Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Kənd təsərrüfatı hər zaman Naxçıvanın sosial-iqtisadi həyatında aparıcı sahələrdən biri olub. Bu sahənin davamlı inkişafı, torpağın daha səmərəli istifadəsi və fermerlərin işinin yüngülləşdirilməsi isə birbaşa dövlətin diqqət və qayğısı ilə bağlıdır. Son illər həyata keçirilən məqsədyönlü proqramlar, müasir texnika və texnoloji avadanlıqlarla təminat kənd təsərrüfatında məhsuldarlığın artmasına mühüm töhfə verir. Bu diqqətin real nəticələrini “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində olduğumuz zaman da aydın şəkildə müşahidə etdik. ASC-də görülən işlər, həyata keçirilən satınalmalar və fermerlər üçün yaradılan güzəştli lizinq imkanları kənd təsərrüfatının texniki bazasının gücləndirilməsinə birbaşa xidmət edir.
“Naxçıvan Aqroservis”də olarkən cəmiyyətin sədri Cavid Ağaməliyevlə də söhbətləşdik. Sədrin sözlərinə görə, fermerlər üçün gətirilən bu texnikaların, müasir tələblərə cavab verən traktorlar, kombaynlar və digər texniki avadanlıqların alınması həm əkinçilikdə, həm də biçin və yığım proseslərində operativliyi artırır. Bu yanaşma bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı təkcə istehsal deyil, eyni zamanda kənd insanının rifahının yüksəldilməsi kimi prioritetləri özündə cəmləyir. 2025-ci ildə “Naxçıvan Aqroservis” ASC tərəfindən Gəncə Avtomobil Zavodundan ümumi dəyəri 1 milyon 532 min 800 manat olan “Belarus” markalı traktorlar satın alınıb. Alınan texnikalar sırasında “MTZ 82” və “MTZ 1221” modellərinin hər birindən 5 ədəd, “MTZ 89” 8 ədəd, “MTZ 1523” 2 ədəd, “MTZ 622” və “MTZ 1025” modellərinin hər birindən 3 ədəd, “MTZ 422” modelindən isə 1 ədəd olmaqla, ümumilikdə, 27 ədəd texnika satın alınıb. Alınan bu yeni texnikalar güc, komfort və dayanıqlılıq baxımından daha yüksək imkanları ilə seçilir. Bunlardan başqa, ötən il ərzində 36 nəfərə, ümumilikdə, 17 adda, dəyəri 1 milyon 916 min 730 manat olan 49 ədəd texnika və texnoloji avadanlıq satılıb. Satılan texniki avadanlıqlar sırasında 20 ədəd kombayn da yer alıb. Bu kombaynlara “CLASS Dominator 130”, “Sampo SR-2035” və “Sampo SR-2065” markalı modellər daxildir.
Bundan başqa, 3 ədəd traktor, 3 ədəd “Tukan Luxe PPT” və “Rostselmarsh” markalı presvuran, 2 ədəd mala və kartofəkən, 1 ədəd kartofbasdıran, 8 ədəd arı pətəyi yeşiklərlə, eləcə də taxılsəpən, qarğıdalı toxumu əkən, qarğıdalı silos maşını, ağacarası becərən, bağarası dərmansəpən, çiləyici, çalaqazan, əl üçün otbiçən, yaş və quru otdoğrayan və südsağan avadanlıqlarının hər birindən 1 ədəd satılıb. “Naxçıvan Aqroservis” ASC-nin sədri Cavid Ağaməliyevin sözlərinə görə, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən texnikanın dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onun ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq olunur. Texnikanın dəyərinin qalan 40 faizi isə 5 il müddətində ödənilir. Gələcək istiqamət planlarından danışan sədr 2026-cı il ərzində daha çox “CLASS Dominator” və “New Holland” markalı texnikaların alınması nəzərdə tutulduğunu qeyd edir. Bununla yanaşı, Naxçıvanda bağçılığın inkişaf etdirilməsi məqsədilə ağac silkələyən qurğuların, şitil əkmək və gübrə səpmək üçün avadanlıqların, su kanalı açan texnikaların, çalaqazan, mala və dırmıq kimi alətlərin, eləcə də bir, iki və üç hektarlıq ərazilər üçün çiləmə üsullu suvarma sistemlərinin və üzüm bağları üçün tənəkə məftili bağlayan qurğuların alınması planlaşdırılır. Satınalma planları təsdiqləndikdən sonra cəmiyyət müvafiq olaraq açıq elan olunacaq tenderə qatılacaq və qalib gəlinəcəyi təqdirdə sadalanan satınalmalar həyata keçiriləcək.
Beləliklə, “Naxçıvan Aqroservis” ASC-nin fəaliyyəti kənd təsərrüfatına göstərilən dövlət qayğısının konkret nəticəsi kimi dəyərləndirilə bilər. Müasir texnika və avadanlıqların alınması, onların fermerlərə güzəştli lizinq şərtləri ilə təqdim edilməsi aqrar sahədə məhsuldarlığın artmasına, iş proseslərinin sürətlənməsinə və kənd əməkçilərinin əməyinin yüngülləşdirilməsinə xidmət edir. Qarşıdakı illər üçün planlaşdırılan yeni satınalmalar isə Naxçıvanda əkinçilik və bağçılığın daha da inkişaf etdiriləcəyindən xəbər verir. Bütün bunlar göstərir ki, kənd təsərrüfatı yalnız mövsümi fəaliyyət sahəsi deyil, uzunmüddətli strateji inkişaf istiqaməti kimi diqqət mərkəzində saxlanılır. Həyata keçirilən bu tədbirlər və qarşıya qoyulan hədəflər aqrar sahənin dayanıqlı inkişafına, fermerlərin maddi-texniki təminatının gücləndirilməsinə və regionun ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Rafiq TƏHMƏZ
Digər xəbərlər