Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Yay tətili günləridir. Bu dövr şagirdlərin istirahəti ilə yanaşı, onların asudə vaxtının səmərəli və faydalı keçməsi baxımından da əhəmiyyətlidir. Bu məqsədlə təhsil müəssisələri və məktəbdənkənar tərbiyə ocaqları bir sıra tədbirlər planı əsasında fəaliyyət göstərirlər. Yeniyetmə və gənclərə qayğı göstərmək, onların cəmiyyətə düzgün inteqrasiyasına dəstək olmaq bu qurumların üzərinə mühüm vəzifələr qoyur. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən “Yay məktəbi” də bu baxımdan seçilir.
Şagirdlər burada fəal iştirak edərək yay tətilini həm öyrədici, həm də əyləncəli şəkildə keçirirlər. Həmçinin mərkəzdə təşkil edilən “Yay məktəbi”ndə fəallıq göstərirlər. Qeyd edək ki, mərkəz 2009-cu il mart ayının 19-dan etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi kimi fəaliyyətini davam etdirir. Həmin dövrdə mərkəzin binası əsaslı şəkildə təmir edilərək məktəblilərin və pedaqoji heyətin istifadəsinə verilmişdir. Hazırda mərkəzdə yeniyetmə və gənclərin müxtəlif bacarıqlara yiyələnməsi, istedadlarının inkişaf etdirilməsi üçün şərait yaradılıb.
Biz də Yay məktəblərinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün üz tuturuq həmin ünvana. Mövzu ilə bağlı mərkəzin tədris işləri üzrə direktor müavini Minayə Axundova ilə görüşdük. Yay məktəbləri haqqında danışan Minayə xanım bildirdi ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Uşaq Yaradıcılıq mərkəzlərində təşkil olunan yay məktəbləri hər il minlərlə uşağın yay tətilini mənalı, əyləncəli və yaddaqalan keçirməsinə şərait yaradır. “Yay məktəbi” həm Təhsil Nazirliyinin, həm də mərkəzin yay iş planına uyğun olaraq iyun ayının 15-dən iyulun 31-nə və avqustun 12-dən sentyabrın 15-nə qədər fəaliyyət göstərir. “Yay məktəbi”nin əsas məqsədi uşaqların boş vaxtlarını səmərəli təşkil etmək, onları müxtəlif intellektual, yaradıcı və sosialyönümlü fəaliyyətlərə cəlb etməklə sağlam istirahətlərini təmin etməkdir. Dərs yüklərinin olmaması valideynlərin və uşaqların bu məktəblərə marağını daha da artırır.
Müsahibimiz bildirdi ki, “Yay məktəbi” uşaqların həm şəxsi inkişafına, həm də sosiallaşmasına müsbət təsir göstərir. Eyni zamanda burada keçirilən tədbirlər onların istedadlarının üzə çıxarılmasına, özlərini ifadə etmələrinə və sağlam həyat tərzini seçmələrinə təkan verir. Belə təşəbbüslər, təhsil və tərbiyə sahəsində çalışan hər kəsin birgə fəaliyyəti nəticəsində uşaqlar üçün daha məhsuldar və maraqlı bir yay tətili yaşatmağa imkan yaradır. Minayə xanım qeyd etdi ki, “Yay məktəbi”ndə iştirak üçün uşaq sayı məhdudiyyəti yoxdur. Bu isə valideynlərə və uşaqlara geniş seçim imkanı verir. Dərnək məşğələlərinin dayandırıldığı bu müddətdə uşaqlar üçün maraqlı tədbirlər təşkil olunur. Belə ki, intellektual oyunlar, film nümayişləri, gəzinti və ekskursiyalar, əlavə olaraq oxu günləri və pikniklər buna daxildir.
Uşaqlar tədris ili boyunca maraqlarına və bacarıqlarına uyğun olaraq müxtəlif dərnəklərdə iştirak edirlər. Bunlara “Rəsm”, “Dulusçuluq”, “Fortepiano”, “Qum sənəti”, “Bədii gimnastika”, “Nağara”, “Aplikasiya”, “Bədii tikmə” və başqaları aiddir. Eyni zamanda valideynlərin elmi yönümlü maraqları da nəzərə alınaraq mental aritmetika, sürətli oxu və hesablama kimi dərnəklər də təşkil edilir. Həmçinin müsahibimiz əlavə edir ki, mərkəzimizin dərnək üzvləri Naxçıvanda keçirilən tədbir, festival və konsert proqramlarında fəal iştirak edir. Xüsusilə bədii gimnastika dərnəyi üzvlərinin Bakı şəhərində keçirilən yarışlarda qazandığı uğurlar bizi qürurlandırır. Bu layihələr uşaqlar üçün yeni biliklər və unudulmaz xatirələr vəd edir.
Qeyd edək ki, uşaqlarınızı təkcə yay tətillərində deyil, bütün tədris ili boyu dərnəklərə yönləndirmək onların inkişafı üçün olduqca vacibdir. Burada uşaqlar yalnız yeni bacarıqlar qazanmır, həm də pis vərdişlərdən uzaq durur, sağlam və sosial cəhətdən aktiv bir mühitdə formalaşırlar.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər