Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bir aydan artıqdır ki, məktəblilər yay tətilindədirlər. Bəs onlar yayın kifayət qədər isti keçən günlərində necə istirahət edirlər? Düzdür, Naxçıvan şəhərində məktəblilərin üz tutduqları bir neçə məktəbdənkənar müəssisə var, parklarımız da az deyil. Bəs parklardakı vəziyyət necədir? Yeniyetmə və gəncləri bu ünvanlar qane edirmi? Bu və ya bu kimi suallara cavab tapmaq üçün Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinə üz tutduq. Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin direktoru İlham Rüstəmli ilə həmsöhbət olduq:
– Naxçıvan şəhərində neçə uşaq parkı salınıb və fəaliyyətləri necədir?
– Şəhərimiz son illərdə xeyli gözəlləşib, yeni tikililər istifadəyə verilib. Bu sırada parkları da qeyd etmək lazımdır. Həmin ünvanlarda uşaqların əylənməsi üçünhərtərəfli şərait yaradılıb. Məsələn, Heydər Əliyev Muzeyinin, Milli Dram Teatrın qarşısında,digər ünvanlarda su fontanlarının işləməsi uşaqların əyləncəli vaxt keçirəcəyi bir məkana çevrilib. “Əyləncə adası”,Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Zəfər parkı, Sahil parkı və başqa sadalamadığımız məkanlarımız var ki, uşaqlarımız, böyüklərimiz asudə vaxtlarını həmin ünvanlarda keçirməyə üstünlük verirlər. İstirahət guşələrinin bəzilərində ictimai iaşə xidmətinin təşkili həmin ünvanlara axını daha da gücləndirir.
–Parkların təhlükəsizliyi necə tənzimlənir?
– Bu vacib məsələ də diqqətdə saxlanılıb. Öncə onu deyim ki, Naxçıvanda uşaq parklarına nəzarət, əsasən, şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsi və Yaşıllaşdırma İdarəsinin səlahiyyətindədir. Yeni salınanparkların layihələndirilməsivə təhlükəsizlik standartlarına uyğunluğu bu qurumların məsuliyyətinə daxildir.Bəzi parklarda, tədbirlərdə uşaqların çox olduğu yerlərdə təhlükəsizliyi təmin edən qurumlarımızın əməkdaşları, səhiyyə, polis orqanları və Yaşıllaşdırma İdarəsi oraya nəzarət edir. Bu məkanlara üz tutan valideyn və uşaqlarla maarifləndirici söhbətlər diqqət mərkəzində saxlanılır. Məqsəd uşaqların yay tətili günlərini yaddaqalan etmək və onları növbəti dərs ilinə yüksək ovqatla hazırlamaqdır.
– Uşaqlar bizim gələcəyimizdir və sabahımız da onları necə yetişdirməyimizdən asılıdır...
– Ölkəmizdə bu, ən çox diqqətdə saxlanılan məsələlərdən biridir və bunu muxtar respublikamızın timsalında da görə bilərik. Biz Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsi olaraq nəinki uşaqlarda, hətta böyüklərdə elə həvəs yaradırıq ki, suvarmada, ağac əkmədə, ümumiyyətlə,yaşıllaşdırma tədbirlərindəfəallıq göstərsinlər. Hər bir ağaca lazımınca qulluq etsinlər. Çünki hər bir ağac yaşıllıq və təmiz havadır. Ona görə də yaşıllıqların qorunmasına diqqətlə yanaşmaq lazımdır.
Bu da bir reallıqdır ki, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların ekran qarşısında keçirdiyi vaxt günbəgün artır. Halbuki bir ağacın kölgəsində oturmaq, torpağa əllə toxunmaq, quş səsini eşitmək uşağın ruhuna toxunan təbiət dərsləridir. Valideyn, cəmiyyət olaraq gəlin, uşaqlarımızı yenidən təbiətlə tanış edək. Onları parkda oynamağa, ağac əkib sulamağa,bir çiçəyi müşahidə etməyə təşviq edək. Bu sadə görünən anlar onların həyatında böyük izlər buraxa bilər. Və onlar da bu gün bizim öyrətdiklərimizi gələcəkdə uşaqlara çatdırarlar.
Günay HACIYEVA
Digər xəbərlər