Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Beynəlxalq ictimaiyyət Azərbaycanı regionun diplomatik mərkəzlərindən biri kimi görür
2013-cü ildən başlayaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumu qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır. Forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.
Dünyanın bir çox yerində baş verən gərgin siyasi hadisələrə baxmayaraq, Qlobal Bakı Forumunda, təxminən, 400 iştirakçının bir araya gətirilməsi çox əhəmiyyətlidir. Bu, yüksək koordinasiya və dəqiqlik tələb edir. Nəzərə alsaq ki, Azərbaycan münaqişə zonalarına çox yaxın məsafədə yerləşir, müxtəlif ölkə nümayəndələrinin Bakıda keçirilən bu forumda iştirak etmək üçün Azərbaycana səfər etməsi həm də dövlətimizə olan inamdan və yüksək etimaddan xəbər verir.
Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmizdə olan siyasi-ictimai sabitlik, uğurlu xarici siyasət, sosial rifah, iqtisadi inkişaf səviyyəsi beynəlxalq ictimaiyyətin diqqətini bura yönəldir. Bütün bunlar isə Azərbaycanın nüfuzunu getdikcə artırıb, ölkəmiz qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib.
Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Bu tədbirin uğurla təşkil olunması, dialoq və müzakirə üçün platforma yaradılması isə çoxtərəfli əməkdaşlığa sadiqliyin nümayişidir. Bu forum da həmişəki kimi olduqca aktual bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemin dəyişikliklər keçirdiyi bir dövrə təsadüf edir. Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib, dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini diqqətə çatdırıb. Dövlət başçısı öz çıxışında dövlətimizin apardığı sülh siyasətindən danışıb.
Qeyd etmək yerinə düşər ki, Vətən savaşı qələbə ilə başa çatdıqdan, üçtərəfli Bəyanatın imzalanmasından sonra bütün dünya Cənubi Qafqazda yeni eranın başlanması üçün əsaslı bir zəmin yarandığına şahid oldu. Regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını şərtləndirən üçtərəfli Bəyanat Cənubi Qafqazda bu zamanadək heç vaxt mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin artıq reallaşdırılmasına doğru atılmış əhəmiyyətli bir addım kimi qiymətləndirildi. 2020-ci ildən bu günə kimi dövlət başçısının bu sahədə gördüyü işlər bir daha sübut etdi ki, biz sülh tərəfdarıyıq və bu, kağız üzərində qalmır. Bunu hər iki dövlətin vətəndaşları da hiss edir. Bunu ötən il baş tutan bir çox görüşlərdə də gördük. Onlardan ən vacibi isə Vaşinqton görüşü oldu. Bir neçə aydır ki, Ermənistanla sərhəddə susan silahlar, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində Ordubad stansiyasında eşidilən inşaat maşınlarının səsi bunun əyani sübutudur. Sülhə hazırlıq prosesində Azərbaycan tərəfi humanistlik nümayiş etdirərək Ermənistana Azərbaycan vasitəsilə yüklərin daşınmasına imkan yaratmaqla yanaşı, həm də Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlanılıb. Bir sözlə, biz artıq iki dövlətin arasında sülhü hiss edirik.
Məlumdur ki, iki dövlət arasında yaranacaq sülh təkcə bölgənin deyil, dünyanın böyük bir hissəsinin də nizamını dəyişəcək. Ermənistanla imzalanacaq sülh müqaviləsindən sonra Orta Dəhlizin həmin dövlətin ərazisindən keçən hissəsi dəhlizin əhatə dairəsinin genişlənməsinə səbəb olacaq, Ermənistanın müstəqillik tarixində ilklər yaşanacaq: “Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu bizim üçün, yəni ümumilikdə, hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq”. Hazırda həm Orta Dəhlizə, həm də Şimal-Cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik”.
1994-cü ildən başlayan və uğurla davam edən düzgün neft-qaz siyasəti bu gün də uğurla davam edir və Azərbaycan bu sahədəki irəliləyişləri ilə böyük bir coğrafiyada strateji əhəmiyyətini təsdiqləyib. Bu gün boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir. Belə ki, 16 ölkəyə qaz ixrac edən Azərbaycan bu gün bu sahədə söz sahibinə çevrilib. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvü olan dövlətlərdir və düzgün davam edən siyasət nəticəsində ixracın həcmi artırılır. Dövlət başçısı öz çıxışında bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amil olduğunu vurğulayıb və beynəlxalq bazarlara etibarlı neft təchizatçısı kimi Azərbaycanın enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcəyini bildirib, dünyada baş verən son hadisələrə görə neft və qazın qiymətlərindəki artıma toxunub.
Əminik ki, bu günə kimi keçirilən və hər biri dünyanı narahat edən vacib məsələlərin həllinə yönəlmiş, bir çox dövlət nümayəndələri üçün mühüm məsələlərin müzakirəsi platformasına çevrilən digər Qlobal Bakı forumları kimi, bu il təşkil olunan XIII Qlobal Bakı Forumu da beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, sülhə təşviqə, ortaq həll yollarının müəyyənləşdirilməsinə mühüm töhfələr verəcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər