Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Vətən sevgisi, humanizm, Azərbaycançılıq
Tarixə nəzər salanda görürük ki, qədim dünyanın müəyyən dövrlərində şöhrəti elləri aşan türk hökmdarları ilə yanaşı, onların xanımları da ölkənin idarə edilməsində iştirak ediblər. Hətta öz ərləri ilə bir olub zireh geyinib, döyüşlərə də gediblər. Fateh dövlət başçıları ömürlərinin çoxunu xarici səfərlərdə, ağır hərbi yürüşlərdə keçirəndə vətəni, dövləti qorumaq kişi qeyrətli qadınlara tapşırılıb. Atların yəhərdən çıxarıldığı, qılıncların qınına salındığı sülh dövründə də hökmdarların xanımları öz vəzifələrini davam etdiriblər. Onlar xalqın dərdinə yanıb, xeyirxahlıq əlini hər zaman xalqa uzadıblar. Bu gün xeyriyyəçilik və humanitar fəaliyyət yeni qiyafədə davam etdirilir. Bu xalq tarixin bütün dövrlərində mərd oğulların anaları, həyat yoldaşları ilə daim qürur duyub. O da həmin mərd, mətanətli xanımlardandır. Böyüdüyü və gəlini olduğu ailələrin gözəl xüsusiyyətlərini öz əməllərində birləşdirən Mehriban xanım.
“Bizim Mehriban”, – deyir Azərbaycan xalqı bu gözəl xanıma. Xalqı ilə bir gülüb, bir ağlayan, hər kəsin qeydinə qalan qızıl insana. Onu Ali Baş Komandan ilə birlikdə sərhəd bölgəsində görənlər bu mərd xanımı daha da yaxından tanımağa başladılar. Döyüş bölgəsinə gəlməklə xalqın sevgisini qazandı. Qolunu itirmiş qazinin əli, gözünün nurunu Vətənə qurban verən zabitin gözünə nur oldu Mehriban Əliyevanın qayğısı. Gözüyaşlı şəhid anasının yanında dayanıb onun göz yaşını silib, şəhid balasını qucaqlayıb bağrına basdı. Düşmən gülləsinə tuş gəlib, yarı canını Vətənə qurban edən oğulları xəstə yatağında ziyarət edib, onlara güc verdi. Bacı oldu, ana oldu sağlamlığını Vətənə fəda edənlərə. Şəhidlərin ailələrini ziyarət edib onlara güc verdi. Onun qayğıkeş əlini həmişə çiynində hiss etdi şəhid balası.
Ali Baş Komandanla bərabər yuxusuz gecələr keçirib ona dayaq oldu. Qələbəyə sevinib torpaq üçün canından keçən oğullara qürur göz yaşı tökdü. İşğaldan azad edilmiş ərazilərə hərbi formada qədəm qoyub şəhid oğulların ruhunu şad etdi. Ordumuzun qəhrəman oğullarına dəstək olub onları qələbəyə ruhlandırdı. Azərbaycan qadınının əsalətini, dönməzliyini, qəhrəmanlığını sübut etdi.
Qayğıkeş əllər qəlblərdə işıqlı sabaha inam yaradıb
Dövlətimiz hər zaman şəhid ailələrini qayğı ilə əhatə edib. Bu diqqət və qayğının bariz nümunəsini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva göstərir. Onun xidmətlərinin sevinci yüzlərlə şəhid ailəsinin ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, onlara həyat eşqi verib, qəlblərdə işıqlı sabaha inam yaradıb.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Mehriban xanım Əliyeva hər zaman Vətən uğrunda canından keçən igidlərin ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşmasını, onların sosial problemlərinin həllinə diqqət göstərməsini və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini özünün vətəndaşlıq borcu hesab edib.
Əlbəttə ki, hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. Birinci vitse-prezidentin uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu milyonların sevimlisinə çevirib və bu əməllər Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu növbəti dəfə nümayiş etdirir.
Şəhid yadigarlarının ən böyük himayədarı olan xanım
Vətənimiz 44 günlük müharibədə igid oğulların qəhrəmanlığına şahid oldu. Onlar üzünü görmədiyi balalarını Vətənə əmanət edib, Azərbaycan xalqının gələcəyi olan uşaqlara bütöv bir Vətən yadigar qoydular. Kimi qundaqda balasını, kimi dünyaya hələ gəlməyən, kimisi isə məktəbə, universitetə qədəm atması arzusu ilə yaşadığı övladını əmanət etdi bu Vətənə. İlk sözü ata olan körpələr ata əvəzinə soyuq məzar daşı qucaqlayanda Azərbaycan xalqı minnət duydu həmin körpələrə. Onların ən böyük himayədarı isə gözəl ana, qayğıkeş nənə Mehriban xanım oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə şəhid övladları qayğı ilə əhatə edildi. Onlar üçün müxtəlif layihələr əsasında tədbirlər təşkil edildi. Sağlamlıqları diqqətdə saxlanıldı. Qarşılaşdıqları bütün çətinliklər həll edildi. Təkcə “Mənim atam qəhrəmandır” layihəsindən Azərbaycanın müxtəlif bölgələrindən olan onlarla şəhid övladı yararlanır.
“Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”
Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara göstərdiyi qayğı genişmiqyaslıdır. Erməni işğalçıları ilə döyüşdə sağlamlığını itirmiş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Müharibə qazilərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır.
Heydər Əliyev Fondu “Döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini də həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.
Birinci vitse-prezident protezlərlə təmin olunan hərbçilərlə görüş zamanı vurğulamışdır ki, dövlət onların fəaliyyətini yüksək qiymətləndirir, belə mərd və cəsarətli oğulların olması ilə fəxr edir. Hərbçilərimizin apardığı mübarizə haqq mübarizəsidir. Onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti hər vaxt bu insanlara dəstək olacağını söyləmişdi: “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
O, sadəcə, dövlət başçısının xanımı deyil. O, qazilərin bacısı, şəhid oğulların anası, Vətəninə yorulmadan xidmət edən bir xanım, ürəyi vətən sevdalı bir azərbaycanlıdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sistemlərinin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq imicinin formalaşmasına qədər müxtəlif sahələrdə fəallıq göstərir. Onun bu çətin və uğurlu yolu davam etdirəcəyinə şübhə yoxdur. Bu fəaliyyətləri ilə o, insanlara kömək etməklə yanaşı, həm də yaxşı və nəcib nümunə göstərir.
Mehriban xanım Əliyevanın tükənməz enerjisinin haradan gəldiyinə cavab isə çox sadədir: Vətən sevgisi, humanizm, Azərbaycançılıq. Həyat yoldaşına sədaqət və dəstək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər