NAXÇIVAN :

23 May 2025, Cümə

Yaşıl dünyanın himayədarları – gənc ekoloqlar

...

Təbiət insana nəfəs, ruha dinclik, bədənə güc bəxş edən əvəzsiz sərvətdir. Hər dağı, daşı, qayası bizə doğma olan Naxçıvan təbiəti də ilin hər fəslində özünəməxsus füsunkar gözəlliyə bürünür. Ruhumuzu oxşayan bu gözəlliklərin hər biri insan qəlbində yeni arzular doğurur. Bu əvəzsiz sərvəti qorunmaq isə, sadəcə, bir vəzifə deyil, həm də bir vicdan işidir. Günümüzdə iqlim dəyişiklikləri, meşələrin məhv edilməsi, çayların və dənizlərin çirklənməsi kimi ekoloji problemlər dünyanın gələcəyi üçün ciddi təhlükə yaradır. Ölkəmizdə təbiətin mühafizəsi ümumxalq işinə çevrilib. Muxtar respublikamızda təbiətin zənginləşdirilməsinə, qorunmasına böyük önəm verilir. Qeyd olunmalıdır ki, ətraf mühiti qorumaq üçün, ilk növbədə, maariflənmək və başqalarını da maarifləndirmək vacibdir. İllərdir ki, bu istiqamətdə görülən işlər davamlı xarakter almaqla öz bəhrələrini verir. Onu da vurğulamağa ehtiyac duyuram ki, təbiətimizin qorunmasında yeniyetmə və gənc ekoloqlar da yaxından iştirak edirlər.

Naxçıvanda keçirilən ağac əkmə, təmizlik aksiyalarında, Şəhidlər bağının salınmasında, “SuVar!” aksiyasında fəal iştirak edən yaşıl dünyanın himayədarları olan gənc ekoloqlarla həmsöhbət olduq. Gənclərdən Röya Məmmədova bildirdi ki, ekokönüllülər ailəsinin fəal üzvlərindən biri kimi bu ailədə olmaqdan böyük qürur və sevinc hissi duyuram. Biz gənclər bu sahədə yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüskar və maarifləndirici rolu olan bir qüvvəyə çevrilmişik. Ekokönüllülər olaraq bu günə qədər müxtəlif ekoloji tədbirlərdə iştirak etmişik.

Müsahibimiz qeyd etdi ki, bu tədbirlərin hər birində biz işimizi sevə-sevə, ürəkdən və böyük motivasiya ilə yerinə yetirmişik. Könüllü fəaliyyətimiz, sadəcə, fiziki əməl deyil, həm də içimizdəki təbiət sevgisinin, məsuliyyət hissinin və gələcək nəsillərə sağlam mühit ötürmək istəyimizin təzahürüdür. Hər bir ağac əkərkən, hər bir tullantını toplayarkən biz gələcək üçün çalışdığımızı dərk edirik.

O əlavə etdi: “Qazandığımız təcrübə, yeni biliklər və komanda ruhu bizə təkcə ekologiya ilə bağlı deyil, ümumi ictimai fəallıq baxımından digər bacarıqlara da nail olmağa imkan yaradıb”.       

Ekoloji könüllü Rəhman Həsənov da söhbətimizə qoşularaq bildirdi ki, ekologiya və ətraf mühitin qorunması sahəsinə olan marağım məni könüllü fəaliyyətlərə qoşulmağa təşviq edib. Naxçıvanda fəaliyyət göstərən bütün könüllülük fəaliyyətlərində aktiv iştirak etmişəm və bu, həyatımın vacib bir parçasına çevrilib. Bu tədbirlərə ağacəkmə aksiyaları, “Tullantını tingə dəyiş”, “Tullantını ekoçantaya dəyiş” kimi maarifləndirici və praktiki aksiyalar daxildir. Təkcə iştirakla kifayətlənməmişəm, eyni zamanda bir çox tədbirlərdə təşkilatçılıq işlərini görmüş, video və foto çəkilişlərini həyata keçirmiş, montaj proseslərində də aktiv olmuşam. Ən çox yaddaqalan və mənə xüsusi təəssüratlar yaşadan tədbirlərdən biri isə Batabatda təşkil olunan düşərgə oldu. Bu düşərgə “GoCamp” layihəsinin növbəti mərhələsi kimi Naxçıvanda keçirilmişdi və burada iştirak etmək mənim üçün həm öyrədici, həm də ilhamverici təcrübə olub.

Rəhman deyir ki, könüllülük fəaliyyətləri mənə təkcə ekoloji biliklər qazandırmayıb, həm də şəxsi inkişafımda mühüm rol oynayıb. Fotoaparatla işləmə bacarığım daha da təkmilləşib, yeni insanlarla tanış olmaq və komanda ilə işləmək bacarığım artıb. Debat təcrübəm isə auditoriya qarşısında sərbəst və inamla danışmaq bacarığımı formalaşdırıb.

Ekologiya təkcə ağac əkməkdən və təmizlik aksiyalarından ibarət deyil. Bu bizim həyat tərzimiz, düşüncə tərzimizdir. Təbiətlə harmoniyada yaşamaq, təbiətin bizə verdiyi nemətləri qorumaq hər birimizin borcudur. Gənclər bunu dərk etməlidirlər – biz gələcəyik, bizim əməllərimiz gələcəyin ətraf mühitini müəyyən edəcək. Ona görə də hər bir gənc təbiəti sevməli, onun qorunmasında fəal iştirak etməlidir. Sadəcə, könüllü olmaq kifayət deyil, ekodüşüncə ilə yaşamaq lazımdır – plastikdən tutmuş enerjiyə, tullantıların idarə olunmasından su sərfiyyatına qədər. İnanıram ki, hər bir gənc öz nümunəsi ilə başqalarına yol göstərə bilər və beləliklə, cəmiyyətin ekoloji şüuru yüksələr.

Gəlinən nəticə budur ki, belə gənclər Azərbaycanın təkcə bu günü üçün deyil, sabahı üçün də çalışırlar. Onların zəhməti sayəsində biz daha sağlam, daha yaşıl və daha sabit bir gələcəyə doğru irəliləyirik. Onlar təkcə təbiəti deyil, gələcəyimizi də qoruyur. Unutmayaq ki, təbiət bizim bir parçamızdır. Onu qorumaq, əslində, özümüzü qorumaq deməkdir.

Bülbül QULİYEVA

Nəşr edilib : 23.05.2025 14:18