Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ölkəmiz müstəqillik qazandıqdan sonra həyata keçirilən islahatlar, mühüm təşəbbüslər dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsinə xidmət edib. Bir ölkənin müstəqilliyinin taleyi də məhz dövlətin idarəçilik sistemindən çox asılıdır. Bu baxımdan, 26 sentyabr 2016-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə, ölkədə yaradılan Birinci vitse-prezidentlik institutu da dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardandır. 2017-ci il 21 fevral tarixdə dövlət başçısının imzaladığı Sərəncama əsasən ölkəmizin ictimai-siyasi, mədəni həyatında öz sözünü demiş, daima xalqının yanında olan Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Bu gün Mehriban xanım Əliyevanın müasir Azərbaycan tarixinin mühüm hadisəsi olan bu təsisata rəhbərliyinin doqquz ili tamam olur. Peşəkar idarəetmə bacarığı, humanizm, ədalət, milli irsə bağlılıq kimi dəyərlərə daim sadiq olan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə adıçəkilən institut yarandığı gündən etibarən funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir. Fəaliyyəti müddətində Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyinin artırılmasında mühüm rola malik olub.
Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır
Mehriban xanım Əliyeva yeni təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək gözlənilən etimadı doğrultmuş, yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənmişdi. Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi mötəbər tədbirlərdir. Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyətini də yaxşı xatırlayırıq. Mehriban xanım Əliyevanın dövlət xadimi və ictimai xadim kimi təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafında, milli-mənəvi dəyərlərin, mədəni irsin qorunmasında, ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsində xidmətləri danılmazdır.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini isə xüsusilə qeyd etmək lazımdır. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən fond ötən 22 il ərzində Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsində, zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılmasında əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması da, bilavasitə, fondun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Mehriban xanım Əliyevanın nəcib əməl və humanist prinsipləri əsasında fəaliyyət göstərən fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına, uşaq müəssisələrinin infrastrukturunun inkişafına, ekoloji tədqiqatların dəstəklənməsinə, sağlam həyat tərzinin təbliğinə, elmi və mədəni konfransların, sərgilərin təşkilinə, dini tolerantlığın möhkəmlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna və qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirir.
Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır
Dövlətinə, Vətəninə sıx tellərlə bağlı olan, Azərbaycan qadınının illərlə formalaşmış mərdlik, dəyanət, sədaqət kimi ülvi obrazını şərəflə fəaliyyətində təcəssüm etdirən Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun gücləndirilməsində, sivilizasiyalararası körpülərin qurulmasında xidmətləri danılmazdır. Birinci xanımın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban xanım Əliyevanın özünün də qeyd etdiyi kimi ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır: “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Gələcəyə qayğı
Böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını daim diqqətdə saxlayan Mehriban xanım uşaqların da sevimlisidir. Gələcəyimiz olan uşaqlara həssaslıqla yanaşan birinci xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları rəğbətlə qarşılanır.
Ölkədə idman hərəkatının davamlılığının təmin edilməsində Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sırasında gimnastika üzrə qazanılan uğurları xüsusilə qeyd etmək lazımdır. Bu günlərdə Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağında Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib.
Azad və abad torpaq naminə
Birinci vitse-prezidentin dövlətçilik naminə gördüyü işlərin, həyata keçirdiyi layihələrin miqyası genişdir. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub-yaratmaq həvəsi Qarabağ torpağının çiçəklənməsində də özünü göstərir. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”, – deyən Mehriban xanım Əliyeva Prezident İlham Əliyevlə birgə Qarabağ və Şərqi Zəngəzura səfər edir, sakinlərlə görüşür, onların sevincinə şərik olur, qayğıları ilə maraqlanır və “Böyük Qayıdış” proqramına öz əməli fəaliyyəti ilə layiqli töhfələr verir.
Vəfa, sədaqət, ucalıq, xeyirxahlıq, qayğıkeşlik mücəssəməsi olan Mehriban xanım Əliyeva Azərbaycan qadınının əsl simasını dünyaya nümayiş etdirir, fəaliyyətini əzm və inamla davam etdirir. Xalqının sağlam və xoşbəxt gələcəyi naminə çalışan Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənc və gələcək nəsillər üçün vətənpərvərliyin və insansevərliyin ən ali nümunəsidir.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər