NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Vətən sevgisi və fəal vətəndaşlıq mövqeyi

...

Eyni yol, oxşar ictimai tale

Tarix öz səhifələrinə ər oğulları ilə bərabər, qəhrəman, döyüşçü və diplomat qadınlarının da adını fərəhlə yazıb. Azərbaycan qadınları öz cəngavər ərlərinin, qardaşlarının, atalarının yanında, arxasında hər zaman var olublar və bu missiya bu gün də davam edir. Türk hökmdarı Tomrisin, Ağqoyunlu dövlətinin diplomat qadını Sara xatunun, Atabəyin sadiq dostu, yoldaşı dövlət işlərində ən birinci sirdaşı Möminə xatunun, Şah İsmayılla birgə döyüşən Aləmşahbəyimin və neçə-neçə diplomat, döyüşçü Azərbaycan qadınının adını bu gün də fəxrlə çəkir və müasir dövrümüzdəki belə qadınlarla fəxr edirik. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da həm mərhəməti, həm siyasi ağlı, həm də vətənsevərliyi ilə adını Azərbaycan xalqının şərəf tarixinə yazanlardandır. Tanrının seçilmiş bəndələrindən, onu dünyaya gətirən qadından, anası  Aida İmanquliyevadan insanlığı, mərhəməti öyrənib, akademik Zərifə xanım Əliyevanın cəmiyyət, elmi-ictimai dərslərindən örnək alıb, bu gün onun insani nəciblik və mərhəmət ənənələrini davam etdirir. Necə deyərlər: “Gəlin ocağa gələr”. Eyni yol, oxşar ictimai tale və bu yolda irəliləyən əməllər... 

Prezidentin sirdaşı, qazilərin bacısı,qayğıkeş və nümunəvi insan

Aprel döyüşlərindən başlayaraq onu hərbi formada Ali Baş Komandanın yanında döyüş bölgəsində görəndə məğrur duruşu ilə fəxr etdik, evi düşmən mərmisinin zərbəsi ilə dağılan, yaxınlarını itirən insanların yanında gözyaşı tökərkən, sağlamlığını itirmiş qaziyə qardaşım deyib qayğı göstərərkən, işğaldan azad edilmiş məscidə ayaqyalın girərkən izlədik. Qolunu itirmiş qazinin əli, gözünün nurunu Vətənə qurban verən zabitin gözünə nur oldu Mehriban xanım Əliyevanın qayğısı. Gözü yaşlı şəhid anasının yanında dayanıb onun göz yaşını silib, şəhid balasını qucaqlayıb bağrına basdı. Düşmən gülləsinə tuş gəlib yarı canını Vətənə qurban edən oğulları xəstə yatağında ziyarət edib, onlara güc verdi. Bacı oldu, ana oldu sağlamlığını Vətənə fəda edənlərə. 44 günlük Vətən savaşında xalqın yuxusu ərşə çəkiləndə, igid oğullar gecə-gündüz haqq savaşı verəndə o da  Ali Baş Komandanla bərabər yuxusuz gecələr keçirib ona dayaq oldu. Qələbəyə sevinib, torpaq üçün canından keçən oğullara qürur gözyaşı tökdü. İşğaldan azad edilmiş ərazilərə hərbi formada qədəm qoyub şəhid oğulların ruhunu şad etdi. Ordumuzun qəhrəman oğullarına dəstək olub onları qələbəyə ruhlandırdı. Azərbaycan qadınının əsalətini, dönməzliyini, qəhrəmanlığını sübut etdi. Bəli, o həm sadiq həyat yoldaşı, Prezidentin sirdaşı, nəcib əməllər davamçısıdır, həm də məğrur duruşlu qadınların davamçısı.

Vətəni öz evi kimi görür

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır, səhiyyə, elm, mədəniyyət və təhsil sahələrində həyata keçirdiyi layihələri ilə dövlət siyasətinə dəstək göstərir. Birinci xanımın Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi misilsiz fəallığı və nüfuzu dünya səviyyəli, genişmiqyaslı bu idman hadisəsinin təşkilində böyük rol oynayıb. Bu, Avropa ideyasına güclü təkan və yeni Avrasiya meyarı verdi. Azərbaycanın müasir baxışlara malik birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır. Onun işi təkcə paytaxtda bitmir. İşğaldan azad edilən ərazilərdə tarixi abidələrin yenidən həyata qaytarılması işi ilə də yaxından maraqlanan birinci xanım Qarabağın dirçəldilməsinə də öz töhfəsini verir. Birinci xanım bu işlə bitib-tükənməyən enerjisi, Vətən sevgisi, vicdanlı Azərbaycan qadını, güclü və əqidəli bir insan kimi məşğul olur. Onun simasında gözəllik ilə xeyirxahlıq birləşərək vəhdətə çevrilir və  hər addımını sosial reallığı dəyişən yaradıcılığa döndərir. 

Bizim Mehriban xanım...

Bu gün azərbaycanlılar ölkənin birinci xanımını sevirlər. Çünki biz onun simasında istəklərimizlə maraqlanan, səmimi, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insan görürük. Azərbaycan Prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Onunla bərabər insanların qayğısına qalır. Biz hiss edirik ki, xeyirxahlıq və şəfqət onun daxilindən gəlir. Biz onu həm də Azərbaycan ədəbiyyatında, ictimai həyatında rolu olan gözəl bir ailənin qızı, Azərbaycanı yox olmaqdan xilas edən bir dahinin gəlini, Vətəni bütövləşdirən Müzəffər Ali Baş Komandanın həyat yoldaşı, evimizin, elimizin qızı kimi də qəbul edir və sevirik. Mehriban xanım Əliyevanın adı, şübhəsiz ki, bundan sonra da müasir dünyanın nüfuzlu qadınları sırasında olacaq. Çünki birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Avropada İslam-xristian dialoqunda böyük rol oynamağa başlayıb. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanda fondun təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoqlar təmir edilir. Dünyanın bir çox yerində xeyirxah missiya yerinə yetirən birinci xanım öz əməlləri ilə bu xalqın necə tolerant bir xalq olduğunu da dünyaya nümayiş etdirir. O, dövlət başçısı ilə birlikdə səfər etdiyi ölkələrdə  xalqı layiqincə təmsil edir, yeri gələndə savadı, dərin bilikləri, xanımlığı ilə, yeri gələndə isə diplomatik nəzakətlə, sakit formada, sərrast cavablarıyla dövləti təmsil edərək qədimdən qalan “Aslanın erkəyi, dişisi olmaz” deyimini yada salır. Bu gün biz cəsarətlə deyirik ki, birinci xanımın adı Azərbaycanın tarixində daim yaşayacaq.

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 21.02.2026 10:20