Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyindən olan uşaqların Naxçıvana səfəri baş tutub. Səfərin ikinci günü birliyin əməkdaşları ilə baş tutan söhbətimizi sizə təqdim edirik: “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə: Biz “Azərbaycan Uşaqları” İctimai Birliyi bu ilin iyun ayından etibarən bu layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirir. Layihə iki mərhələdən ibarət idi. Birinci mərhələ iyun ayında baş tutdu. Bu mərhələdə birlikdən 20 qız layihəyə qoşuldu. Onların motivasiyasının artırılması məqsədilə art-terapiya təlimləri təşkil olundu. Ümumilikdə, 18 gün ərzində 60 qız uşağına motivasiya proqramı təqdim edildi, erkən nikah, məişət zorakılığı və təhsildən kənarda qalma kimi problemlərin həlli istiqamətində qanunvericilik, idarəetmə və art-terapiyanın həyatdakı rolu mövzularında təlimlər keçirildi. Layihənin ikinci mərhələsi isə həmin qızların art-terapiya vasitəsilə məişət tullantılarından hazırladıqları əl işlərinin festival formatında təqdimatından ibarət idi. Tədbir zamanı iştirakçıların çıxışları, arzuları, istəkləri səsləndirildi və bütün uşaqlar birlikdə “Özgə uşağı olmur” devizi altında layihənin himnini ifa etdilər. Festival Ordubad Şəhər Mədəniyyət Mərkəzində keçirildi. Siz də iştirak etdiniz və gördünüz ki, qızlarımız nə qədər istedadlıdır. Biz məhz buna görə onları “yeni nəsil qızlar” adlandırırıq. Çünki onlar, həqiqətən də, yeni nəslin nümayəndələridir. Bu layihədən sonra biz Naxçıvan Şəhər Hərbi Kollecində “yeni nəsil oğlanlarımızı” da gördük. Məktəbin rəhbəri Yaşar müəllimin ata qayğısını, vətənpərvərliyini və sevgisini öz işində necə nümayiş etdirdiyinin şahidi olduq. Artıq burada yeni bir ideya formalaşır: “Yeni nəsil qızlar, yeni nəsil oğlanlar cəmiyyətə töhfələriniz nə olacaq?” Bu məsələni 2026-cı ilin strateji planında birlikdə müzakirə edərək ortaq qərara gələcəyik. Çünki bizim üçün özgə uşaq yoxdur-istər bu kollecdə, istər Naxçıvanda, istərsə də Azərbaycanın bütün bölgələrində. Bizim üçün yalnız uşaq var: uşağın müdafiəsi, inkişafı, gələcəyi, cəmiyyətə şəxsiyyət kimi formalaşması və Azərbaycan üçün layiqli vətəndaş olması var. Azərbaycan ailə modelində isə hər bir uşağın öz yeri və öz dəst-xətti mövcuddur.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə ilə həmsöhbət olduq. O bildirdi ki, bu gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasına səfərinin yekun günüdür. Qeyd etmək istərdim ki, bu cür sosial layihələr “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən davamlı olaraq həyata keçirilir. Sosial layihələrin vacibliyi və fəaliyyətlərin, xüsusilə ölkəmizin bütün regionlarında çox sayda keçirilməsi həssas qrupdan olan uşaqlarda özünəinam və fərdi inkişafı təmin etməklə yeniyetmə qızların həyatda uğur qazanmasında mühüm yer tutur. Məhz biz təşkilat olaraq uşaqların müdafiə edilməsi, təhsilin vacibliyini və onların inkişafı istiqamətində fəaliyyətimizi günü-gündən gücləndiririk.

Azərbaycan Uşaqları İctimai Birliyinin könüllüsü Aytən Eyubova bildirdi ki, Naxçıvanda “Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsinin həyata keçirilməsinə dəstək olmaq üçün 3 nəfər könüllü olaraq Bakıdan Naxçıvana səfər etdik. Bu tədbirdə könüllü kimi iştirak etmək bizim üçün çox dəyərli təcrübə oldu. Səhnəarxası və səhnəönü bir çox fəaliyyətlərdə iştirak etdik və tədbirin uğurla yekunlaşmasına töhfə verdik. Layihənin əsas məqsədi erkən nikah, məişət zorakılığı və təhsildən yayınma kimi cəmiyyət üçün olan problemlərin qarşısını almağa yönəlib. Festivalın keçirilməsinin əsas məqsədi isə layihənin uğurları və nəticələri haqqında muxtar respublika ictimaiyyətini məlumatlandırmaq və bu tipli layihələrin gələcəkdə Naxçıvan ərazisində keçirilməsini təşviq etməkdir. İstedadlı gənclər görmək məni çox sevindirdi. Çıxışlar çox professional idi və qızlar peşəkar ifaçı kimi ifa edirdi. Bu Naxçıvana ilk səfərimiz idi. Lakin kollektivimizin göstərdiyi diqqət və qayğı sayəsində heç bir yadlıq çəkmədik. Tədbirdən sonra Əshabi-kəhf ziyarətgahını, Möminə xatun türbəsini və Naxçıvan xan sarayını da ziyarət etdik. Naxçıvanı gəzərək onun gözəlliklərini yaxından tanıdıq. Əminik ki, bu bizim Naxçıvana son səfərimiz olmayacaq.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər