NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Yenidənqurmada əsas məqsəd Naxçıvanın enerji təchizatını müasir tələblərə uyğun səviyyəyə çatdırmaqdır”

...

Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təsərrüfatında köklü yenidənqurma işləri aparılır. İstismar müddətini başa vurmuş hava xətləri və yarımstansiyalar müasir standartlara uyğun şəkildə yenilənir. Mövzu ilə bağlı “Şərq qapısı”nın suallarını “Naxçıvan Enerji” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Mətin Abbaslı cavablandırıb:

– Son dövrlərdə Naxçıvanda elektrik enerjisi infrastrukturunda böyük dəyişikliklər müşahidə olunur. Bu barədə məlumat verə bilərsinizmi?

– Bəli, hazırda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı yenidənqurma və reabilitasiya işləri aparılır. Bu işlər Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli 235 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir. Fərmanda elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm məsələlər öz əksini tapıb.

Bu istiqamətdə “AzərEnerji” ASC-nin strukturunda “Naxçıvan Enerji” MMC yaradılıb və eyni zamanda “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” hazırlanıb. Strategiyada 2025-2027-ci illəri əhatə edən “Reabilitasiya və Yenidənqurma Tədbirləri” ilə yanaşı, uzunmüddətli “Strateji Baxış İstiqamətləri” də müəyyən olunub.

– Yenidənqurma işləri konkret olaraq hansı sahələri əhatə edir?

– Strategiyaya uyğun olaraq Naxçıvanda ötən əsrin 50-ci illərinin sonlarından istismar olunan hava elektrik verilişi xətləri müasir standartlara cavab verən xətlərlə əvəz edilir. Xüsusilə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə, 68 kilometr uzunluğunda yenidən qurulur.

İstismar müddətini başa vurmuş, texniki cəhətdən yararsız vəziyyətdə olan xətlər tamamilə sökülür, yerinə daha dayanıqlı və yüksəkkeçiricili xətlər quraşdırılır. Bununla yanaşı, dayaqların həm aralıq, həm də anker növləri yenilənir və konstruktiv baxımdan möhkəmləndirilir.

– Bu işlərin icrası bölgənin enerji təchizatına necə təsir edəcək?

– İlk növbədə, Culfa və Ordubad rayonlarının enerji təhlükəsizliyi əhəmiyyətli dərəcədə güclənəcək. Bu isə həm sənaye, həm də əhali sektoru üçün daha dayanıqlı və keyfiyyətli enerji təchizatı deməkdir. Eyni zamanda texniki itkilərin azalması və enerji təchizatında fasiləsizliyin təmin olunması baxımından böyük irəliləyiş əldə olunacaq.

– Gələcəkdə başqa hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

 – Yaxın illərdə 154/110/10 kilovoltluq Babək, 110/35/10 kilovoltluq Naxçıvan və Çeşməbasar yarımstansiyaları tam şəkildə yenidən qurulacaq. Bu yarımstansiyalar müasir texnoloji avadanlıqlarla təchiz olunacaq və avtomatlaşdırılmış idarəetmə sistemlərinə qoşulacaq.

Bununla yanaşı, Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi də yaradılır. Bu sistem sayəsində şəbəkədə baş verə biləcək nasazlıqlar daha operativ şəkildə aşkarlanaraq aradan qaldırılacaq. Ümumilikdə isə enerji təchizatında etibarlılıq və səmərəlilik daha yüksək səviyyəyə qalxacaq.

– Son olaraq görülən işlərə ümumi qiymətiniz necədir?

– Görülən işlər Naxçıvan Muxtar Respublikasının elektroenergetika sisteminin müasirləşdirilməsinə yönəlib və bu təkcə bu günün deyil, gələcəyin enerji təhlükəsizliyinin təminatıdır. Hədəfimiz dayanıqlı, etibarlı və keyfiyyətli enerji təchizatıdır. Bu istiqamətdə işlər sistemli şəkildə davam etdiriləcək.

        

         Rafiq TƏHMƏZ

Nəşr edilib : 25.07.2025 16:23