Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşü...
18:56 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Azərbaycanın növbəti diplomatik uğurudur
Dərin tarixi köklərə malik olan Azərbaycan diplomatiyası əsrlərboyu təkmilləşdirilərək dövlətçiliyimizin, tarixi-coğrafiyamızın və milli kimliyimizin qorunub saxlanmasına xidmət vermişdir. Bu gün Azərbaycanın regional və qlobal səviyyədə söz sahibinə çevrilməsi siyasi diplomatiya, iqtisadi diplomatiya, hərbi diplomatiya, enerji diplomatiyası, mədəni-humanitar diplomatiya kimi prioritet istiqamətlərdə əldə edilən uğurların məcmusudur.
2025-ci il iyulun 3-4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə dünya Azərbaycanın məhz bu multilateral diplomatiyasının daha bir uğuruna şahid oldu. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra, demək olar ki, hər il bu qədim Azərbaycan torpağının – Qarabağın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin siyasi, iqtisadi, həmçinin mədəni platformalarda qazandığı nailiyyətlərin göstəricisi olmaqla bərabər, dünyaya verilən sülh və humanizm mesajıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışında vurğuladığı kimi: “İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik... Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk”. Ölkəmizin yeritdiyi daxili və xarici siyasəti, azad olunmuş torpaqlarımızda aparılan mədəni-quruculuq işlərini, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dəstəyinin nəticəsi olan bu Zirvə görüşü, eyni zamanda Azərbaycanın uğurla həyata keçirdiyi siyasi, iqtisadi, hərbi, mədəni və enerji diplomatiyasının təcəssümü kimi mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq platformalarda keçirilən tədbirlərin məhz işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsi Azərbaycanın siyasi diplomatiya sahəsində qazandığı nailiyyətlərin göstəricilərindəndir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və həmçinin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün keçirilməsi artıq beynəlxalq miqyasda Azərbaycanın sülh və təhlükəsizliyin etibarlı məkanı kimi qəbul edildiyini təsdiq edir. Bunun başlıca səbəblərindən biri də Azərbaycanın siyasi diplomatiyasının tarixi bağlarını qoruması və yeni sağlam təməllərin atılması üzərində qurulması olmuşdur. Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə İslam əməkdaşlığı ölkələri ilə tarixi bağları, eləcə də qonşu dövlətlərlə və digər dünya dövlətləri ilə BMT çərçivəsində münasibətləri balanslaşdırılmış siyasət üzərində qurması, xüsusilə çoxqütblü siyasət beynəlxalq nüfuzun qazanılmasını təmin etmişdir. Bu sahədə Qoşulmama Hərəkatına üzv olan ölkələrlə münasibətləri ayrıca qeyd etmək lazımdır. 2019-2022-ci illərdə bu təşkilata Azərbaycanın uğurlu rəhbərliyi həmin ölkələrlə diplomatik münasibətləri daha da möhkəmləndirmişdir.
Zirvə görüşünün keçirildiyi məkan Azərbaycanın hərbi diplomatiyasının keçdiyi inkişaf yolu, qət etdiyi xronoloji məsafə və əldə etdiyi uğurun səviyyəsini əyani şəkildə nümayiş etdirir. Bu səviyyənin qazanılmasında güclü ordu ilə bərabər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sağlam hərbi əməkdaşlıqlar, xüsusilə 1994-cü il mayın 4-də Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinin imzalanması mühüm rol oynamış, Azərbaycanın beynəlxalq hərbi-siyasi mövqeyinin gücləndirilməsinə stimul vermişdir. Dünyanın qırxa yaxın xarici dövləti ilə hərbi əməkdaşlıq sahəsində hüquqi bazaya malik olan Azərbaycan Respublikası torpaqlarını işğaldan azad edərkən də beynəlxalq hərbi normalara hörmətlə yanaşaraq düşmənə layiqli cavabını məhz döyüş meydanında vermişdir. Bu qələbənin memarı olan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndi Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi: “2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu”.
İyul ayının 3-4-də Qarabağda baş tutan görüşlə Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda, 2025-ci ildə isə azad Xankəndidə bu təşkilatın 17-ci Zirvə görüşünə ev sahibliyi etmək Azərbaycanın iqtisadi diplomatiya sahəsində də qazandığı nüfuz və etimadın bariz nümunəsidir. Bu etimadın nəticəsidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından olmaqla, strateji əhəmiyyətli enerji diplomatiyasını formalaşdırmışdır. Ölkə Prezidentinin çıxışında ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlərin davam etdirildiyi xüsusi olaraq vurğulanmışdır. Bu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, həmçinin TAP, TANAP kimi fundamental enerji layihələrinin beynəlxalq arenada dəyərinin artmasının, dolayısı ilə Azərbaycanın uğurlu enerji siyasətinin göstəricisidir.
İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılması Azərbaycanın mədəniyyət sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrin perpektivindən xəbər verir. Zirvə görüşünün Qarabağda, Xankəndidə keçirilməsinin xüsusi mənası olduğunu vurğulayan ölkə Prezidenti işğal dövründə Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin yer üzündən silinməsinə, qəbiristanlıqların dağıdılmasına diqqət çəkərək erməni vandalizminin mədəni dəyərlərə vəhşi münasibətini göstərmişdir. Azərbaycan öz tarixi torpaqlarını azad etməsindən sonra buradakı abidələrin bərpa və konservasiyasına başlanılmışdır. Bərpa edilən tarixi-memarlıq abidələri, açılan təhsil və mədəni maarif müəssisələri, həmçinin keçirilən beynəlxalq və respublika səviyyəli mədəniyyət tədbirləri Qarabağa yeni həyat verməklə yanaşı, Azərbaycanın mədəni diplomatiyasının uğurlarını təcəssüm etdirir.
Xankəndi Zirvə görüşü yuxarıda qeyd edilən siyasi, iqtisadi, hərbi, mədəni sahələrdə əldə edilən uğurların beynəlxalq ictimaiyyətə çatdırılmasında olan əhəmiyyəti baxımından Azərbaycanın növbəti diplomatik uğuru və milli diplomatiyamızın 106-cı ildönümünə ən yaxşı töhfədir.
Bir əsrdən artıq zaman kontekstində milli diplomatiyamızın qazandığı bu nailiyyətlər asan başa gəlməmiş, uzun və mürəkkəb mərhələlərdən keçmişdir. Məqsədyönlü inkişaf strategiyası, çoxtərəfli dilomatik münasibətlərin həyata keçirilməsində xüsusi rolu olan diplomatik orqanların xidmətləri yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, Şərqdə ilk müstəqil demokratik respublikanın yaradılmasında, bu gün regional və qlobal miqyasda nüfuza sahib olan müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev tərəfindən hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır. Milli diplomatiyamızın 106-cı ilində bu çətin və məsuliyyətli peşə sahiblərini təbrik edir, Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi, milli-mənəvi maraqlarının qorunması yolunda uğurlar arzulayırıq.
Zeynəb QULİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi
Digər xəbərlər