Azərbaycan XİN: Avropa Şurası komissarının qərəzli...
17:14 29.04.2025
0
0
0
NAXÇIVAN :
29 Aprel 2025, Çərşənbə axşamı
İnsanlıq üçün həyati əhəmiyyət daşıyan resurslardan biri olan su bu gün bəşəriyyətin qarşısında duran ən ciddi problem – qlobal su qıtlığı ilə təhlükə altındadır. Birləşmiş Millətlər Təşkilatının açıqladığı məlumatlara görə, hazırda dünyada 2,2 milyarddan artıq insan içməli su problemi ilə qarşı-qarşıyadır. Verilən açıqlamalar və alimlərin proqnozları onu göstərir ki, 2030-cu ilə qədər suya tələbat təklifdən 40 faiz artıq olacaq və bu da ciddi mənada su qıtlığı ilə nəticələnəcək. Bu böhran ciddi qida çatışmazlığı, epidemiyalar və bir çox yoluxucu xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər.
Qlobal su qıtlığı probleminin bir çox başlıca səbəbləri vardır. İqlim dəyişikliyi, sənayeləşmə, əhali artımı və insanlar tərəfindən suyun düzgün istifadə edilməməsi və sair kimi amilləri buna misal göstərmək olar. Belə ki, qlobal istiləşmələr və yağıntıların az olması səbəbindən quraqlıq dövrünün uzanması və təbii su ehtiyatlarının azalması ilə nəticələnir. Bununla yanaşı, sürətli şəkildə artan dünya əhalisi ilə müqayisədə təbii su ehtiyatları artmadığı üçün tələbatla təminat arasında ciddi uçurumlar yaranmış olur. Digər bir tərəfdən, sənayeləşmə də təbii su ehtiyatlarına öz təsirini göstərir. Sənaye tullantıları su resurslarının keyfiyyətini ciddi şəkildə aşağı salır. Eyni zamanda kənd təsərrüfatında suvarma üçün istifadə olunan sular təbii su sərfiyyatının 70 faizə qədərini təşkil edir. Bu da ciddi rəqəmdir. İnsanların suyun tükənməz olduğu düşüncəsinə qapılması və israfçılığa yol vermələri də su qıtlığını kəskinləşdirən əsas amillərdəndir.
Qlobal su böhranı insanlıq üçün hərtərəfli təhlükə yaradır. Su qıtlığı təbiətin münbitliyinə və bununla yanaşı, sosial-iqtisadi sabitliyə də ciddi təsir göstərir. Quraqlıq və su çatışmazlığı nəticəsində kənd təsərrüfatında məhsuldarlıq azalır və bu da, öz növbəsində, məhsullarda qiymət artımına gətirib çıxarır. Bu, su qıtlığına dair verə biləcəyimiz ən sadə misallardan biridir.
Başımıza gələ biləcək fəlakətlərin qarşısını almaq üçün bu məsələyə qarşı həm fərdi, həm də qlobal şəkildə mübarizə aparmalıyıq. Bu istiqamətdə görülə biləcək ən sadə metod isə qənaətdir. Məsələn, gündəlik həyatımızda məişətdə sudan istifadə zamanı israfçılığa nə üçün yol veririk? Əgər cəmiyyətin hər bir fərdi bu məsələyə özlüyündə ciddi yanaşarsa müəyyən nailiyyətlər əldə etmək mümkün olar. Unutmayaq ki, qlobal su böhranı gələcəyin deyil, bu günün problemidir. Bu məsələyə dair ictimai və texnologiya sahəsində də bir çox işlər görmək olar. Hər nə qədər iqlim dəyişikliyi ilə əlaqədar yağıntılar az olsa da, buna baxmayaraq, yağan yağış sularının düzgün şəkildə dəyərləndirilməsi bu sahədə atılacaq mühüm addımlardan biridir. Eyni zamanda kənd təsərrüfatında daha məqsədəuyğun suvarma sistemlərinin istifadəsi suya qənaət baxımından yerində bir addım ola bilər. Bununla yanaşı, bu mövzuda maarifləndirmə işlərinin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi, bütün təhsil müəssisələrində bu məsələyə dair seminarların təşkili və bir sıra könüllülük layihələrinin müsbət təsiri danılmazdır.
Günümüzdə su qıtlığı artıq yalnız ekoloji yox, eyni zamanda strateji və sosial təhlükədir. Bunun qarşısını almaq üçün isə fərdi və kollektiv şəkildə məsuliyyətli olmaq, “Su varsa, həyat var” prinsipini rəhbər tutaraq suya qarşı qənaətcil davranmaq lazımdır.
Cavanşir BAĞIRLI
Digər xəbərlər