NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı

...

Vətən… Bu kəlmə hər bir insanın qəlbində fərqli şəkildə səslənir. Kimisi üçün bir ocaq, kimisi üçün doğma səs, kimisi üçün isə gözlərini açdığı torpaq. Amma bəziləri üçün Vətən, sadəcə, bir yurd deyil. Dağı ilə nəfəs alır, torpağı ilə birgə dirilir, çiçəyi ilə gülümsəyir. Mənim üçün də Vətən dağına, daşına vurğun olduğum bir ruhdur. Hər dəfə Naxçıvanın uca dağlarına baxanda düşünürəm: bu zirvələr min illərdir, susur, amma hər daşı ilə danışır. Hər qayası xalqımın inadkar iradəsini xatırladır. Bu torpağın hər parçası min bir nağıl danışır mənə – bəzisi şəhid qanı ilə yazılıb, bəzisi anaların gözyaşı ilə, bəzisi isə uşaqların gülüşü ilə. Uşaq ikən yalın ayaqla gəzdiyim bu yollar, nənəmin ovcunda   saxladığı torpaq, qışın soyuğunda bacalardan çıxan isti tüstü – bütün bunlar mənim Vətənim­dir. Mən bu torpağın təkcə sakini yox, həm də daşı, ağacı, çiçəyi olmaq istəyirəm. Onu tanımaq yox, yaşamaq, yaşatmaq istə­yirəm.
Vətənə vurğunluq təkcə torpaqla deyil, insanla yaşanır. Bu torpağın insanı da dağlar kimi möhkəmdir, çinar kimi başı dik. Vətənə vurğun insan onun gözəlliklərini qoruyar, tarixini yaşadar, gələcəyinə yol açar. Vətənpərvərlik təkcə sözlə yox, əməl ilə ölçülər. Zaman dəyişir. Texnologiya həyatımıza yön verir. Amma dəyişməyən bir duyğu var: torpaq sevgisi, yurd sevgisi... O sevgi ki insanı dünyanın harasında olsa belə doğma bir dağın havasına kövrəldər. Vətən uzaqda qaldıqda dağları darıxar, daşları həsrətə bürünər. Biz Vətənimizi sevməklə onu qoruyuruq. Bu sevgi bizə məsuliyyət verir – dilimizi yaşatmaq, adət-ənənələrimizi davam etdirmək, mədəni irsimizi gələcəyə ötürmək məsuliyyəti. Vətənin daşına biganə qalan, gələcəyinə də uzaq düşər. Bəzən bir kənd yolunun sakitliyi, dağların sükutu, bir bulağın səsi bizə Vətənin nə qədər canlı, nə qədər dərin olduğunu anlatmaq üçün kifayət edir. O səslər bizim tariximizin, taleyimizin, milli yaddaşımızın ritmini xatırladır.
Mən bu gün bu yazını yazarkən, sadəcə, sözləri bir araya gətirmirəm. Daşları dinləyirəm, dağlarla danışıram, torpağın nəfəsini eşidirəm. Bu torpaq bizimlə danışır. Yetər ki, biz onu eşidə bilək. Səni sevmək, sadəcə, hiss deyil, borcdur, Vətən. Və mən bu borcu könüllə daşıyıram, çünki dağına, daşına vurğunam, Vətən!

  Sən mənim qəlbimin ən dərin hissi
   Yanmayan çırağın sönməyən hisi,
  Hər dağın, hər daşın görünməz, sirli
  Mən sənin ruhuna vurğunam, Vətən.

  Küləyin əsəndə dolar köksümə,
  Ətirli bir qoxu sinər üstümə,
  Gözlərimdən kədər axar qəlbimə,
  Dağına, daşına vurğunam, Vətən.

Günay HACIYEVA

Nəşr edilib : 07.09.2025 17:00