Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Biz heç vaxt o günləri unutmayacağıq
Həmin qanlı gecəyə kimi çox adamın tanımadığı kiçik, sakit, gözəl bir şəhər idi Xocalı. Soyuq bir fevral gecəsi elə bir faciə baş verdi ki, bir anda bütün Yer kürəsinin damarında axan qan dondu. O gecə xocalılıların ürəklərinə nəinki 30 il, hətta əsrlər keçsə belə, sönməyən od vuruldu. Həmin gündən sonra ana harayı ucaldı Vətənimizin hər yerində. Düz 28 il biz o ananın harayını dinlədik. Xəyalları yarım qalan gənc qızların, adsız məzarda uyuyan nişanənin, taleyinə itkinlik yazılan insanlarımızın harayını eşitdik. Qoca dünyadan ədalət gözlədik 28 il. Amma biz yanılmışdıq, düşmənə sülh əlimizi uzatsaq da, o bu əli qanlı caynağı ilə sıxıb yenidən ağrıtdı, yenidən yaraladı. Yaramız qaysaq qoymağa macal tapmamış yenidən qanadıldı. Və həmin gün – 27 sentyabr günü Azərbaycan Ordusunun səbir kasası daşdı. Soyuq bir payız gecəsi Azərbaycan əsgərinin qəlbinin Vətən sevgisindən doğan nuru ilə işıqlandı. Və biz dövlət-xalq-ordu birləşərək qələbə qazandıq. Həmin gün Xocalı sakinlərinin qanayan yarası az da olsa, sağaldı. 2023-cü ilin sentyabrında isə illərdir, üzü gülməyən xocalıların üzündə təbəssüm yaratdı Azərbaycan əsgəri. Həmin gün azadlığa qovuşan Xocalıda illərdir, narahat dolaşan ruhlar da şad oldu. “Xocalı azaddır” deyiləndə ürəkdən bir ah çəkdi bütün Azərbaycan. Xocalıların qisası qiyamətə qalmadı. İgid oğullarımız qiyamətə saxlamadı bu qisası. Biz artıq Xocalıya qayıdırıq. Soyuq bir qış gecəsində qarın üzərində düşən qan izləri ilə çıxarıldığımız Xocalıya əbədi bahar qayıtdı...
Xocalıya həyat qayıtdı...
İlk köç öz yurduna, bir vaxtlar ahımızın göylərə qalxdığı bu torpağa, qəlbi ağrıdan buzlaşmış Xocalıya çatanda bu yurda əbədi bahar qayıtdı. İnsanların isti nəfəsi qayıtdı. Artıq Ballıcada, Xanyurdunda, Təzəbinədə, Xocalı şəhərində yaşayan sakinlər azad Xocalıda yaşamağın qüruru ilə ömür sürür. Ölkə başçısının Xocalıya hər səfəri və sakinlərlə görüşməsi yaddaşlara həkk olunur. Hər kəsə diktə edir ki, biz bu torpaqların əbədi sahibiyik. İnsanların öz yurduna qayıtması rayon ərazisində insanların məşğulluğunun təmin edilməsi üçün görülən işlər yeni-yeni layihələrin həyata keçirilməsi böyük qayıdışı sürətləndirməklə yanaşı, insanların dövlətinə inamını artırır. Yaxın günlərdə, Xocalı Şəhəri Günü ərəfəsində bölgəyə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb. Həmin səmimi görüşdə dövlət başçısı deyib: “Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən, 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu”.
Rayonun Şuşakənd kəndinə səfər edən dövlət başçısı kəndin bugünkü vəziyyəti ilə tanış oldu, kəndə köçmüş Zaur Rzayevin evində olub, ailə üzvləri ilə söhbət edib. Qeyd edək ki, indiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb. Şuşakənddə, ümumilikdə, 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.
Badara kəndini də ziyarət edən dövlət başçısına məlumat verilib ki, kəndin ərazisində, ümumilikdə, 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub. Bildirək ki, bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən, 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək. Daşbulaq kəndində də olan ölkə başçısına məlumat verilib ki, bu kənddə 195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.
Seyidbəyli kəndini də ziyarət edən ölkə başçısına məlumat verilib ki, kənddə sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb. Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kənddə 9 ailə (31 nəfər) köçüb.
Bir neçə il Xocalı sakinlərinin bir qisminin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində onlarla birlikdə yaşamaq qismət olub mənə. Şəhər üçün son damla qanına kimi döyüşən polis zabiti Əli, həyat yoldaşını rayonun müdafiəsində itirən Alimə xala, həmin qarlı gecədə atası şəhid olan, cəmi 7 yaşı olsa da, qarlı yollarda dözüm göstərib ayaqyalın Ağdama çatan kiçik qız Aliyə, hər dəfə Xocalı deyəndə gözləri dolan Sumayə nənə. Xocalının dəhşətini görüb yaşayan insanlardan bir neçəsi. Onlar bu ağır dərdlə bərabər, yurd, torpaq dərdi yaşasalar da, yenə dözdülər səbir və inamla. Bu gün xalqımıza qürurunu qaytaran ordumuza və Ali Baş Komandanımıza minnətdardılar. Bu gün şəhidlərin də ruhu şaddır. Çünki onların azad etdiyi torpaqlara həyat qayıdır. 33 il əvvəl Xocalıdan ayaqyalın, soyuq, şaxtalı bir qış gecəsi ağlaya-ağlaya çıxan körpə qız uşağı Xocalıya alitəhsilli bir xanım kimi qayıdıb. Qalib xalqın qalib gələcəyinə Xocalı rayonunda, öz doğma məktəbində dərs deyir. Vaxtilə Xocalının müdafiəsində yaralanan polis əməkdaşı Əli Rəcəbovun xocalılı olub Xocalısız doğulub, böyüyən oğlu Rəşad Xocalıda polis əməkdaşı kimi dövlətimizi qoruyur. Alimə ana isə ömrü bitmədən ona torpağını qaytaran, şəhid həyat yoldaşının, ata, anasının məzarını düşmən tapdağından azad edən ordumuza dualar edir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər