Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu mənim Naxçıvanın “dəmir qapı” Dərbəndinə, qeyrət qalasına ilk gəlişim deyil. Yenə də Sədərəyi üç tərəfdən dövrəyə alan vüqarlı dağlara baxıram. Bu dağlar vüqarını Vətən oğullarının bu torpağa hopan qanından, sevgisindən alır deyə düşünürəm. Bir zamanlar barıt qoxusu gələn bu torpaqlardan indi gül-çiçək ətri gəlir.
Həmin illərdə bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaradırdı. Belə vəziyyət Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdanadək davam etdi. Ulu Tanrı bu diyara dözüm, qətiyyət, səbir verdi, Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın dahi oğlunu xilaskar kimi göndərdi. Dahi rəhbərin Naxçıvanda olması camaatı yurd-yuvalarından didərgin düşməyə qoymadı. Sakinlər güllə yağışı altında qalsa da, evini tərk etmədi; düşmən önündə dayandı, yurdlarını qorudular. Dahi rəhbərin Naxçıvana gəlişi yurdumuzu işğal təhlükəsindən qorudu, qədim diyarda möhtəşəm dəyişikliklərin, sözün həqiqi mənasında, intibahın əsası qoyuldu.
Azərbaycanın döyünən ürəyi Naxçıvanın alınmaz qalası Sədərək də dahi rəhbərin siyasətindən pay alıb gözəlləşib düşmənə gözdağı olub, dosta qürur yaşadır. Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündən də, Naxçıvanda Ali Məclisin Sədri olduğu dövrdə də, Azərbaycan Prezidenti seçiləndən sonrakı illərdə də diyarımızda görülən işləri yaxından izləyir və müxtəliftipli müəssisələrin açılış mərasimlərində iştirak etmək üçün muxtar respublikanın rayonlarına səfər edirdi. Onun cəbhə bölgəsi olan Sədərək kəndinə göstərdiyi qayğı və diqqət bugünkü Sədərəyin mövcudluğuna stimul olub. Məhz Sədərək rayonunun yaranması və inkişafı da Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlamış, 1990-1993-cü illərdə Sədərək işğaldan qorunmuşdur. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin etmiş, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənmiş, məskunlaşma artmışdır.
Ötən illərə nəzər yetirəndə görürük ki, 1969-cu ildə ölkə rəhbəri olan Ulu Öndərin 1978-ci il oktyabrın 15-də 2-ci dəfə Naxçıvana səfəri zamanı Sədərəkdə əhali ilə görüşü olur. O, kənd ağsaqqallarına, ziyalılara Sədərək üçün gələcəkdə görüləcək işlər barədə, xüsusilə sərhəddə salınacaq nümunəvi yaşayış qəsəbəsindən söhbətlər edir. Elə oradaca əlaqədar rəsmi şəxslərə Naxçıvan-İrəvan magistralının üstündə salınacaq bu qəsəbənin layihəsinin hazırlanması barədə tövsiyə və tapşırıqlarını verir. Beləliklə, sərhəddəki boş ərazidə görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə Baltikyanı layihəsi əsasında nümunəvi bir qəsəbə salınır və Sədərəkdəki yüzə yaxın ailə həmin qəsəbəyə köçürülür. Ən əsası isə düşmənə gözdağı olan bu qəsəbənin salınması ilə sərhəd bir qədər də möhkəmlənir… 1980-ci il may ayının 19-da yenə İrəvandan keçərək avtomobillə Naxçıvana gələn dahi rəhbər Sədərəyin bir çox əkin sahələrində olub, əməkçilərlə və kənd ağsaqqallarının nümayəndələri ilə görüşüb, bir çox yeni layihələri müzakirə edib. Rayondakı böyük şərabçılıq zavodu da məhz Ulu Öndərin göstərişi ilə yaradılıb, üzüm plantasiyaları salınıb.
Məlum siyasi hadisələrdən sonra 1990-cı il iyul ayının 22-də Naxçıvana qayıdan Ulu Öndər qızğın döyüşlərin getdiyi bir vaxtda – iyulun 28-də Sədərək kəndinə gəlir. Dəhnədə çadırlarda yaşamağa məcbur olan qadın və körpələrlə, səngərdəki oğullarla görüşən dahi rəhbərin buraya gəlməyi çadırlarda məskunlaşan Sədərək sakinlərinə də, səngərdə döyüşən oğullara da ruh yüksəkliyi verir.
Elə həmin ilin 28 avqustunda Sədərək rayonunun yaradılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı qəbul edilir. Daim sədərəklilərin yanında olan dahi rəhbər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən cəmi iki ay sonra imzaladığı “Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli Qərarı da birbaşa böyük şəxsiyyətin Sədərək rayonuna qayğı və diqqətinin təzahürü idi. Sədərəkdə döyüşlərin ən şiddətli vaxtlarında belə bu kəndə dəfələrlə gələrək yerli sakinlər və döyüşçülərlə görüşən dahi insan həmin ağır günlərdə Sədərəyin müdafiəsində yaralananların taleyi ilə də maraqlanır, ağır yaralıların qardaş Türkiyənin müxtəlif şəhər xəstəxanalarına göndərilməsi üçün danışıqlar aparır. 1992-ci il mayın 28-i tarixdə əlamətdar hadisə baş verir. Həmin gün Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsünün açılışı olur. “Ümid” körpüsü ümidləri gerçəyə çevirir. Ulu Öndərin təşəbbüsü ilə körpü hazır olan kimi bu keçid vasitəsilə Naxçıvana xarici media nümayəndələri dəvət olunur. Həmin illərdə Naxçıvan həm mərkəzi hökumət tərəfindən gözdən iraq edilmiş, həm də informasiya blokadasına salınmışdı. Ulu Öndərin səyləri nəticəsində Sədərəyə gələn media nümayəndələri buradan reportajlar hazırlayaraq erməni vəhşiliyini dünya ictimaiyyətinə təqdim edir. Həmin çətin günlərdə dahi rəhbərin burada olması yurdumuzu işğal təhlükəsindən qorumaqla yanaşı, bu diyarı yox olmaq təhlükəsindən də azad etdi.
Dahi rəhbər Heydər Əliyev ölkə başçısı seçiləndən sonrakı vaxtlarda da qədim yurdumuzun hər bir bölgəsi kimi, Sədərək rayonunun inkişafını xüsusi diqqətdə saxlayıb. 2002-ci ilin avqustun 14-də Heydərabad qəsəbəsində rayon sakinləri ilə görüşdə Ulu Öndərin dediyi bu sözlər “Mən 1990-cı ildə Naxçıvana gələndə yaşayış məntəqələrinə ilk gedişim Sədərək rayonuna oldu. Yəqin ki, onu da xatırlayırsınız. Mən Naxçıvandan gələndən 3-4 gün sonra Sədərəyə gəldim. Nə üçün Sədərəyə? Çünki bu bizim həm ucqar yaşayış məntəqəmizdir, rayonumuzdur, həm də ki, insanlar burada ermənilərin hücumundan, onların atəşlərindən çox əziyyət çəkmişdilər… Mən bir neçə gün idi ki, Naxçıvana gəlmişdim. İlk çıxışımı Sədərəkdə etdim. Məhz buna görə, sədərəklilərin qəhrəmanlıqlarına görə, Azərbaycan torpağının bu ucqar yerində, sərhədində möhkəm dayandıqlarına görə və göstərdiyi şücaətə görə mən buraya gəldim” hələ də yaddaşlardadır.
Vətənimizin alınmazlıq simvolu olan Sədərək rayonu Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə bu gün inkişafının ən yüksək mərhələsindədir. Onun yadigarı olan Heydərabad qəsəbəsi gözəlliyi ilə göz oxşayır. Sədərəyin düşmən qarşısında əyilməzliyi, dik duruşu, düşmənə gözdağı oluşu dahi rəhbərindən ona miras olaraq qalıb. Vətənimizin döyünən ürəyi Naxçıvanın şah damarı olan Sədərəyi dövrəyə alan uca dağların başında dalğalanan bayrağa keşik çəkən, dağlara vüqar, Vətənə qürur verən oğullarımızın rəşadəti sayəsində hələ çox illər sonra da Sədərək qürurla yaddaşlarda qalacaq. Böyük Zəfərdən pay alacaq, Sədərək Böyük Turana qapı olacaq. Türkdilli xalqları bir-birinə birləşdirən körpüyə çevriləcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər