Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Vətən təkcə üzərində yaşadığımız torpaq deyil, o, insanın harada olmasından asılı olmayaraq, qəlbində daşıdığı dəyərdir. Bu gün minlərlə həmyerlimiz müxtəlif səbəblərdən xarici ölkələrdə yaşayır, çalışır, təhsil alır. Lakin məsafələr onların Vətənə olan sevgisini azalda bilmir. Əksinə, Vətəndən uzaqda olduqca bu bağlılıq daha da möhkəmlənir. Onlar yaşadıqları ölkələrdə Azərbaycanı tanıdır, milli-mənəvi dəyərlərimizi təbliğ edir, imkanları daxilində doğma yurda xidmət göstərirlər. Onlardan biri – əslən naxçıvanlı olan Hafiz Baxşəliyev Azərbaycanda yaşadığı müddətdə idmançı kimi fəaliyyət göstərərək dünya çempionu və Avropa çempionu adına layiq görülüb. 2009-cu ildə Britaniyaya köçdükdən sonra da idmandan ayrılmayaraq peşəkar karyerasını uğurla davam etdirib. O deyir: “Vətəndən uzaqda yaşadığım müddətdə də digər nüfuzlu beynəlxalq titulları qazanmaq mənə nəsib olub. Xaricdə təşkil etdiyimiz yarışlarda Azərbaycan idmançılarının iştirakına hər zaman xüsusi önəm verir, onların beynəlxalq arenada tanınması və uğur qazanması üçün dəstək göstərməyə çalışıram. Həmişə bayrağımız mavi səmalarda dalğalananda qürur hissi keçirirəm. Mənim üçün Vətən, bayraq, millət anlayışlarının adlarının çəkilməsi böyük məna daşıyır. Harada yaşamağımdan, yarışlarda iştirak etməyimdən asılı olmayaraq, milli maraqlarımız mənim üçün böyük önəm daşıyıb və bu gün də elədir. Sevinirəm ki, bütün nailiyyətlərimdə milliyyətim azərbaycanlı olaraq yazılır”. Müsahibimiz qeyd edir ki, 2020-ci ildən etibarən Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəridir. Assosiasiya olaraq əsas məqsədi oradakı həmvətənlərimizi bir araya gətirmək, milli dəyərlərimizi yaşatmaq və Azərbaycanın səsini Britaniyada daha güclü eşitdirməkdir: “Bu illər ərzində Zəfər Günü, Həmrəylik Günü, anım tədbirləri, mədəni və ictimai görüşlər təşkil etmişik, lazım olan hallarda dövlət qurumlarına müraciətlər ünvanlamış, aksiyalar keçirmişik. Bu gün xaricdə yaşasam da, Azərbaycanda gedən prosesləri böyük qürurla izləyirəm. Ölkəmizin son illərdə qazandığı uğurlar, xüsusilə zəfərdən sonra formalaşan yeni reallıqlar hər bir azərbaycanlı kimi, məni də sonsuz dərəcədə qürurlandırır”. Doğulub boya-başa çatdığı Naxçıvan haqqında danışan müsahibim bildirir ki, doğma yurd yerinin havası üçün darıxır: “O havanı ciyərlərinə çəkəndə insan sanki yenidən güc tapır. Orada olanda dostlarımla, sinif yoldaşlarımla görüşmək mənim üçün böyük xoşbəxtlikdir”, – deyə vurğulayır.
Başqa ölkədə yaşamasına baxmayaraq, Azərbaycanı layiqincə təmsil etməyi həm böyük məsuliyyət, həm də qürur mənbəyi hesab etdiyini söyləyən Hafiz Baxşəliyev qeyd edir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx və səmərəli əlaqələri mövcuddur.
Biz də həmyerlimiz Hafiz Baxşəliyevə Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etmək yolunda uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər