NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Yay aylarında avtomobilimizin təhlükəsizliyini necə təmin edək?

...

Yaxud təhlükəsiz hesab olunan əşyaların yaratdığı fəsadlar  

Temperaturun yüksək olduğu bu günlərdə diqqət edilməsi vacib olan amillərdən biri də avtomobillərin sazlığı və isti hava səbəbindən bu nəqliyyat vasitələrində yarana biləcək problemlərlə bağlıdır. Həmçinin avtomobil içərisində saxlanılan təhlükəsiz hesab edilən müəyyən gündəlik əşyalar da isti havanın təsirindən ciddi fəsadlar doğura bilər. Məsələyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar  Nazirliyinin  Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin  baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov münasibət bildirdi. Müsahibimin sözlərinə görə, yay aylarında avtomobillərdə elektrik sistemi problemləri, yanacaq sızıntıları, təkər və əyləc sistemində qızma, mühərrikdə yağ sızıntısı, elektron avadanlıqların partlaması, avtomobildə yanıcı maddələrin saxlanılması və avtomobilin uzun müddət günəş altında park edilməsi kimi səbəblərdən yanğın hadisələri baş verə bilir.

O həmçinin qeyd etdi ki, isti havalarda avtomobilin içərisində, xüsusilə də şitin üzərində bəzi əşyaları saxlamaq çox təhlükəli və zərərli ola bilər. Yay aylarında avtomobilin salonundakı temperatur günəş altında çox qısa müddətdə 60-80°C-yə qədər yüksələ bilir ki, bu da bəzi əşyaların əriməsinə, partlamasına və nəticədə, yanğına səbəb olmasına gətirib çıxarır.

Məsələn, aerosol və sprey qabları, deodorant, təraş köpüyü, avtomobil spreyi kimi məhsullar, böyüdücü eynəklər, linzalar, batareyalar, poverbanklar, mobil telefonlar, elektron cihazlar, çaxmaq (alışqan), yandırıcı mayelər və sairin şitin üzərində və günəş işığı düşən hissələrdə saxlanılması yanğınların əsas başvermə səbəbləridir. Belə halda  partlayış və yanğın riski çox yüksəkdir.

Müsahibim bu kimi halların baş verməməsi üçün avtomobilləri uzun müddət günəş altında park etməkdən və adları qeyd olunan əşyaları avtomobillərdə saxlamaqdan çəkinməli, belə əşyaların avtomobilin qapalı bölmələrində saxlanılmalı olduğunu vurğulayaraq sadalanan qaydalara riayət etməyin vacibliyini bildirdi. Turan Şahhüseynov onu da diqqətimizə çatdırdı ki, elektrik sistemi, yanacaq xətləri və avtomobilin soyutma sistemi servisdə mütəmadi yoxlanılmalı, təkərlər, əyləc diskləri və yağı vaxtında dəyişilməlidir.

Bu barədə əhali ilə mütəmadi olaraq idarə, müəssisə və təşkilatlarda, eləcə də kənd yaşayış məntəqələrində keçirilən maarifləndirici tədbirlər zamanı geniş  məlumat verildiyini bildirən müsahibim insanları bu məsələ ilə bağlı diqqətli olmağa dəvət edir.

Unutmayaq ki, təhlükəsizliyimiz hər şeydən önəmlidir və bunu təmin etmək öz əlimizdədir.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 20.07.2025 15:45