Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Payız sükutla gəlir… Onun gəlişi nə yaz kimi hay-küylü, nə də yay kimi coşğuludur. O bir qədər utancaq, bir qədər də təmkinli addımlarla həyət-bacanı, küçələri dolaşır. Sarı yarpaqlar havada uzun-uzadı fırlanıb torpağa qovuşarkən insanın içində qəribə bir nisgil oyadır. Elə bil, hər yarpaq bir ömür hekayəsini, hər külək də bir xatirəni pıçıldayır.
Elə günəş də payızda başqa cür doğur. Nə çox istidir, nə də soyuq, sadəcə, işığı ilə insanı qucaqlayır. Bu işıq sanki qızılı rəngə boyanmış bütün yarpaqlardan süzülür, küçələri bəzəyir. Payızda günəş də, ay da, ulduzlar da düşüncəyə dalır. Onlar da təbiətlə birgə susur.
Payız rənglərin fəslidir. Rəssam təbiət əlini elə bil, ən gözəl boyalara uzadır: sarı, narıncı, qırmızı… Ağacların üzərindəki hər bir yarpaq təbiətin kətanına vurulmuş fırça izidir. Bu rənglər insanın qəlbinə də sirayət edir. Hər kəs payızda bir az daha çox düşüncəyə dalır, bir az daha çox kövrəlir.
Küləyin gətirdiyi yarpaq xışıltısı, yağışın damlardan süzülən damcıları bir musiqi kimidir. Amma o musiqini də yalnız dinləməyi bacaranlar eşidə bilir. Hər damcı həyatın ötəriliyindən danışır, hər külək insana zamanın sürətini xatırladır. Payızın sükutu da danışır, əslində. Bu sükutun özündə gizli bir fəlsəfə, gizli bir hekayə var.
Bu fəsildə insan ruhu daha həssas olur. Təbiətin dəyişən siması insanın iç dünyasına da toxunur. Yazda sevinən, yayda coşan ürəklər payızda kövrəlir. Hər kəs içində gizlətdiyi xatirələri xatırlayır. Uşaqlıqda məktəb yolunda gələrkən bilərəkdən əzdiyimiz xışıldayan yarpaqlar, nənəmizin bişirdiyi təndir çörəklərinin, qovurduğu əriştələrin qoxusu… Hamısı bir-bir göz önünə gəlir.
Payız bir az da tənhalıq fəslidir. Yağışlı havada pəncərə önündə oturub damcıların rəqsini izləmək, kənarda əsən küləyi dinləmək insanı özünə qapadır. Ancaq bu tənhalıq kədər gətirmir, əksinə, ruhu saflaşdırır. Elə bu fəsil insana öyrədir tənhalığın bir məktəb, susmağın bir hikmət olduğunu.
Bizim kəndlərdə payız tamam başqa ovqatla qarşılanır. Kəndli üçün bu fəsil zəhmətin bəhrəsini toplamaq zamanıdır, əslində. Artıq bağlarda üzümlər yığılır, narların ən qırmızıları səbətlərə düzülür, ağacdan qoz-fındıqlar çırpılaraq yığılır. Təzə qoyulmuş turşunun qoxusu bütün həyəti bürüyür. Bu fəslin kənddə öz ahəngi, öz rəngi, öz bərəkəti var.
Hər düşən yarpaq bir ötən günü xatırladır. Hər əsən külək bir ayrılığın səsini gətirir. Ancaq hər bir son, eyni zamanda yeni bir başlanğıcdır. Payız öyrədir ki, heç nə əbədi deyil, amma hər bitişdən sonra yeni başlanğıc var.
Bu fəslin fəlsəfəsi insana səbir və ümid verir. Təbiət necə ki yazda yenidən oyanır, insan da hər qaranlıqdan sonra işığı tapır. Payız da sanki insanı düşünməyə çağırır: “Zəhmətin bəhrəsini aldınmı? Ümidlərini qoruya bildinmi? Yeni başlanğıca hazırsanmı?”
Payız insana həm tənhalığı sevdirməyi, həm də xatirələri yaşatmağı öyrədir. Hər küçə, hər ağac, hər damcı insanla danışır.
Bu fəsil təbiətin qəlbindən süzülən məktubdur. Yarpaqlar kağız, küləklər isə sətirləri. O məktub bizə deyir ki, yarpaqlar torpağa qovuşanda, torpaq yeni həyatın toxumlarını cücərdir. Bəlkə də, payızın ən gözəl dərsi budur, yarpaqlar torpağa düşəndə ölümü yox, sabah doğulacaq yazı pıçıldayır.
Elnurə CƏFƏROVA
Foto: Zülfüqar QURBANLI
Digər xəbərlər