NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir

...

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyib: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Xalqımızın böyük oğlu, Ümummilli Lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan  Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Sovet hakimiyyətinin ən çətin illərində 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley mərasimində  dahi rəhbər Heydər Əliyev heç nədən çəkinməyərək həmin dövrün mövcud qayda-qanunlarını, özündən əvvəlki “çoxillik ənənələri” sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış edərək cəsarətli addım atdı. Həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu Öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi.

Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi  Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Ulu Öndər 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında dilimizin adı ilə bağlı keçirilən ümumrespublika yığıncağında həmin tarixi hadisəni yada salaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və uğurlu dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda milli ana dilinin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri yerinə yetirildi. Bütün bunların nəticəsi olaraq 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi respublika Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə olan sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı ölkəmizdə dilçiliyin daha da inkişafı üçün geniş imkanlar açdı, dilçi alimlərə qol-qanad verdi, elmi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Yenə həmin dövrdə Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan uğurlu dil siyasəti daha bir bəhrəsini verdi.

Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi, sözün həqiqi mənasında, dövlət dili statusu qazandı. Dünyada az ölkələr var ki, dilin qorunması ilə bağlı sərəncam və fərmanlar imzalanır. Azərbaycan, bu mənada, istisnadır. Bu da onu göstərir ki, Prezident İlham Əliyev təkcə qalib dövlətin deyil, həm də Ulu Öndərin milli dilimizlə bağlı arzularını da yerinə yetirən, dilimizin  keşiyində dayanan bir liderdir. Ümummilli Lider Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu Öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən ölkə rəhbərinin ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə bağlı keçirilən ümumi yığıncaqda (9 noyabr 2015-ci il) söylədiyi əhatəli və dərin məzmunlu nitqində xalqımızın ən böyük milli-mənəvi sərvəti olan Azərbaycan dilinin saflığının qorunması məsələsini xüsusi olaraq vurğulamışdır.

Unutmayaq ki, dilin qoruyucusu və daşıyıcısı xalqdır. Buna görə də ana dilinin saflığının keşiyində durmaq, ədəbi dilin norma və qaydalarını gözləmək hamımızın borcudur. Xarici dil öyrənmək, əlbəttə ki, vacib və önəmli məsələdir. Amma dilimizin saflığını qorumaq şərti ilə. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, gündəlik həyatımızda, məişətdə, hətta bəzən radio və televiziya kanallarında, digər kütləvi informasiya vasitələrində əcnəbi sözlərin, xüsusilə də rus dilindən alınmaların yerli-yersiz işlədilməsinin şahidi oluruq. İnsanlar bəzən bunu yüksək mədəniyyət belə adlandırmaqdan çəkinmir. Başqa dildə danışmağı elitlik sayanlar da az deyil. Məhz elə buna görə dövlət başçısı Azərbaycan dilinin saflığının qorunmasını hər bir Azərbaycanlının vətəndaşlıq borcu sayır. Alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanların  bu məsələyə çox böyük diqqət vermələrini məsləhət görür. Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı çıxışında dövlət başçısı deyib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb”.

Ötən illər  ərzində bu sahədə  lazımi tədbirlər görülərək Azərbaycan dilinin lüğət tərkibi yad kəlmələrdən  qorunub. Amma hamımız yaxşı bilirik ki, internet əsrində yaşayırıq və bəzi beynəlxalq terminlərdən yan keçmək mümkün deyil. Müasirləşən dünyada ölkələr kimi dillər də bir çox təsirlərə məruz qalır. Bu, mədəni inteqrasiyanın təbii göstəricisidir. Dövlət başçısının isə tapşırıqları və tövsiyəsi budur ki,  əgər hər hansı bir sözün Azərbaycan dilində qarşılığı varsa, onu başqa dildən almağa ehtiyac yoxdur. Azərbaycan xalqının qədim dövrlərdə ərəb və fars əlifbasından, 70 illik sovetlər dönəmində isə kiril əlifbasından istifadə etməyi dilimizə də həmin dillərdən bir çox sözlərin gəlməsinə səbəb olub. İnsanlar məişətdə, şair və yazıçılar isə əsərlərində gəlmə sözlərdən istifadə etmək zərurəti duyub. Lakin müstəqillik qazandığımız illərdən başlayaraq xalqımız öz milli dəyərinə tamamilə qayıdıb. Azərbaycan dilinin qorunması və inkişafı hər birimizin vətəndaşlıq borcuna çevrilib. Sovet dövründə dilimizə çoxlu yad sözlər daxil olub. Amma indi bu axının qarşısını almaq, dilimizi saflaşdırmaq və zənginləşdirmək bizim əlimizdədir. Dövlət başçısının da dediyi kimi, bu gün  dünyada yaşayan 50 milyondan çox soydaşımızın gözü Azərbaycandadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev bu dövlətin bütün sahələrdə inkişafına və tərəqqisinə çalışmaqla bərabər milli mənəvi sərvətimiz olan dilimizin  də qorunmasında müstəsna xidmətlər göstərib.

Bu gün Azərbaycanın hər yerində – Şuşada, Laçında, Xocalıda  ana dilində yazılan  lövhələri görür, öz doğma evində öz doğma dilində danışan insanları qürurla  izləyirik. Bu gün qalib Azərbaycan dövləti həm də gördüyü və imzası olduğu hər işə nida qoymaq qüdrətindədir.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 20.02.2026 23:59