NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Yeni və daha parlaq üfüqlərə doğru

...

Dünyanın ən qədim xalqlarından biri olan xalqımız bəşəriyyətə çox böyük dühalar, dahilər, elm, poeziya, sənət korifeyləri bəxş etmişdir. Azərbaycan torpağı çox görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər yetirmişdir. Belə böyük şəxsiyyətlərdən biri də zamanın dahisi, müasir Azərbaycanın qurucusu və xilaskarı Ümummilli Lider Heydər Əliyevdir.

Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərdi. Ulu Öndər, ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı,  bütün sahələrdə davamlı inkişafın əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.

Ulu Öndər  Azərbaycan xalqının və dövlətinin xilası missiyasına Naxçıvandan başladı. Ümummilli Liderin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bu qədim Azərbaycan torpağına qayıdışı onu təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması zamanın dahisi Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da , sadəcə, sözün redaktəsi  deyildi. Bu, dünyada sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına sədrlik edən Ulu Öndərin həm böyük siyasi iradəsinin, yüksək Azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən , 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi və onun rəhbərliyi ilə tezliklə ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, siyasi sistemin təkmilləşməsi və digər istiqamətlər üzrə düşünülmüş və gələcək inkişafa hesablanan addımlar atıldı. Təbii ki, bütün bunlar elə də asan deyildi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən müəyyən qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin bu hərəkətlərin qarşısı Ulu Öndərin rəhbərliyi ilə vaxtında və yüksək peşəkarlıqla alındı və ölkədə hərtərəfli inkişafa zəmin yaradan daxili sabitlik təmin olundu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin - Milli Qurtuluşun nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addımı və əməlləri məhz buna yönəlmişdi. Ulu Öndər deyirdi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”. Görkəmli dövlət xadimi Heydər Əliyevin bu müdrik kəlamları onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən Heydər Əliyev möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Ulu Öndərin siyasi kursu bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” sözləri xalqa xidmət üçün fəaliyyət proqramı hər gün real işlərlə təsdiqlənir. Azərbaycana rəhbərlik etdiyi illər ərzində Prezident İlham Əliyev elan etdiyi platformaya sadiq qalmış, ölkənin dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşının Prezidenti olduğunu əməldə nümayiş etdirmişdir.

Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Dahi Heydər Əliyev də məhz belə dahilərdən idi. Ulu Öndərin doğma xalqına ünvanladığı müraciəti Vətənə ləyaqətlə xidmətin bariz nümunəsi idi. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun  aparıcı ölkəsinə  çevrilib.  İlham Əliyevin prezidentliyi dövründə istər daxili və istərsə də xarici siyasət sahəsində uğurlar əldə edilmiş, qısa müddətdə ölkəmiz misli görünməmiş sürətli inkişaf yolu keçmişdir. Amma bu möhtəşəm uğurların zirvəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki zəfərimiz dayanır. Bu Zəfər ilə Ulu Öndərin siyasi varisi İlham Əliyev ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edən Prezident kimi Azərbaycan tarixində qızıl hərflərlə yeni bir səhifə açdı. Təbii ki, bu qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Beləliklə, Ulu Öndərin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Vətən müharibəsindəki Zəfərimiz həm də Azərbaycan xalqının yenilməz qürurunu özünə qaytardı, xalqımızın başını ucaldaraq başqa xalqlar arasında fəxrlə dayanmasına şərait yaratdı, respublikamızın ərazi bütövlüyü və suverenliyi əbədi olaraq bərpa edildi.

Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti tarixinin yüksəlişlə müşayiət olunan ən qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlətimizin məqsədi Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirməkdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda bərpa işlərinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Azərbaycan xalqı Vətən müharibəsindəki Zəfərin 5-ci ildönümünü qarşılayır. 44 gün davam edən və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən bu müharibədə respublikamızın pozulmuş ərazi bütövlüyü güc yolu ilə bərpa edildi, xalqımız qətiyyətlə öz milli haqqına sahib çıxdı. Bu savaş və qazandığımız böyük Zəfər  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin, qətiyyətli siyasi kursunun ən möhtəşəm nəticəsi kimi tariximizə həkk olundu. Vətən müharibəsi xalqımızın əyilməz ruhunu, torpaqlarının işğal altında qalması faktı ilə barışmayacağını  göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, beynəlxalq ictimaiyyət  Prezident İlham Əliyevin yenilməzliyinə və siyasi müdrikliyinə şahidlik etdi. Bir daha təsdiq olundu ki,  Ulu Öndər  Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini belə həll etməyə qadir olan mütləq gücə çevrilib. Eyni zamanda savaş günlərində bütün dünya Azərbaycan xalqının sarsılmaz milli həmrəylinə şahidlik etdi. 44 gün ərzində xalqımız yumruq kimi bir oldu, Ali Baş Komandanın ətrafında sıx birləşdi.

Vətən müharibəsi xalqımızın vətənpərvərlik hisslərinin də nə qədər yüksək  və güclü olduğunu göstərdi. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə müqəddəs şəhidlik məqamına ucalan qəhrəman hərbçilərimizin xatirəsi isə hər zaman xalqımız tərəfindən uca tutulacaq. Məhz onların sayəsində Vətən müharibəsində dövlətçiliyimizin qürur dolu zəfər tarixi yazıldı.

Sevindiricidir ki, xalqımız Zəfər Gününü bir qədər fərqli və daha böyük coşqu ilə qarşılayır. Artıq Xankəndi şəhərində və Qarabağ iqtisadi rayonunun hər yerində Azərbaycan Bayrağı dalğalanır. Vətən müharibəsindəki Zəfər xalqımızı daha da gücləndirdi, dövlətimizi zirvələrə ucaltdı. 5 ilə yaxın müddətdə işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri, doğma yurda qayıdışı həqiqətən qürurvericidir. Bütün bu uğurlarımızın memarı və müəllifi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tariximizin əlamətdar uğurları qazanılacaq.

Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək,  Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır! Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “ Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 10.11.2025 10:30