NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Xalq teatrı uğurlarını artırır

...

Dahi dramaturq Şekspir deyirdi: “Teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir”. İncəsənətin rəğbət qazanan ən maraqlı növlərindən biri sayılan teatr sənəti qədim zamanlardan mövcud olub, ölkəmizdə bu sənətin kökləri, əsasən, xalqın şənlik və toy ənənələri ilə bağlılıq təşkil edib. Bu isə sonrakı dövrlərdə professional teatrın inkişafında mühüm rol oynayıb, 1873-cü ilin mart və aprel aylarında nümayiş etdirilən Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” və “Hekayəti mərdi-xəsis” tamaşaları ilə Azərbaycan teatrının əsası qoyulub. Naxçıvanda isə bu tarix 1883-cü ilə təsadüf edir. Belə ki 1882-ci ildə maarifpərvər ziyalı Eynəli bəy Sultanovun təşəbbüsü ilə əsas üzvləri müəllimlərdən ibarət “Müsəlman şiə dram incəsənəti cəmiyyəti” və “Ziyalı məclisi” təşkil olunub. 1883-cü il mayın 11-də Hacı Nəcəf Zeynalovun “Zaviyə” məhəlləsindəki evində M.F.Axundovun “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah cadükuni məşhur” komediyası oynanılıb.

Günümüzdə Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan şəhər, Şərur, Ordubad, Babək və Şahbuz rayon Xalq teatrları fəaliyyət göstərir.

Biz də fəaliyyəti dövründə bir sıra uğurlara imza atmış Rza Təhmasib adına  Şərur Rayon Xalq Teatrına üz tutduq və  Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında  oynanılan tamaşanın məşq prosesini izlədikdən sonra teatrın yaranma və inkişaf tarixi, yeni tamaşa haqqında məlumat əldə etmək üçün teatrın rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti, 2021-ci ildə Prezident mükafatına layiq görülən Nemət Sultanovla həmsöhbət olduq. O bildirdi ki, Şərurda əvvəlcə dram dərnəyi yaradılıb, sonra dərnək teatra çevrilib, Malik Muxtarın “Zəngulənin zəngləri” və Qəni Hüseynovun “Nicat” tamaşalarından  sonra, 1981-ci ildə teatr “xalq teatrı” statusu alıb.

Hazırda teatrda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva, mədəni maarif müəssisələrinin işçiləri və həvəskar aktyorlar fəaliyyət göstərirlər.

Burada 25-dən çox tamaşanın səhnəyə qoyulduğunu söyləyən müsahibim dedi ki, bu tamaşalar içərisində dramaturgiyamızın əsasını qoyan M.F.Axundovun,  həmçinin S.S.Axundovun,  Nəcəf bəy Vəzirovun, rus klassiki A.S.Puşkinin əsərləri səhnələşdirilib. 2008 və 2019-cu illərdə  Bakı şəhərində keçirilən Xalq teatrlarının I və II baxış müsabiqələrində Şərur Rayon Xalq Teatrı   “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah cadükuni məşhur” və “Motsart və Salyeri” tamaşaları ilə çıxış edərək ikinci yerə layiq görülüb.

Öyrəndik ki, Nemət Sultanov böyük türk yazıçısı və dramaturqu Əziz Nesinin “Öldür məni, canciyər”, Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” iki pərdəli komediyalarının quruluşunu verib. Nəsimi Məmmədzadə ilə  birlikdə “Ac həriflər”  və  “Tamahkar”ı  yeri quruluşda bərpa ediblər.

Müsahibim deyir ki, Şərur Rayon Xalq Teatrı Naxçıvan teatrına çoxlu töhfələr verib. Ən uğurlu tamaşalarımızdan biri “Varlı qadın” tamaşası olub. Teatrın 35 illiyində adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən “Toy” tamaşası da teatrsevərlər tərəfindən razılıqla qarşılanıb.

Aprel  ayının 25-də  Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında  İbrahim Sadiqovun “Molla Nəsrəddinin beş arvadı” komediyası tamaşaçılar tərəfindən alqışlarla  qarşılanıb, böyük rəğbət görüb.

Ümid edirik ki, Şərur Rayon Xalq Teatrı öz fəaliyyətini daha da inkişaf etdirərək yeni-yeni uğurlara imza atacaq.

 Türkanə ƏSƏDOVA

Nəşr edilib : 28.04.2025 15:29