çap olunmuş yazılar da istəyirdilər. Orta məktəbi bitirdiyim il ADU-nun Jurnalistika fakültəsinə daxil oldum. Universiteti bitirdikdən sonra “Kirpi” jurnalında işə dəvət olunsam da, təyinatım “Şərq qapısı” qəzetinə oldu və burada oxucu vəzifəsinə təyin edildim. Burada həm də yazılar yazmağa başladım. Daha çox sadə əmək adamları – pambıqçı, tütünçü, sağıcı, heyvandar, malabaxan, bənna, dülgər, elektrik və digər sənət sahibləri ilə görüşüb, onların həyat və fəaliyyətini işıqlandırdım. “Briqadalar irəlidə gedirlər”, “Artıqlaması ilə”, “Peşəsinin ustası”, “Beşilliyi üç ildə”, “Təcrübəli tütünçü” adlı yazılarımı indi də saxlayıram.
– Hüseyn müəllim, fikrinizcə, Naxçıvan mətbuatının keçdiyi əsas inkişaf mərhələləri hansılardır?
– Öncə onu deyim ki, ilk əmək fəaliyyətinə başladığım “Şərq qapısı” mənim üçün həmişə əziz və doğma olub. Azərbaycan mətbuatı tarixində “Şərq qapısı” qəzetinin mühüm rolu və böyük xidmətləri vardır. Məsuliyyətli və şərəfli yol keçmiş “Şərq qapısı” qəzeti Azərbaycanın ayrılmaz hissəsini təşkil edən Naxçıvan Muxtar Respublikasında çap olunan və ölkə miqyasında qəbul edilən 104 yaşlı önəmli mətbuat orqanıdır. Qəzetlə əməkdaşlığım XX əsrin yetmişinci illərindən başladığından onun sonrakı inkişaf mərhələlərinin canlı şahidiyəm. Məhz həmin illərdən “Şərq qapısı” qəzetinin həyatında yeni tarixi dövr başlanmışdır. Bu dövrdə, bütövlükdə, Azərbaycan mətbuatında, o cümlədən də “Şərq qapısı” qəzetində Azərbaycan tarixi, Naxçıvanın keçmişi, çoxəsrlik ənənələrin və milli mədəniyyətin təbliği ilə əlaqədar məsələlərin işıqlandırılması zamanın əsas sifarişinə çevrilmişdi. Onu da deyim ki, muxtar respublikanın mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin adı və mövqeyi regional funksiyaları deyil, böyük strateji mənaları ifadə etdiyi üçün sovet dövlətinin ən yüksək dairələrini düşündürməli olmuşdur. Ona görə də sovet hökumətinin bəhanə xarakterli qərarına əsasən “Şərq qapısı” qəzeti 30 oktyabr 1979-cu ildən “Sovet Naxçıvanı” adı ilə həm də rus dilində nəşrini davam etdirməyə başladı. Yerli ziyalıların səyləri ilə 1989-cu ildə “Şərq qapısı” yenidən öz adı ilə oxucularının görüşünə gəlməyə başladı. Qəzetin nəşri tarixində – 1990-cı ildə daha bir tarixi addım atılmışdır. Yaxın tariximizdən məlum olduğu kimi, 19 yanvar 1990-cı ildə SSRİ dövlətinin dəstəyi ilə Ermənistan SSR Naxçıvan Muxtar Respublikasını işğal etmək məqsədilə muxtar respublikanın ərazilərinə genişmiqyaslı hərbi hücumlar təşkil etmişdi. Sovet dövlətinin rəhbərliyindən heç bir dəstək ala bilməyən yerli əhalinin tələbi ilə 20 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti həm də Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. “Şərq qapısı” həmin qərarı qəzet səhifəsinə çıxarmaqla müstəqil Naxçıvan Muxtar Respublikanın mətbuat orqanı funksiyasını cəsarətlə həyata keçirdi. 1990-cı ilin yanvar-fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışı ilə çap olunmuşdur.
Belə hesab edirəm ki, “Şərq qapısı” qəzeti bu gün də Naxçıvan Muxtar Respublikasının canlı sözüdür. Bu qəzet onun hər sayını həyəcanla gözləyən insanları ifadə etdiyi mətləblərlə, canlı, təsirli sözü ilə işığa doğru aparır. Naxçıvan diyarının inkişafının bütün mərhələlərini öyrənmək baxımından “Şərq qapısı”ndan mötəbər mənbə tapmaq çətindir.
– Hüseyn müəllim, bir gənc jurnalist kimi sizə bu sualı ünvanlamağı özümə borc bilirəm. Maraqlıdır, sizin üçün yaxşı jurnalist kimdir? Və jurnalistikada peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz?
– Mənə hərdən “Yaxşı jurnalist kimdir?” – deyə suallar verirlər. Mənim qənaətimə görə, yaxşı jurnalist ona tapşırılan cari işləri uğurla icra etməklə bərabər, cəmiyyətin inkişafına mane olan neqativ hallara, süründürməçilik və bürokratiyaya qarşı vətəndaş mövqeyi ilə yanaşanlar, eybəcərlikləri ifşa edəndir. Xorda hamı oxuya bilər, solo isə yalnız istedad tələb edir. Jurnalistika vətəndaş cəmiyyətinin vacib elementlərindən biridir. Jurnalist, eyni zamanda cəmiyyəti neqativlərdən təmizləyən, zərərvericiləri sıradan çıxaran, cəmiyyətin sanitarları, istiqamətverici, hərəkətverici insan olmalıdır. Vicdandan kənar hissləri daşıyan insanın jurnalistikada da yeri yoxdur. Yekəxana, ədabaz, müştəbeh olan adamlar isə heç vaxt jurnalist ola bilməzlər. Mətbuatın əsas prinsipləri olan obyektivliyi, qərəzsizliyi, ən əsası, vətənpərvərlik və milli şüuru əsas tutanlar əsl qələm sahibidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Naxçıvanda keçirilən “MEDİAFEST-2025”də də bu məsələlərdən geniş bəhs olundu. Müasir dövrdə jurnalistin ictimai məsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyini vurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəmini diqqətə çatdırdılar.
– Sizə daha bir sual da ünvanlamaq istəyirəm. Bu gün Naxçıvanda Jurnalistika ixtisasında təhsil alan gənclərin qarşısında hansı imkanlar və çağırışlar var? Biz gənc jurnalistlərə uğurlu karyera üçün hansı məsləhətləri verərdiniz?
– 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti milli ictimai şüurun yuxuya verilmiş xam torpaqlarını şumlayıb, oraya milli varlığımızın münbit toxumlarını səpib. Bu toxumlar cücərib sonrakı onilliklərdə yeni-yeni dövri nəşrlərin yaranmasına, milli demokratik mətbuatın inkişafına güclü təkan olub. Sonra isə yüzlərlə qəzet-jurnal “Əkinçi”nin çırağını məşələ çevirib.
Prezident İlham Əliyevin 2025-ci il 25 aprel tarixli Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncam ölkəmizdə Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür. Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, Silahlı Qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır.
Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə, cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Müstəqil, milli dövlətimizin quruculuğunda demokratik dəyərlərin inkişafında, cəmiyyətin elmi, siyasi-ideoloji, intellektinin və dünyagörüşünün, vətəndaşlıq qürurunun, dövlət sevgisi hissinin, vətənpərvərlik ruhunun yüksəlməsində Azərbaycan mətbuatının əvəzsiz rolu, mətbuat işçilərinin böyük zəhməti vardır. Bütün mətbuat işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edir, Azərbaycan xalqının və dövlətimizin inkişafı və qüdrətlənməsində göstərdiyi xidmətlərdə uğurlar arzulayıram.
Biz də Hüseyn müəllimə bu maraqlı və səmimi söhbətə görə dərin minnətdarlığımızı bildiririk. Hüseyn müəllim bu gün təqaüddə olsa da, biz gənc jurnalistlər üçün əsl örnəkdir. Qeyd edim ki, söhbətimizdən sonra Hüseyn müəllimin həyətyanı təsərrüfatına da baş çəkdik. Burada bir daha şahid olduq ki, Hüseyn müəllim “Əkinçi”nin ideyalarını təkcə mətbuatda deyil, həm də öz təsərrüfatında davam etdirir.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər